ABŞ daxilində son vaxtlar gedən diplomatik proseslər Vaşinqtonun Ukrayna məsələsində mövqeyini Avropa xəttinə daha da yaxınlaşdırdığını göstərir. Qərb düşərgəsində formalaşan yeni siyasi balans diqqət çəkir.
Musavat.com xəbər verir ki, The Guardian nəşrinin təhlilinə əsasən, senator Marko Rubionun artan təsiri fonunda ABŞ prezidenti Donald Trampa yaxın əsas fiqurlar — Cared Kuşner və Stiv Vitkoff artıq Avropanın yanaşmasına daha yaxın mövqedən çıxış etməyə başlayıblar.
Bu dəyişiklik nəticəsində ABŞ və Avropa İttifaqı Ukrayna məsələsində faktiki olaraq ortaq xətt formalaşdırır. Bu isə əvvəlki mərhələlərdə tez-tez gündəmə gətirilən, Kiyev üçün son dərəcə ağır şərtlər nəzərdə tutan “sürətli sülh” modelinin praktik olaraq gündəmdən çıxması anlamına gəlir. Nəşr bu prosesi Volodimir Zelenskinin komandasının mühüm diplomatik nailiyyəti kimi dəyərləndirir.
Mövzu ilə bağlı açıqlama verən Cared Kuşner bildirib ki, Qərbin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı əsas məsələlər üzrə razılaşma artıq əldə olunub.
“Kiyev üçün Qərbin təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, bütün məsələlər həll olunub, lakin bu, sülhün dərhal əldə ediləcəyi anlamına gəlmir”.
Böyük Britaniyanın baş naziri Kir Starmer isə mövcud vəziyyəti ehtiyatlı nikbinliklə şərh edib: “Biz sülhə indiyədək heç vaxt bu qədər yaxın olmamışıq”.
Qərb daxilində mövqelərin bu səviyyədə yaxınlaşması Ukraynanın danışıqlar masasında manevr imkanlarını xeyli genişləndirir. Bununla yanaşı, prosesin həlledici mərhələsinin hələ qarşıda olduğu və siyasi risklərin tam aradan qalxmadığı da vurğulanır.
Musavat.com






