İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ən çox pulu bu ölkədən alır, bu ölkəyə göndərir-səbəb

7206 16.12.2025 18:40 İqtisadiyyat A A

Bu ilin 9 ayında xaricdə yaşayan fiziki şəxslər Azərbaycana 849 milyon 910 min dollar köçürüb. Bu, ötən ilki göstəricidən cüzi artıqdır. Belə ki, 2024-cü ilin eyni dövrü üçün köçürmələrin həcmi 848 milyon 506 min dollar təşkil etmişdi.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, xaricdən pul köçürmələrində həmişəki kimi, ən böyük pay Rusiyadadır. Doqquz ay ərzində bu ölkədən Azərbaycana 343 milyon 888 min ABŞ dolları köçürülüb. Müqayisə üşün qeyd edəl ki, ötən ilin eyni dövründə bu rəqəm 410 milyon 718 min dollar olub. Mərkəzi Bankın 2020-ci ildən açıqlanan statistikasına əsasən, bu, son 7 ilin ən aşağı göstəricisidir. 7 il ərzində ən yüksək daxilolma Rusiyanın Ukraynada işğalçı müharibəsinin başlandığı 2022-ci ildə baş verib. Həmin ilin 9 ayı ərzində Azərbaycana 2,3 milyard dollar göndərilib.

Azalma Rusiyaya göndərilən pul baratlarının həcmində də baş verib. Cari ilin 9 ayında Rusiyaya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz az vəsait – 34,3 milyon dollar göndərilib. Bu, 7 ilin minimum səviyyəsidir.

2025-ci ilin 9 ayında 140 milyon 298 min dollar, 2024-cü ilin eyni dövründə 130 milyon 332 min dollar məbləğində köçürmə ilə Türkiyə ikinci yerdədir.
Hesabat dövründə Azərbaycandan fiziki şəxslər xaricə 361 milyon 357 min ABŞ dolları köçürüb. Ötən ilin eyni dövründə bu rəqəm 408 milyon 282 min dollar olub.
Əvvəlki illərdəki kimi, Azərbaycandan ən çox pul köçürülən ölkə Türkiyə olub, lakin ciddi azalma ilə. Ötən ilki 118 milyon 90 min dollardan 104 milyon 476 min dollara qədər.
Üçüncü yerdə olan ABŞ-a köçürmələr isə artıb: 2025-ci ildə 55.706.000 dollar, 2024-cü ildə 44.991.000 dollara qarşı.

Beləliklə, aydın olur ki, Rusiya Azərbaycana pulköçürmələrdə, Türkiyə Azərbaycandan köçürmələrdə lider olaraq qalır.
Rusiyanın yalnız Azərbaycan deyil, bütün postsovet məkanına pulköçürmələrdə liderliyi davam edir. Bu sahədə yalnız Gürcüstanda dəyişiklik qeydə alınıb. 2024-cü ilin ikinci yarısından etibarən Rusiya xaricdən bu ölkəyə pulköçürmələrdə birinciliyi əldən verib.

Rusiyadan pulköçürmələrinin çox olmasının əsas səbəbi Azərbaycan da daxil olmaqla, əksər postsovet ölkələrindən(Baltikyanı dövlətlər istisna olmaqla) Şimal qonşuda iş imkanları ilə əmək qabiliyyətli əhali arasında ciddi fərqin olmasıdır. Belə ki, Rusiyada xüsusilə azixtisaslı və ixtisassız işçiyə(ticarət, ictimai iaşə, tikinti, nəqliyyat və sair sektorlarda) tələbat yüksəkdir, yerli vətəndaşlar belə işlərdə işləməyə həvəs göstərmir, yaxud yüksək əmək haqqı tələb edirlər. Həyat səviyyəsi Rusiyaya nisbətən xeyli aşağı olan MDB ölkələrinin vətəndaşların isə təklif olunan əmək haqqı qane edir. Onlar aşağı həyat şərtlərində yaşamaqla da olsa, işləyib qazandıqlarını vətənlərinə göndərirlər.

Məlumdur ki, Ukrayna müharibəsi başladıqdan sonra Rusiya öz ərazisinə gələn əmək miqrantlarına qarşı tələbləri kəskin şəkildə sərtləşdirib. Xüsusilə 2025-ci ilin yanvarından tətbiq olunan yeni qaydalar ölkəyə gəlib əmək miqrantı kimi qeydiyyata düşmək istəyənlərin sayını sürətlə azaldır. Rusiya hakimiyyəti bu sərtləşməyə MDB məkanından gələn, rus dilini az-çox bilən şəxsləri Ukraynada döyüşən orduya cəlb etmək məqsədilə gedib – bu, artıq hər kəsə aydındır. İş patenti almaq, əmək miqrantı kimi qeydiyyata düşmək ordu ilə müqavilə bağlayıb döyüşə getməkdən qat-qat çətindir. Ukrayna ordusunun əzmli müdafiə taktikası Rusiyanın gündə 1000-1200 əsgər itkisi ilə üzləşməsinə səbəb olur. Ukraynanın müdafiəsini yarmaq üçün Rusiya hərbi rəhbərliyi canlı qüvvəni açıq-aşkar ölüm olan yerlərə rahatlıqla göndərir. Buna görə də ordunun insan tələbatı böyükdür. Xarici ölkələrdən – Hindistan, Latın Amerikası, Afrikadan gətirilən və orduya cəlb olunanlar yerli şəraitə uyğunlaşa bilmir, effektiv nəticə əldə olunmur. Buna görə də Rusiya hakimiyyəti taktikanı dəyişib: həmin ölkələrdən işçi tələbatını ödəmək üçün istifadə olunur. Onların Rusiyaya işçi kimi gəlişi asanlaşdırılır. Mərkəzi Asiya və Qafqazdan gələnlər üçünsə şərtlər ağırlaşdırılır ki, məcburən orduya üz tutsunlar.

Belə bir şəraitdə Ukraynada ət maşınının qurbanı olmaq istəməyən Azərbaycan vətəndaşları Rusiyaya getməkdən yayınırlar. Rəsmi məlumata görə, 2025-ci ilin üçüncü rübündə Azərbaycan vətəndaşları Rusiyaya 99 min səfər ediblər ki, bu da 2024-cü ilin eyni dövründəki 144 min səfərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır.

Rusiyadan gələn pul baratlarının azalmasında bu sayın düşməsi ilə yanaşı, əmək şərtlərinin ağırlaşması, inflyasiya nəticəsində aylıq gəlirlərin normal yaşayış şərtlərini təmin etmək üçün yetərlilik səviyyəsinin azalmasıdır. 2022-ci ildə Rusiyanın Qərbin sanksiyalarına məruz qalması oradakı azərbaycanlıların öz yığımlarını sürətlə vətənə göndərməsinə səbəb olmuşdu. İndi isə Rusiya çökməsə belə, iqtisadi vəzityyət getdikcə ağırlaşır və yığım imkanları məhdudlaşır.

Azərbaycandan Türkiyəyə çox pul göndərməsinin bir neçə səbəbi var. Əvvəla, Türkiyədə biznes mühiti daha azaddır – Azərbaycan vətəndaşları rahatlıqla orada biznes qura bilirlər. Doğrudur, ötən ildən başlayaraq, belə halların sayı da azalır. Belə ki, Türkiyə Ticarət və Sənaye Palatasının (TOBB) məlumatına görə, 2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 194 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 73 şirkət azdır. bu barədə məlumat verilib. Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 323 milyon 545 min türk lirəsi olub. 2023-cü ilin eyni dövründə bu rəqəm 474 milyon 520 min türk lirəsi təşkil etmişdi.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alın şirkətlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 65 ədəd azalaraq 101 olub. TOBB-un məlumatından aydın olur ki, şirkət sayı azalsa da, onların kapitalında ciddi artım var. Belə ki, görə, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 486 milyon 350 min türk lirəsi təşkil edib. 2024-cü ilin eyni dövründə bu rəqəm 290 milyon 740 min türk lirəsi olmuşdu.
Türkiyədə biznes qurmaq istəyənlərin sayının azalması bu ölkədəki yüksək inflyasiya, iqtisadi göstəricilərin aşağı düşməsi ilə bağlıdır.

Biznesdən əlavə, Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlaka, xüsusilə yaşayış evlərinə də vəsait yatırırlar. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 741 mənzil alıblar. Bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə olaraq 59 mənzil və ya 8,6 faiz çoxdur.

Təkcə oktyabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 96 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 18 mənzil və ya 23,1 faiz çoxdur. Oktyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda bir pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.

Nəhayət, Azərbaycandan Türkiyəyə pulköçürmələrindəki artımın bir səbəbi də orada çox sayda tələbənin təhsil almasıdır. Rəsmi məlumata əsasən hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu qədər tələbənin qalmaq, təhsil və yemək xərclərinin ödənməsinə sərf olunan vəsaitlərin böyük qismi Azərbaycandan aylıq olaraq göndərilir.

Dünya SAKİT,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR