ABŞ-də yerləşən Noble Capital RSD fondu Rusiya Federasiyasına qarşı yüz ildən artıq yaşı olan maliyyə öhdəliyi ilə bağlı iddia qaldırıb.
Musavat.com xəbər verir ki, söhbət 1916-cı ildə — Rusiya imperiyası dövründə buraxılmış təxminən 25 milyon dollarlıq istiqrazlardan gedir. İddiaçı tərəf hesab edir ki, faizlər və inflyasiya nəzərə alındıqda məbləğ artıq 225 milyard dollara yüksəlib və bu borc hüquqi baxımdan qüvvədə qalır.
Dondurulmuş aktivlərə iddia
Fond borcun Rusiyanın ABŞ və Qərb ölkələrində bloklanmış dövlət aktivləri hesabına ödənilməsini tələb edir. Bu isə Ukrayna müharibəsindən sonra dondurulan milyardlarla dollar vəsaitin taleyi ətrafında yeni hüquqi mübarizənin başlanması anlamına gələ bilər.
Məsələ xüsusilə Qərbdə saxlanılan Rusiya dövlət aktivlərinin hansı hüquqi mexanizmlərlə istifadə edilə biləcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırır.
Moskvanın mövqeyi
Rusiya tərəfi iddianı rədd edir və bildirir ki:
dövlət suveren immunitetə malikdir;
imperiya dövrünün maliyyə öhdəlikləri müasir Rusiya Federasiyasına şamil edilə bilməz;
SSRİ dağıldıqdan sonra əvvəlki rejimlərin borcları hüquqi qüvvə daşımır.
Musavat.com






