Rəsmi Ankara hazırda “nüvə silahı”nın yaradılmasından daha çox, “nüvə potensialı”nın formalaşdırılmasına üstünlük verir və bu, Türkiyəni müstəqil güc mərkəzinə çevirə bilər… Bu strategiya, ciddi şəkildə güclənmiş Türkiyənin qlobal məkanda strateji manevr imkanlarını, mövcud qüvvələr nisbətini dəyişdirə biləcək səviyyəyə çatdırma ehtimalını da ön plana çəkir…
Türkiyə qlobal geopolitik balansı dəyişə biləcək strateji mərhələyə keçməyə hazırlaşır. Belə ki, son vaxtlar Yaxın Şərq və Şərqi Aralıq dənizi ətrafında sürətlə silahlanma, eləcə də geopolitik yenidənqurma prosesinin başlandığı müşahidə olunur. Və hazırda bu proseslərə paralel olaraq, artıq qlobal hərbi-siyasi iradə mərkəzinə çevrilmiş Türkiyənin nüvə dövləti olmaq niyyətinin olub-olmadığı da ciddi müzakirə mövcusudur.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara bu məsələyə sadəcə, emosional şüarlar üzərindən deyil, məhz strateji balans, rəqibi çəkindirmə mexanizmləri və qlobal təhlükəsizlik arxitekturasının transformasiyası kontekstində yanaşdığını biruzə verir. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə açıqlamasında bildirib ki, əgər, regionda nüvə balansı pozularsa, rəsmi Ankara da baş verənlərə müşahidəçi qalmaq niyyətində deyil. Və bu, Türkiyənin rəsmi nüvə proqramının elan edilməsi deyil, hələlik yalnız strateji xəbərdarlıq mesajının verilməsi anlamını daşıyır.
Türkiyə hazırda NATO-nun avanqard dövlətləri sırasına daxildir və Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilədə iştirakçıdır. Bu önəmli məqamlar hüquqi baxımdan, açıq hərbi nüvə proqramını mümkünsüz edir. Ancaq bu, Türkiyə üçün alternativ – “latent (gizli) nüvə potensialı” modelini qətiyyən istisna etmir. Məsələn, Yaponiya ssenarisi “latent nüvə dövləti” modelinə örnək sayıla bilər. Belə ki, bu modelə görə, hər hansı dövlət nüvə texnologiyasına malik olur, uranı zənginləşdirmə imkanlarını inkişaf etdirir, daşıyıcı sistemlər qurur, ancaq bu silaha malik olduğunu rəsmən elan etmir.
Bəzi Qərb dövlətlərinin iddialarına görə, Türkiyə hazırda məhz bu istiqamətdə hərəkət edir. Rəsmi Ankara Akkuyu AES layihəsi üzrə atom enerjisi infrastrukturunu formalaşdırır, ballistik raket proqramı üzrə yerli sistemləri inkişaf etdirir, müdafiə sənayesini ciddi şəkildə gücləndirir. Ancaq bu, qətiyyən birbaşa silahlanma anlamı daşımır, yalnız hərbi potensialın sistemli şəkildə qurulması xarakteri daşıyır.
Əsas önəmli məqam odur ki, Türkiyənin hazırda nüvə başlığı yoxdur. Ancaq raket daşıyıcı sistemlərinin inkişafı strateji baxımdan, olduqca vacibdir. Çünki orta mənzilli sistemlər Şərqi Aralıq dənizi və Yaxın Şərqdə hərbi-siyasi balansa birbaşa təsir edir. Və bu, əsasən, yalnız regional deyil, həm də yarımqlobal hərbi-siyasi çəkindirmə məntiqi mexanizmi rolunu oynamaqdadır. Çünki rəsmən elan olunmasa da, İsrail de-fakto nüvə dövləti olduğundan Yaxın Şərqdə hərbi-siyasi balansın pozulma təhlükəsi həmişə aktualdır. Üstəlik, Iranın da bu silahı yaradacaq səviyyəsinə yaxın uranı zənginləşdirmə potensialına malik olduğu bildirilir.
Təbii ki, bütün bunlar Türkiyə üçün real hərbi təhlükə ssenariləri formalaşdırır. Belə ki, İran nüvə silahının yaradılmasına nail ola bilər. İsrail isə artıq nüvə üstünlüyünə malikdir. Buna paralel olaraq isə Yunanıstan-İsrail hərbi yaxınlaşması son vaxtlar güclənməkdədir. Və bütün bunları nəzərə aldıqda, regional hərbi-siyasi balansdan kənarda qalmaq istəməyən rəsmi Ankaranın Türkiyə üçün daha təhlükəsiz situasiyanın yaradılmasına cəhd göstərməsi tamamilə başadüşüləndir.
Onu da qeyd etmək lazımdır ki, vaxtilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2019-cu ildə açıq şəkildə “bəzilərinə olar, bizə niyə olmaz” ritorikası ilə rəsmi Ankaranın ciddi təhlükəsizlik ssenariləri üzərində düşündüyünə eyham vurmuşdu. Yəni, bu, Türkiyənin uzunmüddətli strateji hədəfləri sırasında yer ala biləcək məsələdir. Və hələlik rəsmi Ankaranın daha çox “İslam NATO-su” modelinə doğru irəliləməyə daha çox üstünlük verdiyi də müşahidə olunur.
Məsələ ondadır ki, son vaxtlar Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı xətti üzrə olduqca perspektivli hərbi-siyasi yaxınlaşmanın mövcudluğu diqqəti çəkir. Çünki Pakistan artıq nüvə dövlətidir, Səudiyyə Ərəbistanı maliyyə və enerji gücü ilə cəlbedicidir, Türkiyə isə hərbi-sənaye və texnoloji mərkəz olaraq, əvəzolunmazdır. Bu strateji üçbucaq hələlik rəsmən hərbi blok olmasa da, geopolitik təsir mexanizmi yaradır. Və nüvə paylaşımı mexanizmi barədə hələlik açıq sübutlar yoxdur, ancaq ehtiyac yarandıqda strateji koordinasiya mümkün ola bilər.
Bütün bunlara baxmayaraq, Türkiyənin yaxın gələcəkdə NATO-dan çıxması o qədər də real görünmür. Ancaq rəsmi Ankara hər ehtimala qarşı NATO-ya paralel təhlükəsizlik arxitekturasının qurulmasında maraqlı olduğunu da qətiyyən gizlətmir. Və ehtimal edilir ki, bu, Türkiyənin “NATO daxilində qalaraq, həm də post-NATO mərhələsinə hazırlıq” modelidir.
Ona görə də, hazırda Qərb siyasi dairələri Türkiyənin yaxın 10 ildə nüvə dövlətinə çevrilib-çevrilməyəcəyini ciddi şəkildə müzakirə etməyə başlayıblar. İndiki şəraitdə nüvə proqramının rəsmən elan edilməsi rəsmi Ankaranın beynəlxalq rəqiblərinə Türkiyə əleyhinə ağır sanksiyaların tətbiqi, iqtisadi risklərin yaradılması və NATO daxilində sərt təzyiqlər üçün bəhanəsi verə bilər. Və bu baxımdan, ehtimal etmək olar ki, rəsmi Ankara Türkiyənin açıq nüvə dövlətinə çevrilməsinə qətiyyən cəhd göstərməyəcək.
Göründüyü kimi, hazırda rəsmi Ankara “nüvə silahı”nın yaradılmasından daha çox, “nüvə potensialı”nın formalaşdırılmasına üstünlük verir. Rəsmi Ankaranın bu strategiyası isə çoxqütblü qlobal sistemdə Türkiyəni müstəqil güc mərkəzinə çevirə bilər. Və bu, güclənmiş Türkiyənin qlobal məkanda strateji manevr imkanlarını, mövcud qüvvələr nisbətini dəyişdirə biləcək səviyyədə artıra bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()






