İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin Qafqazda səfirsiz qalmasının sirri

1020 11.02.2026 11:00 Siyasət A A

Vaşinqton üçün klassik diplomat yox, böhran meneceri funksiyasını daşıyan elçi lazımdır - üç dövlətin Trampdan gözləntisi 

Cənubi Qafqazda diqqətçəkən diplomatik mənzərə formalaşıb: ABŞ eyni vaxtda Azərbaycan, Ermənistan və Gürcüstanda fövqəladə və səlahiyyətli səfir təyin etməyib. “Yeni Müsavat” yazır ki, formal olaraq Vaşinqton bu ölkələrlə diplomatik münasibətləri davam etdirir, səfirliklər fəaliyyət göstərir, lakin onları yalnız müvəqqəti işlər vəkilləri idarə edir. Bu vəziyyət təsadüfi deyil və arxasında həm texniki, həm də siyasi motivlər dayanır. ABŞ-də səfir təyinatı prezidentin namizədliyi və Senatın təsdiqi ilə həyata keçirilir. Daxili siyasi rəqabət, Senatda bloklanmalar və administrasiyaların prioritet dəyişiklikləri bu prosesi tez-tez uzadır. Lakin Cənubi Qafqaz məsələsində təkcə bürokratik ləngimədən danışmaq kifayət deyil. 

Region hazırda yüksək risk zonası kimi qiymətləndirilir. Rusiya-Qərb qarşıdurması, İran amili, Türkiyənin artan rolu və Ermənistan-Azərbaycan münaqişəsindən sonra yaranmış yeni reallıqlar Vaşinqtonu ehtiyatlı davranmağa vadar edir. Belə bir məkanda ABŞ üçün klassik diplomat yox, böhran meneceri funksiyasını daşıyan səfir lazımdır. Bu isə uyğun namizədin seçimini çətinləşdirir və prosesi uzadır. Azərbaycan kontekstində vəziyyət daha mürəkkəbdir. Vaşinqton-Bakı münasibətlərində son illər dalğalanma müşahidə olunur. İnsan hüquqları, media azadlığı ilə bağlı tənqidlər, eləcə də Azərbaycanın İsrail-İran balansındakı strateji mövqeyi ABŞ-ın ehtiyatını artırır. Səfir təyinatının gecikməsi açıq təzyiq aləti olmasa da, siyasi mesaj xarakteri daşıyan “soyuq pauza” kimi qiymətləndirilə bilər.

Ermənistan və Gürcüstanda da oxşar qeyri-müəyyənlik mövcuddur. Ermənistanın sürətlə Qərbə yönəlməsi, eyni zamanda Rusiya ilə münasibətlərinin kəskinləşməsi Vaşinqton üçün riskli keçid dövrü yaradır. Gürcüstanda isə daxili siyasi böhranlar və ABŞ-la münasibətlərdə müşahidə olunan soyuma səfir təyinatını strateji baxımdan həssas qərara çevirir.

Nəticə etibarilə, ABŞ-ın Qafqazın üç ölkəsində eyni vaxtda səfirsiz qalması nə regiondan imtina, nə də diplomatik əlaqələrin zəifləməsi deməkdir. Bu, daha çox Vaşinqtonun gözləmə mövqeyidir. ABŞ bölgədə baş verəcək geosiyasi dəyişiklikləri diqqətlə izləyir və tam siyasi öhdəlik götürmədən əvvəl kartlarını açmağa tələsmir. Başqa sözlə, ABŞ Qafqazda qalır, amma hələlik səssiz qalmağı üstün tutur.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Qabil Hüseynli

Sabiq dövlət müşaviri Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-nin mövcud administrasiyası Cənubi Qafqaz siyasətində yeni səhifə açır və vitse-prezidentin regiona gəlişi ilə həm də səfirlərin təyinatı sürətlənə bilər. Professor Baydenin prezidentliyi dövründə Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinin passiv olduğunu düşünür: “Keçmiş hökumət yalnız Ermənistana meyilli görünürdü və nə Azərbaycan, nə Gürcüstanla əlaqələr normal idi. İndi bölgəyə sürətli şəkildə nüfuz edən Tramp administrasiyası hər üç region ölkəsi ilə münasibətlərdə dönüş edir. Xüsusən də mərkəz Bakı və İrəvandır. Yəni Tiflis artıq bu siyasətin baş paytaxtı deyil. Ancaq istənilən halda Gürcüstana da bəzi jestlər olacaq. Bu siyasi proqramın içində isə səfirlərin təyinatı da var. Məncə, Tramp Cənubi Qafqazla bağlı tutduğu mövqedən irəli gələrək bölgəni amerikalı diplomatlarsız qoymayacaq”.

Onun sözlərinə görə, səfir təyinatında prosedurlar və Senatın təsdiqləməsinə qədər zaman çəkir: “Trampa qədər ermənipərəst qüvvələr buna əngəl olurdular. Sonra Mark Libbi təyin olundu, amma o da çox qalmadı. ABŞ siyasəti çoxvektorludur və verilən qərarlarda geopolitik faktorlar nəzərə alınır. Görünür ki, bundan sonra, hər üç ölkəyə səfir təyinatı tezləşəcək. Artıq yeni münasibətlər kursu belə deməyə əsas verir. Ən azı bizə və Ermənistana olacaq. Vaşinqtonun Gürcüstan siyasəti isə Rusiyanın oradakı təsirləri ilə bağlıdır. Yəqin ki, orada bir də siyasi hakimiyyət dəyişəcək. Çünki yeganə Gürcüstandır ki, Rusiyadan ən birinci uzaqlaşarkən indi yenidən ona yaxınlaşıb. Bu da ABŞ-ni Gürcüstan hakimiyyəti ilə əlaqələrə yenidən baxmağa çağırır. Rusiya isə regionda siyasi aktivliyini yaxın illərdə artıra bilməyəcək. Müharibə Rusiya üçün ciddi siyasi böhrana səbəb olub. Ancaq Ermənistanın Avropaya inteqrasiya kimi görünən imitasiya xarakterli addımları sonda sülh gündəliyinə zərər vurmamalıdır. Biz böyük məsafə qət etmişik və indi strateji rəqabət bu prosesi tormozlamamalıdır”.

Q.Hüseynli əlavə edib ki, ABŞ-nin üç ölkəyə səfir təyinatı bir qədər də yubana bilər, lakin bu, xüsusilə Azərbaycanla münasibətlərin Ruhuna təsir etməyəcək.

Qeyd edək ki, Birləşmiş Ştatların indiyə qədər Azərbaycanda səfir və müvəqqəti işlər vəkilinin sayı 18 olub. 2024-cü ildə səfir Mark Libbi səhhəti ilə əlaqədar vəzifəsindən getdiyini açıqlayıb. Sonra Huqo Gevara müvəqqəti işlər vəkili olub. Hazırda Emi Karlon müvəqqəti işlər vəkili olaraq fəaliyyətini davam etdirir.

Bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını uzun müddət gecikdirmişdi. 2009-cu ilin yanvar ayında ABŞ-nin Bakıdakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatmış, lakin onun yerinə təyin edilən Riçard Morninqstarın namizədliyi yalnız 2012-ci ildə, düz 3 il sonra təsdiqlənmişdi. Bu müddət ərzində ABŞ-nin Azərbaycandakı diplomatik nümayəndəliyinə müvəqqəti işlər vəkili rəhbərlik edirdi, yəni ölkədə səfir səviyyəsində siyasi təmsilçilik faktiki olaraq yox idi. Həmin dövrdə ABŞ mediası və ekspert dairələri bu təyinatın gecikməsində erməni lobbisinin Senatdakı təzyiqlərini əsas amillərdən biri kimi göstərmişdi. Xüsusilə Kaliforniya, Nyu-York və Massaçusets kimi ştatlardan olan erməni əsilli senatorlar və onların müttəfiqləri, Azərbaycana yeni səfir təyinatını müxtəlif bəhanələrlə əngəlləyirdilər. Onlar Qarabağ münaqişəsi, insan haqları, media azadlığı və demokratik institutların durumu kimi məsələləri əsas gətirərək, Azərbaycanla diplomatik yaxınlaşmanın sürətlənməsinə qarşı çıxırdılar. İndi Bakı Vaşinqtonla əlaqələri yeni müstəviyə qaldırıb və strateji müttəfiqlik səviyyəsinə çatması gözlənilir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR