ABŞ-la ölkəmizlə imzaladığı Strateji Tərəfdaşlıq haqqında Xartiyanın mətnində önəmli bir bənd var. Bu da tərəflərin mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyəti ilə bağlıdır.
Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda dinc məqsədlər üçün istifadə niyyəti ilə atom elektrik stansiyaları tikilə bilərmi? Vaşinqtonun həm Bakı, həm də İrəvanla mülki nüvə əməkdaşlığını gündəmə gətirməsi hansı məqsədlərə xidmət edir?
Nüvə alimi, Azərbaycan Nüvə Tədqiqatları Mərkəzinin sabiq direktoru Adil Qəribov Musavat.com-a deyib ki, ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında sənəddə “mülki nüvə əməkdaşlığı” bəndinin yer alması sıradan texniki detal deyil: “Azərbaycanın nüvə proqramının çox uzunmüddətli tarixi var. İlkin mərhələdə proses Sovet İttifaqı çərçivəsində başlamışdı. Azərbaycanda hər biri min meqavat gücündə olan 4 bloklu Atom Elektrik Stansiyasının (AES) tikilməsi nəzərdə tutulmuşdu. Lakin müstəqilliyin ilk illərində iqtisadi vəziyyət ağır olduğu üçün AES tikintisi təxirə salındı.
2014-cü ildən sonra Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi yaradıldı və mən ora direktor təyin olundum. Əsas məqsədimiz dünyanın ən mütərəqqi nüvə texnologiyalarını Azərbaycana gətirmək idi. Burada həm tədqiqat reaktoru, həm də gələcəkdə AES tikintisi nəzərdə tutulurdu. Sonradan neftin qiymətinin düşməsi ilə əlaqədar keçid dövrü yarandı və mən də bu sahədən uzaqlaşdım. Mənim mövqeyim belə idi ki, əgər AES tikiləcəksə, Rusiya texnologiyası daha məqsədəuyğundur. Çünki burada bir sıra mühüm məsələlər var. AES-i hətta Çin də tikə bilər”.
Nüvə alimi deyib ki, əsas məsələ AES tikintisindən sonrakı mərhələdir: “Birincisi, yanacaq hər 18 aydan bir dəyişdirilməlidir. İkincisi, işlənmiş yanacağın daşınması və utilizasiyası xüsusi texnologiya və infrastruktur tələb edir. Bu imkanlar bizdə yoxdur və bu işi stansiyanı tikən dövlət həyata keçirməlidir. Ona görə də həm səlahiyyəti, həm də texniki imkanı olan dövlət seçilməlidir. Bu baxımdan mən Rusiya variantını daha real hesab edirdim. Son dövrlərdə “Small Modular Reactor” (SMR – yəni kiçik modul reaktor ) anlayışı gündəmə gəlib. Bu reaktorlar zavodda hazırlanır və hazır şəkildə ölkəyə gətirilərək quraşdırılır. Adətən, bu texnologiyaya malik olan, öz zavodu və mütəxəssisləri olan ölkələr belə layihələri həyata keçirirlər. Məsələn, Ermənistanla ABŞ arasında imzalanmış son sənəddə də kiçik modul reaktorların tikintisi məsələsi yer alıb. Lakin fakt budur ki, ABŞ-nin özündə bu günə qədər kommersiya məqsədli işlək SMR yoxdur. 2025-ci ildə bu istiqamətdə bəzi layihələr iqtisadi səmərəsizliyə görə dayandırılıb. Çünki reaktorun gücü azaldıqca onun iqtisadi səmərəliliyi də azalır”.
Nüvə alimi deyib ki, hazırda dünyada tikilən əsas reaktorlar 1000-1200 meqavat gücündədir: “Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) Azərbaycan Energetika Nazirliyi arasında aparılan danışıqlarda da bir neçə dəfə kiçik modul reaktorlar məsələsi müzakirə olunub. Ola bilsin ki, strateji tərəfdaşlıq sənədində də bu aspekt nəzərdə tutulur. Açıq demək lazımdır ki, Azərbaycanın nə reaktor texnologiyası üzrə kifayət qədər təcrübəsi, nə də yüksək ixtisaslı kadr potensialı var. Nüvə Tədqiqatları Mərkəzi yaradılarkən cənab Prezident tərəfindən qarşımıza əsas vəzifə kimi kadr hazırlığı qoyulmuşdu. Təəssüf ki, sonradan doktorantura proqramı da bağlandı, fundamental reaktor fizikası üzrə dərin tədqiqatlar dayandırıldı və mərkəz əsasən xidmət xarakterli quruma çevrildi. Əgər söhbət doğrudan da SMR-lərdən gedirsə, hesab edirəm ki, bu, hazırkı mərhələdə Azərbaycan üçün riskli layihədir. Biz əvvəlcə artıq sınaqdan keçmiş, geniş tətbiq olunan texnologiyaları öyrənməliyik. 30–40 ildən sonra daha yeni texnologiyalara keçmək mümkündür. Nüvə texnologiyası çox səmərəli və perspektivli sahədir. Lakin təhlükə faktoru da onun ayrılmaz hissəsidir. Tarixdə iki böyük qəza baş verib və bu qəzalar göstərib ki, nüvə təhlükəsi sərhəd tanımır. Hətta yüksək texnologiyaya malik ölkələr belə riskdən sığortalanmayıb”.
Nüvə aliminin sözlərinə görə bir müddət əvvəl 1200 meqavat gücündə AES-in iqtisadi səmərəliliyi ilə bağlı hesablamalar aparıblar: “Nəticələr göstərirdi ki, həm elektrik enerjisinin satışından, həm də qazın ixracından dövlət büdcəsinə ciddi gəlir daxil ola bilər. Lakin energetiklər haqlı olaraq sual verdilər: bu 1200 meqavat gücü sistemə necə inteqrasiya edək? 1200 meqavatlıq (MVt) gücə malik AES (məsələn, Akkuyu AES-in bir bloku) yüksək güclü, üçüncü nəsil (III+) VVER-1200 reaktoru ilə işləyən müasir atom stansiyasıdır. Bu tip reaktorlar dörd modul (cəmi 4800 MVt) şəklində inşa edilərək, böyük həcmdə dayanıqlı elektrik enerjisi istehsalı və ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Azərbaycanın real pik tələbatı hazırda 3000 meqavat civarındadır. Belə halda 1200 meqavatlıq AES-in fasiləsiz qoşulması idarəetmə baxımından çətinlik yarada bilər. Alternativ kimi iki 500 meqavatlıq reaktorun tikilməsi daha uyğun variant ola bilər. Ümumiyyətlə, ilk AES-lər dünyada kiçik güclərlə – 5 meqavatdan başlayıb. Ermənistandakı reaktor 440 meqavatdır. Rusiyada və digər ölkələrdə də uzun müddət 500 meqavatadək reaktorlar istismar olunub. Mənim qənaətim budur ki, ABŞ-la strateji tərəfdaşlıq çərçivəsində nüvə sahəsində əməkdaşlıq daha çox kadr hazırlığı, nüvə təhlükəsizliyi, radiasiya nəzarəti, nüvə tibbi və digər mülki istiqamətləri əhatə edə bilər. ABŞ-ın nüvə tibbi və elmi texnologiyalar sahəsində çox yüksək səviyyəsi var və bu sahələrdə əməkdaşlıq Azərbaycan üçün real və faydalı ola bilər”.
Nüvə alimi deyib ki, ABŞ hazırda xarici ölkələrdə genişmiqyaslı AES tikintisi həyata keçirmir. Ona görə də hər hansı vəd varsa, bu, daha çox texnoloji və elmi əməkdaşlıq kontekstində qiymətləndirilməlidir: “Əsas məsələ təhlükəsizlik, səmərəlilik və mərhələli inkişaf prinsipidir. Nüvə enerjisi strateji seçimdir və burada riskə yox, real imkanlara əsaslanmaq lazımdır”.
E.Məmmədəliyev,
Musavat.com






