İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya niyə Azərbaycanla yeni strateji mərhələyə keçir? - Deputat AÇIQLADI

367 21.07.2026 15:48 Siyasət A A

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan - Almaniya münasibətlərinin tarixində yeni bir dönüş nöqtəsidir. Dövlət başçısının Berlində ehtiramla qarşılanması, Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək və geniş tərkibli görüşü, digər yüksək rəsmilərlə danışıqlar səfərin siyasi çəkisini göstərir".

Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvü Zahid Oruc deyib.

5ef0e3c2285fda6a6a50af2042fcad08.jpg (272 KB)

Millət vəkili qeyd edib ki, Almaniya hökumətinin rəsmi açıqlamasında danışıqların əsas mövzuları kimi enerji və xammal, Azərbaycan–Ermənistan sülh prosesi, beynəlxalq təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyət göstərilib:

"Yeni mərhələnin siyasi əsası 2025-ci ilin dekabrında qoyulmuşdu. Kansler Fridrix Merts Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycanla Ermənistan arasında sülh prosesindəki irəliləyişi regional sabitlik üçün mühüm hadisə kimi qiymətləndirib dövlət başçısını Almaniyaya səfərə dəvət etmişdi. Almaniya prezidenti Frank-Valter Ştaynmayer də 2026-cı ilin mayında göndərdiyi məktubda Berlinin Azərbaycanla ikitərəfli münasibətləri genişləndirməkdə ciddi maraqlı olduğunu bildirib. Deməli, hazırkı səfər siyasi səviyyədə ardıcıl qurulan dialoqun nəticəsidir".

yDaK5CyMN7igmtIjaPmudUoPrY814xuuKaC7hqkd_1200.jpg (227 KB)

Zahid Oruc bildirib ki, Almaniyanın Azərbaycana marağının artmasını yalnız diplomatik münasibətlərin yaxşılaşması ilə izah etmək doğru olmaz:

"Rusiya–Ukrayna müharibəsi Avropanın enerji və təhlükəsizlik modelini sarsıdıb. Rusiya ilə iqtisadi münasibətlərin kəskin azalması, Qara dəniz hövzəsində hərbi risklərin artması və ənənəvi nəqliyyat marşrutlarının etibarlılığının zəifləməsi Avropanı alternativ enerji mənbələri və Şərq–Qərb dəhlizləri axtarmağa məcbur edib. İran ətrafında davam edən hərbi-siyasi gərginlik, Yaxın Şərqdə münaqişələrin genişlənmə təhlükəsi və Hörmüz boğazı ilə bağlı risklər isə Avropaya göstərir ki, enerji təhlükəsizliyi yalnız neft və qazın mövcudluğu deyil, həm də həmin resursları daşıyan dövlətlərin sabitliyi və siyasi etibarlılığı məsələsidir.

Yeni çağırışlar Azərbaycanı Almaniya üçün xüsusi əhəmiyyətli dövlətə çevirir. Ölkəmiz həm Xəzər hövzəsinin enerji ehtiyatlarına malikdir, həm Avropaya uzanan müstəqil enerji infrastrukturunun əsas təminatçısıdır, həm də Orta Dəhlizin mərkəzi həlqələrindən biridir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və Trans-Anadolu xətti kimi layihələr Azərbaycanın onilliklər ərzində Avropa təhlükəsizliyinə xidmət edən infrastruktur qurduğunu göstərir".

Deputat vurğulayıb ki, Almaniya hökumətinin səfərin gündəliyinə enerji ilə yanaşı, xammal məsələsini ayrıca daxil etməsi də mənalıdır:

"Alman sənayesi enerji daşıyıcılarına, metallara, kritik xammala, yeni bazarlara və etibarlı logistika yollarına ehtiyac duyur. Azərbaycan isə öz enerji ehtiyatları ilə yanaşı, Mərkəzi Asiya resurslarının Avropa bazarına çıxarılması üçün etibarlı körpü rolunu oynayır. 2024-cü ilin fevralında Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi böyük biznes nümayəndə heyəti Azərbaycana səfər etmiş, İqtisadiyyat Nazirliyində investisiya, sənaye və əməkdaşlıq imkanları müzakirə olunmuşdu. Prezident İlham Əliyevin hazırkı rəsmi səfərinin başlanğıcında Mixael Harmsla ayrıca görüşməsi siyasi dialoqla iqtisadi gündəliyin bir-birini tamamladığını göstərir. Almaniya biznesinin Azərbaycana marağı iki ölkənin münasibətlərinin ayrıca bir xəttinə çevrilib".

SufePSuagWwVVW01RYfmhWibsITyncwdckxkWjSc_1200.jpg (277 KB)

Zahid Oruc əlavə edib ki, Azərbaycanın əhəmiyyətini artıran başqa bir amil onun mürəkkəb geosiyasi mühitdə müstəqil siyasət yürütməsidir:

"Azərbaycan həm Rusiya, həm İranla həmsərhəddir, Türkiyə ilə strateji müttəfiqdir, Avropa İttifaqının enerji tərəfdaşıdır və Mərkəzi Asiya dövlətləri ilə getdikcə dərinləşən əlaqələrə malikdir. Buna baxmayaraq, Bakı heç bir geosiyasi blokun qarşıdurma aləti olmayıb. Prezident İlham Əliyevin siyasəti xarici güclərin regional rəqabətini Azərbaycan ərazisinə daşımır, dövlətlər arasında maraqlar balansını qoruyur. Müharibələrin genişləndiyi, alyansların yenidən formalaşdığı dövrdə cəsarətli siyasət Almaniya kimi iqtisadi və geosiyasi sabitliyə ehtiyac duyan dövlət üçün xüsusi dəyər daşıyır.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin mühüm nəticələrindən biri də ondan ibarətdir ki, iki ölkə münasibətləri ayrı-ayrı siyasi dairələrin qərəzli ritorikasından daha üstün strateji mərhələyə qədəm qoyur. Son illərdə Almaniyada bəzi parlamentarilərin, xüsusilə Avropa Şurası Parlament Assambleyasında Frank Şvabe kimi siyasətçilərin Azərbaycana qarşı davamlı qərəzli mövqeyi, eləcə də müxtəlif QHT və lobbi qruplarının fəaliyyəti iki ölkə münasibətlərinə müəyyən kölgə salmağa çalışıb. Lakin Berlin səfəri göstərdi ki, Almaniyanın rəsmi siyasəti bu dairələrin mövqeyi ilə müəyyən olunmur".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR