Avropa İttifaqı sammiti Rusiyaya qarşı bütün sanksiyaları 6 ay - 31 iyul 2026-cı ilə qədər uzatmaqla bağlı qərar qəbul edib.
Qeyd edək ki, Rusiyaya qarşı əvvəllər qəbul edilmiş 19 sanksiya paketinin hamısı hər altı aydan bir eyni vaxtda - hər il 31 yanvar və 31 iyula qədər uzadılır.
Bəs Aİ-nin sanksiyaları Rusiyaya təsir göstərirmi?

Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, Avropa İttifaqının sanksiyaları Rusiyaya real təsir göstərir, amma bu təsir dərhal çökmə deyil, daha çox uzunmüddətli və struktur xarakterlidir. Sanksiyaların yenidən uzadılması isə bu təzyiqi sabit və davamlı saxlayır:
“Aİ sanksiyalarının Rusiyaya necə təsir etdiyinə gəlincə, uzunmüddətli dövr üçün iqtisadi təsirlərinin olduğu və olacağı şübhəsizdir. Bu sanksiyalar nəticəsində Rusiya sənayesi texnologiya və avadanlıq çatışmazlığı ilə üzləşir. Sanksiyalar Rusiyanın yüksək texnologiyalara, sənaye avadanlıqlarına, enerji sektorunda istifadə olunan müasir texnikaya çıxışını məhdudlaşdırır. Bu, xüsusilə neft-qaz, hərbi sənaye və aviasiya sahələrində geriləmə yaradır. Rusiya artıq xeyli vaxtdır bunun fəsadlarını yaşayır.
Sanksiyalar eyni zamanda Rusiyaya investisiya axınının dayanmasına gətirib çıxarır. Bilirsiniz ki, Avropa şirkətləri Rusiyadan çıxıb və ya fəaliyyətini minimuma endirib. Bu vəziyyət də ölkənin iqtisadi inkişafına mənfi təsirlərini göstərir. Artıq Aİ sanksiyalarının hesabına Rusiya bankları Aİ maliyyə bazarlarından təcrid olunub. Rusiya iqtisadiyyatı “dövlət xərcləri və hərbi sifarişlər” üzərində yaşadılır, bu isə davamlı model deyil”.
Deputat onu da deyib ki, sanksiyaların tələbinə uyğun olaraq Aİ Rusiyadan qaz asılılığını kəskin azaldıb. Rusiya enerji məhsullarını daha uzaq bazarlara, daha ucuz qiymətə satmağa məcburdur:
“Aİ sanksiyaları Rusiyanı birdən-birə çökdürmür. Amma iqtisadiyyatı zəiflədir, texnoloji geriləmə yaradır, müharibə aparma qabiliyyətini bahalaşdırır, gələcək inkişaf imkanlarını məhdudlaşdırır. Sanksiyaların uzadılması Rusiyanın manevr imkanlarını daha da daraldır”.
Etibar Seyidağa,
Musavat.com






