Ermənistanda hakimiyyətin son vaxtlar sosial şəbəkələrdə yaydığı videolar ölkə daxilində siyasi müzakirələrə səbəb olub. Müxalifət nümayəndələri bunu hakimiyyətin gündəmi nəzarətdə saxlamaq cəhdi kimi qiymətləndirirlər.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından deputat Tiqran Abramyan baş nazir Nikol Paşinyan və onun komandasının son vaxtlar sosial şəbəkələrdə yayılan videoları ilə bağlı tənqidi fikirlər səsləndirib.
Deputat sosial şəbəkə hesabında yazıb ki, hakimiyyət öz siyasi gündəliyini qorumaq üçün müxtəlif üsullardan istifadə edir:
“Hökumət öz gündəliyini qorumaq üçün hər şeyə əl atacaq. Lazım gələrsə bir-birinə yemək tökəcək, bir-birini itələyəcək, hətta siyasi mənada bir-birinə “palçıq atacaq”. Amma fakt budur ki, hökumət utanc, istehza və bəzən də heyrət doğuran vəziyyətlərdə belə öz gündəliyini dişləri ilə qoruyur”.
Qeyd edək ki, son həftələr Ermənistanın baş naziri Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanın hakim “Vətəndaş Müqaviləsi” komandasının üzvləri ilə birlikdə ölkə üzrə avtobus səfərlərinə dair videolar sosial şəbəkələrdə yayımlanır. Həmin videolarda onların müxtəlif yerlərdə piroq, qarğıdalı, lavaş və digər yeməklər yeməsi də əks olunub və bu görüntülər Ermənistan mediasında geniş müzakirə edilir.
Musavat.com






