İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən Ukrayna ilə bağlı tarixi qərar - Kiyevin “əl-qolu” açılır 

2862 19.11.2025 17:28 Siyasət A A

ABŞ Ukraynaya 105 milyon dollarlıq yeni “Patriot” paketi satışını təsdiqləyib. Bu, son günlərdə Rusiya qarşısında döyüşlərdə geriləməkdə olan Ukrayna üçün ən böyük dəstək kimi qəbul olunmaqdadır.

Ekspertlər hesab edirlər ki, Dövlət Departamentinin hava hücumundan müdafiə sistemlərinin modernizasiyası üçün belə qərar qəbul etməsi Kiyevin əl-qolunun açılmasına səbəb olacaq və Ukrayna işğalçılar qarşısında dirənişi davam etdirə biləcək.

sehla son.jpg (273 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında vaxtı ilə “Patriot”ları Birləşmiş Ştatların qardaş Türkiyəyə vermədiyini vurğulayıb:

“ABŞ-nin müttəfiq dövlətlər “Patriot” hava-müdafiə sistemi ilə təmin etməsi sadəcə hərbi təchizat deyil, həm də siyasi bir qərardır. Məsələn, 2012-2013-cü illərdə ABŞ Türkiyəyə siyasi səbəblərlə “Patriot”ları verməkdən imtina etmişdi. Daha sonra (2018-19-cu illərdə) bu təklifini yeniləsə də, artıq gec idi. Türkiyənin buna ehtiyacı yox idi, çünki Rusiyadan alternativ (S-400-lər) artıq əldə olunmuşdu. Yəni “Patriot”lar əvəzolunmaz deyil, alternativləri var. ABŞ Ukraynaya ilk dəfə 2022-ci ilin dekabrında “Patriot”ları verəcəyini açıqladı. Bu, Zelenskinin müharibənin başlanmasından sonra ölkə xaricinə ilk səfəri çərçivəsində qəbul olunan qərar idi.

Co Bayden administrasiyası 1,85 milyard dollar yardım paketi çərçivəsində Ukraynaya həm də “Patriot” hava-müdafiə sistemlərini verəcəyini açıqlamışdı. Müharibənin başlanğıcında isə bu sistemlərin, o cümlədən F-16 təyyarələrinin, “Abrams” tanklarının verilməsinə dair qərar yox idi. ABŞ bu silahları Ukraynanın məğlubiyyətini önləmək üçün mərhələli şəkildə verməyə başladı. Halbuki, əvvəlcədən təminat olsaydı, Ukraynanın indiki mövqeyi bəlkə də daha fərqli olardı.

İndiki halda ölkə ərazisinin 19%-dən çox hissəsi Rusiya tərəfindən işğal olunub, Rusiya cəbhə xəttində irəliləməkdədir. Hazırda Ukraynanın ən çox gözlədiyi silah uzaq-mənzilli “Tomahavk” raketləridir. Əgər bu raketlər Ukrayna tərəfindən əldə olunarsa, bu, Rusiya üçün ciddi təhdid yarada bilər. Ona görə də Rusiya bu silahın təchizat yollarını, hətta Avropanın içərisində olsa belə, vuracağını daha öncə bəyan edib. Polşada yaxın günlərdə Ukraynaya “yardım” daşıyan qatarın vurulması da bu kontekstdə dəyərləndirilə bilər, halbuki ABŞ Ukraynaya bu raketlərin verildiyini etiraf etməyib.

Polşa baş naziri isə qatarın vurulmasını Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən ukraynalılar tərəfindən törədildiyini açıqlayıb.

Görünən odur ki, kollektiv Qərb Ukraynanın Rusiyaya qarşı müharibəsini davam etdirməsini, lakin müharibənin onun sərhədlərindən kənara, o cümlədən Avropanın içərisinə sıçramasını istəmir. Odur ki, “Patriot” təchizatının yenilənməsi müharibənin gedişinə ciddi şəkildə təsir göstərəcək, yaxud Ukraynanın qalibiyyətini təmin edəcək amil olaraq qiymətləndirmək olmaz”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR