İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan gələcəkdə də öz maraqlarının təmin olunmasını istəyirsə..."

558 07.01.2026 00:42 Dünya A A

Cənubi Qafqaz beynəlxalq güclərin hər zaman diqqət mərkəzində olub və tarix boyu da bu region böyüklərin maraqlarının toqquşduğu məkan kimi tanınıb.

Heç şübhəsiz ki, Azərbaycanın lider olduğu Cənubi Qafqazda ən çox maraqlarını təmin etməyə çalışan Rusiya, Türkiyə, İran, ABŞ və Avropa İttifaqıdır. Azərbaycan müstəqil olduğu zaman kəsiyində daim balanslı siyasətə üstünlük verərək, adları qeyd olunan bütün tərəflərlə əlaqələrini yaxın tutmağa çalışıb, eyni zamanda, dövlət maraqlarını daim öndə tutub. Hazırda da eyni siyasi xətt yürüdülür.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-da bu istiqamətdə tarixə ekskursiya etdi: "Tarixə nəzər saldıqda Azərbaycan regiona təsiretmə imkanları olan dövlətlərin müvafiq maraqlarını uzlaşdırmağa nail olanda qazanclı çıxıb, əks halda isə itirib. Məsələn, regionda tarixi-əzəli rəqiblər Türkiyə və Rusiyanın bu rəqabətdən imtina edib praqmatik əməkdaşlığı üstün tutması Azərbaycan lehinə nəticələrə gətirib çıxarıb. Misal olaraq, Osmanlı sonrası birinci türk-rus yaxınlaşması Qars və Moskva müqavilələri ilə Naxçıvanın taleyinin Azərbaycan lehinə həll olunmasında həlledici olmuşdu. Konfrontasiya, yaxud rəqabət dövrləri üçün isə bunun tam əksini qeyd etmək olar. Belə ki, I Qarabağ müharibəsində Türkiyədən ölkəmizə hər hansı hərbi yardım gəlmədi. Müvafiq tənqidlərdən sonra Türkiyənin baş naziri Tansu Çiller Türkiyə Böyük Millət Məclisində çıxış edərək “ermənilər Naxçıvanı da işğal edərlərsə, o zaman Türkiyə Ermənistana müharibə elan etməlidir” şəklində fikirlərini açıqlamışdı. Lakin bu açıqlamadan az sonra o vaxtkı Rusiya müdafiə naziri Qraçov, “Türkiyə Naxçıvana hər hansı hərbi müdaxilə edərsə, bu üçüncü dünya müharibəsinə yol açar” deyərək Türkiyənin nəinki Qarabağa, hətta 1921-ci il müqavilələri ilə qarant durduğu Naxçıvana belə müdaxilə etməsinə izin verməmişdi. Bunun qarşılığında Türkiyə Azərbaycana siyasi dəstək verməklə kifayətlənmiş, Mart 1993-cü il tarixindən öz ölkə ərazisindən keçərək Ermənistana gedən “humanitar yardım”lara qadağa qoymuş və Ermənistanla sərhədlərini bağlamaq qərarı almışdı. Yalnız 1993-cü ilin oktyabrında Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlib Rusiya ilə münasibətləri sahmana saldıqdan və xarici siyasəti balanslaşdırdıqdan sonra Türkiyə də Azərbaycana yardım etməyə ürək elədi. Belə ki, Ermənistanla Türkiyə sərhəddinə 50 min türk əsgəri yerləşdirildi və bu, ermənilərin daha irəli getməsinin qarşısını alaraq 1993-cü ilin sonunda Azərbaycanın uğurlu əks-hücum əməliyyatlarına yardım etdi. Məhz bu səbəblə 1993-cü ilin dekabrında Azərbaycan qoşunları Horadiz əməliyyatı ilə Füzulinin yarıya qədərini və Cəbrayılın Cocuq-Mərcanlı kəndini azad edə bilmişdi. Yenə də balanslı siyasət dadımıza çatmışdı. Bu gün də məhz həmin balansı siyasətin bəhrəsi olaraq işğal altında olan torpaqlarımız tamamilə düşməndən azad edilib. Təsadüfi deyil ki, 2019-2020-ci illər Türkiyə və Rusiyanın ən sıx əməkdaşlıq etdiyi dövr idi. Belə ki, 2019-cu ildə hətta CAATSA - ABŞ sanksiyalarına rəğmən Türkiyə Rusiyadan S-400-lər almışdı. Bu da təsadüf deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni hava məkanını pozduğuna görə vuraraq düşürməsinin ardından iki ölkə arasında yaşanan tarixin ən sərt böhranı zamanı tərəfləri barışdırmaq üçün çalışmış və məhz bu diplomatik səylər nəticəsində tərəflər mövqelərini təkrar uzlaşdırmışdı".

Siyasi şərhçi onu da qeyd etdi ki, regionda maraq toqquşmaları nəticəsində yaşana biləcək gərginlik heç də Azərbaycanın milli maraqlarına xidmət etmir: "Bu hazırda istər ABŞ-İran müharibəsi, istərsə də ABŞ-Rusiya qarşıdurması olsun. Müharibələr, münaqişələr və qlobal rəqabət regionumuzu daha həssas edir.

Azərbaycanın eyni ildə həm Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, həm də ABŞ-la strateji tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair bəyannamə imzalaması bu qlobal rəqabətdən qalib çıxmaq məqsədi güdür. Azərbaycan iki əsas hədəfinə –işğal altında olan torpaqların azad olunması və siyasi-iqtisadi müstəqilliyimizin, suverenliyimizin təmininə nail oldu. Lakin burada güc də həlledici faktordur. Başqa sözlə, həm hərbi-siyasi gücünü artırmaq, həm də qlobal uzlaşmaları milli maraqların təmin olunmasına yönləndirmək qarşıdakı dövr üçün əsas strategiya olaraq qəbul edilə bilər. Bu mənada Rusiya ilə ötən ildən mövcud gərginliyin sonlandırılması, qlobal uzlaşdırmaya nail olunması Zəngəzur dəhlizinin açılışına da xidmət edə bilər. Bütün bunların fonunda, müasir dünyanın qlobal çağırışlarına cavab olaraq Azərbaycan çoxtərəfli diplomatiyanı, praqmatik, qlobal müstəvidə balanslaşdırılmış siyasəti seçib.

Azərbaycan gələcəkdə də öz maraqlarının təmin olunmasını istəyirsə, Türkiyə və Rusiyanın, ABŞ və Rusiyanın öz regionunda mümkün konfrontasiyasını önləməli və ola biləcək qarşıdurmalardan çəkinməlidir. Heydər Əliyev demiş, heç bir ölkəni özümüzə düşmən etməməliyik. Post-münaqişə dövründə Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirmək mühüm ölçüdə Azərbaycandan asılıdır".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR