İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Əmiraslanovdan MÜHÜM ÇIXIŞ

538 07.07.2026 16:29 Ölkə A A

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, komitə sədri deyib ki, birinci oxunuşda təqdim olunan qanun layihəsi Vergi Məcəlləsinə iki vacib dəyişikliyin edilməsini nəzərdə tutur:

“Əsas məqsəd neft-qaz sahəsində fəaliyyət göstərməyən özəl sektor sahibkarlarına ƏDV depozit hesabındakı vəsaitlərindən daha çevik istifadə imkanı yaratmaqdan ibarətdir. Uzun müddət idi ki, sahibkarlar tərəfindən qaldırılan bu məsələnin həlli nəhayət bu gün təqdim etdiyimiz layihədə öz əksini tapır. Hazırda ƏDV depozit hesabı yalnız ƏDV-nin uçotu, hərəkəti və dövlət büdcəsinə köçürülməsi üçün nəzərdə tutulub. Bu hesabda toplanan vəsaitlər, faktiki olaraq, tək bir istiqamətdə istifadə oluna bilir”.

A.Əmiraslanov bildirib ki, təqdim etdiyimiz layihə bu imkanı genişləndirir:

“Birinci dəyişiklik "ƏDV depozit hesabı" anlayışına aiddir. Həmin hesabdan dövlət büdcəsi ilə yanaşı, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən dövlət sosial müdafiə fonduna da vəsait köçürülməsi imkanı nəzərdə tutulur.

İkinci dəyişiklik isə bunun icra mexanizmini müəyyən edir: 2027-ci il yanvarın 1-dən başlayaraq, dörd il müddətinə həmin sahibkarlar ƏDV depozit hesabından sosial müdafiə fonduna ödənişlər edə biləcəklər. Bunun konkret qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

ƏDV depozit hesabı cari kommersiya hesabı deyil, vergi inzibatçılığı alətidir. Ona görə də həmin vəsaitdən istifadənin istiqaməti də dövlət maliyyə öhdəlikləri ilə məhdudlaşdırılır. Sosial sığorta haqları da dövlət qarşısında qanunla müəyyən edilmiş icbari öhdəlikdir”.

Komitə sədrinin sözlərinə görə, bu qanunun qəbul edilməsi sahibkarların ƏDV depozit hesabındakı vəsaitlərdən səmərəli istifadə etməyə imkan verəcək:

“Sosial sığorta öhdəliklərinin vaxtında yerinə yetirilməsinə şərait yaradılacaq. Beləliklə, sosial öhdəliklərin icrası üçün əlavə maliyyə mənbəyi təmin ediləcək. Bütövlükdə qeyri neft-qaz özəl sektoru dolayı şəkildə dəstəklənəcək. Bir sözlə, müzakirə etdiyimiz layihə dövlətin fiskal və sosial maraqları ilə sahibkarın maliyyə çevikliyi arasında balanslı bir yanaşma təqdim edir.
Qeyd edilənləri nəzərə alaraq, layihəni dəstəkləməyinizi xahiş edirəm”.

Müzakirələrdən sonra layihə qəbul olunub.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR