Almaniya Baş Prokurorluğu “Şimal axını” və “Şimal axını – 2” qaz boru kəmərlərinin partladılmasında iştirak etməkdə şübhəli bilinən Ukrayna vətəndaşı Sergey K.-nı müharibə cinayətində ittiham edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş prokuror Yens Rommel ukraynalıya mülki enerji infrastrukturuna hücum etməkdə ittiham edib. O, hadisənin müharibə cinayəti kimi təsnif edilə biləcəyini bildirib. Məlumata görə, şübhəli həmçinin partlayıcı maddələrdən istifadə edərək partlayış törətməkdə və tikinti sahələrini dağıtmaqda da ittiham olunub.
Müstəntiqlərin sözlərinə görə, Sergey K. təxribat qrupunun lideri olub. Baş Prokurorluq qeyd edib ki, ukraynalıya qarşı təkzibolunmaz dəlillər toplanıb. Xüsusilə, müstəntiqlər şübhəlinin qaz boru kəmərlərini partlatmaq barədə müzakirə apardığı qohumları və tanışları ilə telefon danışıqlarını dinləyiblər.
2025-ci ilin avqust ayında Avropa həbs orderində “Şimal axını” qaz boru kəmərlərində terror hücumlarını həyata keçirdiyi iddia edilən təxribat qrupunun yeddi nəfərdən ibarət olduğu və Ukrayna ordusunun təqaüdçü kapitanı və keçmiş təhlükəsizlik xidməti zabiti olan Ukrayna vətəndaşı Sergey Kuznetsov tərəfindən əlaqələndirildiyi aşkar edilib. “Corriere della Sera”-nın məlumatına görə, o, boru kəmərlərini partlatmaqdan ötrü partlayıcı maddələrin daşınması üçün istifadə edilən "Andromeda" yaxtasının kapitanı olub.
Musavat.com






