ABŞ sahil mühafizəsi tərəfindən ələ keçirilmiş “Marinera” (Bella 1) tankerinin heyət üzvləri istintaqa cəlb olunub.
Musavat.com xarici agentlikərə istinadən xəbər verir ki, bu barədə ABŞ baş prokuroru Pəm Bondi məlumat verib. Onun sözlərinə görə, “hadisədə iştirak edən bütün şəxslərə” qarşı cinayət işləri qaldırılacaq.
Ağ Ev sözçüsü Kerolayn Levit bildirib ki, gəmi ilə bağlı həbs orderi çıxarılıb və bu order heyətə də şamil olunur. Bu da o deməkdir ki, heyət üzvləri məhkəmə prosesi üçün ABŞ-a gətirilə bilər (hazırda “Marinera” Böyük Britaniyanın bir limanına doğru hərəkət edir).
“Bu, Venesuelanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi ‘kölgə donanmasına” aid neft tankeridir və hazırkı prezident dövründə Amerika Birləşmiş Ştatları bunu dözmək niyyətində deyil”,-deyə Levit hadisəni belə şərh edib:
Hadisədə Böyük Britaniyanın müdaxiləsi də təsdiqlənib. Müdafiə naziri Con Hili bildirib ki, əməliyyatda ölkənin hərbi-hava qüvvələrinin təyyarələri iştirak edib.
“Böyük Britaniyanın silahlı qüvvələri peşəkarlıq nümayiş etdirərək Bella 1 tankerinin ABŞ qüvvələri tərəfindən yolunun kəsilməsinə dəstək verib”,-deyə britaniyalı nazir bildirib.
Rusiya hakimiyyəti tankerlə əlaqəsi olmadığını iddia etsə də, Vaşinqtonun hərəkətlərini kəskin tənqid edir. Rusiya Nəqliyyat Nazirliyi gəmiyə qarşı əməliyyatı “qanunsuz” adlandırıb və bildirib ki, tanker həmin vaxt neytral sularda olub və orada “naviqasiya azadlığı” tətbiq olunur.
Kremlin iddiasına görə, gəmi özəl treyder tərəfindən çarterlə tutularaq Venesueladan Rusiya istiqamətində yola düşüb və Guyana bayrağı altında üzürmüş. Lakin həbs təhlükəsi yarananda heyət Soçi liman kapitanına müraciət edərək müvəqqəti olaraq Rusiya bayrağı altında qeydiyyat alıb.
Rusiya dövlət KİV-lərinin yazdığına görə, ümumilikdə 28 nəfərlik heyətin əsas hissəsini ukraynalılar təşkil edib (20 nəfər). Daha 6 nəfər — o cümlədən kapitan — Gürcüstan vətəndaşıdır. Heyətdə cəmi iki nəfər rusiyalıdır.
Bu arada Rusiyanın müxalifətdə olan “Novaya qazeta” qəzeti hadisə ilə bağlı maraqlı məlumat yayıb.
Qəzeitn yazdığına görə, ABŞ tərəfindən saxlanılan “Bella 1” tankeri Rusiya şirkətinə məxsus imiş — sahibi Krımdan olan biznesmendir
Sözü gedən neft tankeri 2024-cü ilin dekabrından etibarən “Burevestmarin” adlı Rusiya şirkətinə məxsusdur. Şirkət Ryazan vilayətində qeydiyyatdan keçib.
"The Financial Times" qəzetinin yazdığına görə isə, “Burevestmarin” şirkəti 2025-ci ilin iyulunda biznesmen İlya Buqay tərəfindən yaradılıb.
Məlumata görə, Buqay 2018-ci ildən bəri “Rusneftehimtorg” şirkətinin direktoru vəzifəsini də icra edir. Şirkət neft məhsullarının ticarəti ilə məşğuldur.
Musavat.com






