Almaniyada Litvada yerləşdirilməsi planlaşdırılan hərbi briqadaların komplektləşdirilməsi ilə bağlı ciddi çətinliklər yaşanır.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb. Bildirilir ki, 2027-ci ilə qədər NATO-nun şərq cinahında Rusiyanın qarşısının alınması məqsədilə Litvada yerləşdirilməsi planlaşdırılan briqadalar üçün kifayət qədər könüllü tapılmır.
Nəşrin yazdığına görə, 203-cü tank batalyonunda tələb olunan 414 nəfər əvəzinə cəmi 197 hərbçi qeydiyyatdan keçib. 122-ci batalyonda isə vəziyyət daha kritikdir – 640 yer üçün yalnız 181 nəfər yazılıb.
Məqalədə Bundesverin daxili sənədlərinə istinadən qeyd olunur ki, hazırda planlaşdırılan ümumi hərbçi sayının cəmi 10 faizi toplanıb. Bu isə Almaniyanın Litvadakı hərbi iştirak planlarının vaxtında icrasını sual altına salır.
Qeyd edək ki, Almaniya NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Litvada daimi hərbi mövcudluğunu artırmağı planlaşdırırdı.
Musavat.com






