Vaşinqton Kiyev üçün təhlükəsizlik zəmanətlərini sülh müqaviləsi imzalanana qədər müzakirə etməyəcək; bu şərt ABŞ təkliflərinə daxil edilib.
Musavat.com “Politico”ya istinadla xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Avropa tərəfdaşlarına Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hər hansı bir öhdəliyin yalnız sülh müqaviləsi əldə edildikdən sonra mümkün olduğunu bildirib. Bu müddəalar ABŞ tərəfinin ötən həftə Kiyevə göndərdiyi təkliflər paketinə daxil edilib.
Ukrayna tərəfi öz növbəsində təhlükəsizlik zəmanətlərini gələcək müqavilənin əsas elementi hesab edir. Lakin ABŞ prezidenti Donald Tramp sülh müqaviləsi imzalanana qədər Ukrayna nümayəndələrini Ağ Evə dəvət etmək niyyətində olmadığını açıq şəkildə bildirib.
Nəşrin mənbəyinə görə, Rubio həmçinin Vaşinqtonun sülh müqaviləsi bağlandıqdan sonra həll edilməli olduğuna inandığı bir sıra digər məsələləri də qeyd edib. Bunlara Ukraynanın ərazi bütövlüyü və dondurulmuş Rusiya aktivlərinin taleyi daxildir.
ABŞ-nin Avropa müttəfiqləri Vaşinqtondan gələn siqnalları anlamağa çalışır və yeni Amerika strategiyasının Ukraynanın mövqeyini zəiflədə biləcəyindən narahatlıqlarını ifadə edirlər. Bəzi diplomatlar Tramp administrasiyasının Moskva üçün daha əlverişli şərtləri qəbul etməyə meylli ola biləcəyindən qorxurlar.
Təkliflərdə insan hüquqları, humanitar hüquq, beynəlxalq hüquq və ya prinsiplər haqqında bir kəlmə də olsun danışılmır. Bir avropalı diplomat şərh edib ki, bu, yeni, qüsurlu Avropa təhlükəsizlik arxitekturası yaradır.
Musavat.com






