Avropa liderləri Qrenlandiya ilə bağlı birgə bəyanat yayaraq, adaya dair hər hansı qərarın yalnız Danimarka və muxtar ərazinin özü tərəfindən qəbul edilə biləcəyini bildiriblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sənəddə Qrenlandiyanın öz xalqına məxsus olduğu və adanın statusu ilə bağlı məsələlərin kənardan həll edilə bilməyəcəyi bildirilir. Avropa liderləri Arktikanın Avropanın və Şimali Atlantika Alyansının təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Bəyanatda xüsusilə qeyd olunub ki, Qrenlandiya da daxil olmaqla Danimarka Krallığı NATO-nun bir hissəsi olaraq qalır. Sənəd müəlliflərinin fikrincə, Arktika təhlükəsizliyi kollektiv şəkildə - Alyans daxilində və ABŞ-ın iştirakı ilə təmin edilməlidir.
Avropa liderləri həmçinin BMT Nizamnaməsinin prinsiplərinə ciddi şəkildə riayət etməyin vacibliyini xatırladıblar. Buraya dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı daxildir.
Daha əvvəl Polşanın baş naziri Donald Tusk ABŞ-ın Qrenlandiyaya mümkün iddialarının NATO-nun mövcudluğunun əsl məqsədini şübhə altına aldığını bildirmişdi. Onun bu sözləri ABŞ prezidenti Donald Trampın adanın strateji əhəmiyyəti ilə bağlı açıqlamalarının müzakirəsi fonunda səslənib.
Musavat.com






