ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlər keçirdiyi Hörmüz boğazı üzərində kəşfiyyat uçuşları həyata keçirib.
Musavat.com "Flightradar24" aviasiya resursunun məlumatlarına istinadən xəbər verir ki, təyyarə Bəhreyndəki Şeyx İsa Hava Bazasından havaya qalxıb. Çoxsaatlıq missiya zamanı o, Fars körfəzi ilə Oman körfəzi arasında və Hörmüz boğazı üzərindən uçub. Uçuşlar nisbətən aşağı hündürlükdə - təxminən 6000 metrdə həyata keçirilib.
Hörmüz boğazında keçirilən İran təlimləri potensial hərbi ssenariləri əhatə edir. Fars xəbər agentliyinin məlumatına görə, xüsusilə də sualtı qayıqlar yerüstü hədəfləri məhv etməyi, dənizdən və qurudan qanadlı raketləri atmağı və elektron müharibə mühitində işləyə bilən yeni növ raketlərdən istifadə etməyi təcrübədən keçirir.
Dünən Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dəfra hava bazasından buraxılan ABŞ-ın MQ-4C Triton uzunmənzilli elektron kəşfiyyat pilotsuz təyyarəsi İran sahillərinin cənub-şərqində, Oman körfəzi üzərində çoxsaylı uçuş həyata keçirib.
Musavat.com






