İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “Nizami Kino Mərkəzini o vəziyyətə salanlar ciddi cəza almalıdır”

1310 03.04.2026 16:19 Mədəniyyət A A

“Nizami Kino Mərkəzinin binasının o cür yazılması birbaşa mədəniyyətimizə hücumdur. Ona görə də onun divarına qrafiti çəkən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır ki, bu cür halların qarşısı dərhal alınsın və başqalarına nümunə olsun”.

Bu sözləri millət vəkili Aqil Abbas Musavat.com-a açıqlamasında bildirib.

Deputat vurğulayıb ki, bu cür hadisələr dərhal nəzarətə götürülməsə, zamanla adi hala çevrilə bilər:

“Bu məsələnin qarşısı mütləq alınmalıdır. Əks halda, pis ənənə yaranar. Bu, çox xoşagəlməz və təhlükəli tendensiyadır. Dünyanın bir çox yerində divarlara qrafiti çəkirlər, binalara zərər vururlar. Niyə belə edirlər, bunu demək çətindir. Amma bir məsələ aydındır ki, Bakı hər zaman öz gözəlliyi, səliqəsi ilə seçilib. Bu gözəlliyə zərər vurmaq qətiyyən yolverilməzdir. Xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan binalara qarşı belə hərəkətlər daha ağır qiymətləndirilməlidir. Nizami Kino Mərkəzi bizim üçün xüsusi önəm daşıyan mədəniyyət ocaqlarından biridir. Oraya qarşı belə hərəkət çox pis hadisədir və ictimai hörmətsizlik kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, bu əməli törədən şəxslər artıq saxlanılıblar. Belə ki, qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B.-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə polis idarəsində profilaktik iş aparılır. Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Bu hadisə cəmiyyətdə geniş rezonans doğurub. İlk baxışda bu, kimlər üçünsə “sadə divar rəsmi” kimi görünə bilər. Lakin məsələnin mahiyyətinə dərindən baxdıqda ortaya daha ciddi və düşündürücü mənzərə çıxır: bu təkcə hansısa divarın çirkləndirilməsi məsələsi deyil, paytaxtın mədəni irsinə, estetik dəyərlərinə və ictimai nizamına qarşı yönəlmiş açıq vandallıq aktıdır. Çünki hər kəsə məlumdur ki, Nizami Kino Mərkəzi təkcə kino nümayiş olunan məkan deyil. Bu bina Bakı şəhərinin mədəni həyatında xüsusi yer tutan, tarixlə müasirliyin qovuşduğu simvolik məkanlardan biridir. Onun fasadı, memarlıq üslubu və şəhərin ümumi panoramasındakı rolu paytaxtın estetik bütövlüyünün ayrılmaz hissəsidir.

Belə bir məkana icazəsiz müdaxilə etmək, yəni istər yazı, istər rəsmlə bunu etmək yalnız qanun pozuntusu yox, həm də ictimai hörmətsizlikdir. Çünki bu cür addımlar şəhərin kollektiv yaddaşına və mədəni kimliyinə zərbə vurur.

Qrafit məsələsinə gəldikdə, bu haqda dünyada uzun illərdir müzakirə olunur. Xüsusilə dünyanın ən böyük şəhərlərində, o cümlədən Nyu-York, Berlin, Paris, Roma kimi şəhərlərdə bu, müəyyən mənada “küçə sənəti” kimi qəbul edilir. Hətta bəzi hallarda xüsusi zonalar ayrılır, rəssamlar öz yaradıcılıqlarını sərbəst şəkildə ifadə edirlər.

Lakin burada çox mühüm bir fərq var: həmin ölkələrdə qrafiti mədəniyyəti müəyyən çərçivələr daxilində, hüquqi və estetik qaydalarla tənzimlənir. Tarixi və mədəni abidələrə toxunmaq isə qəti şəkildə qadağandır və ciddi cəzalarla nəticələnir. Bakıda isə vəziyyət fərqlidir. Qrafiti nə geniş yayılmış mədəni ənənədir, nə də bu sahədə sistemli yanaşma mövcuddur. Bu səbəbdən belə “yaradıcılıq aktları” çox vaxt nə sənət kimi qəbul olunur, nə də ictimai dəstək qazanır. Əksinə, bu cür halların əksəriyyəti vandalizm kimi qiymətləndirilir.

Ən əsası, Bakı uzun illərdir ki, öz təmizliyi, səliqəsi və estetik görünüşü ilə seçilən şəhərlərdən biri kimi tanınır. Şəhərin mərkəzi küçələri, parkları, bulvarı və tarixi binaları xüsusi diqqətlə qorunur. Bakının gözəlliyi təsadüfi deyil, bu, illərlə qurulan, qorunan və inkişaf etdirilən bir mədəniyyətin nəticəsidir. Məhz buna görə də hər hansı məsuliyyətsiz addım - istər kiçik bir yazı olsun, istərsə də böyük bir rəsm - bu bütövlüyü pozur və şəhərin imicinə xələl gətirir.

Millət vəkili Aqil Abbasın da vurğuladığı kimi, belə hallara qarşı ciddi və prinsipial mövqe sərgilənməzsə, bu cür əməllər getdikcə yayılaraq təhlükəli ənənəyə çevrilə bilər. Bu isə təkcə bir binanın deyil, bütövlükdə şəhər mədəniyyətinin zədələnməsi deməkdir.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR