Avropa bir il əvvəl ağlasığmaz görünən vəziyyətlə üzləşib. Donald Tramp administrasiyasının siyasəti onu fakt qarşısında qoyub: artıq ABŞ köhnə dünyanın əsas təhlükəsizlik təminatçısı deyil və Avropa təcili şəkildə öz müdafiə sistemini qurmalıdır.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı yazıb.
Sayt müəlliflərinin bildirdiyinə əsasən, Aİ siyasətçiləri Böyük Britaniyanın rəhbərlik etdiyi Birləşmiş Ekspedisiya Qüvvələri vasitəsilə daha sıx koordinasiya imkanlarını, eləcə də NATO daxilində “Avropa blokunu” gücləndirmək yollarını araşdırırlar.
Aİ NATO-nun təminatlarının etibarsız qala biləcəyi ehtimalına qarşı yeni təhlükəsizlik strukturu hazırlamağa başlayıb. Avropanın bir müdafiə nazirliyində yüksək vəzifəli mənbənin “Politico”ya bildirdiyinə görə, amerikalılarla həm Ukrayna üçün təhlükəsizlik zəmanətləri, həm də NATO-nun kollektiv müdafiəyə dair 5-ci maddəsi haqqında danışıqlar “absurd” vəziyyətə düşüb və ABŞ-ın müttəfiqləri müdafiə etməyə hazır olub-olmaması ilə bağlı qeyri-müəyyənlik “həddindən artıq böyükdür”.
Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus nəşrə müsahibəsində bunları deyib:
“Sual budur ki, əgər birdən 5-ci maddə işləməsə, buna hazır olmaq üçün əlavə təhlükəsizlik zəmanətlərinə və institusional mexanizmlərə ehtiyacımız varmı?”
Belə zəmanətlər üçün hüquqi baza Aİ Müqaviləsinin 42.7-ci maddəsi - birgə müdafiə müddəası ola bilər. Bu maddə blokun istənilən üzvü silahlı təcavüzə məruz qaldıqda digər üzv ölkələri bütün imkanları ilə ona yardım və dəstək göstərməyə öhdəlikləndirir. Maddə müxtəlif dəstək formalarını (hərbi, texniki, diplomatik) nəzərdə tutur və ölkələrin NATO çərçivəsindəki öhdəlikləri ilə uyğunluq təşkil edir.
Musavat.com






