Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində son dövrlərdə müəyyən addımlar atılsa da, bu proses hələ də həssas və mürəkkəb mərhələdədir. Bu kontekstdə tez-tez gündəmə gələn suallardan biri də Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) Ermənistanda keçirilən seçkiləri müşahidə edib-edə bilməsidir.
"Müxtəlif səviyyələrdə əlaqələr qurulur: siyasi, parlamentlərarası və ekspert sahələrində, eləcə də vətəndaş cəmiyyəti institutları səviyyəsində dialoq imkanları açılır. Bu, sülh gündəliyinin həyata keçirilməsi üçün siyasi iradənin və praktik tədbirlərin mövcudluğunu göstərir. Seçki müşahidə mexanizmlərinə gəldikdə isə, beynəlxalq təcrübədə müxtəlif formatlar mövcuddur. Bu, beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli müqavilələr, parlament nümayəndə heyətləri, seçki ekspertləri və ya vətəndaş cəmiyyəti institutları vasitəsilə həyata keçirilə bilər. Bu mərhələdə hansı konkret formatın istifadə olunacağı ilə bağlı qəti proqnoz vermək çətindir. Deputat Fariz İsmayılzadə bunu Media İnkişaf Agentliyinin təşkil etdiyi dəyirmi masada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Hüquqi baxımdan belə bir imkan tamamilə istisna olunmur. Ümumiyyətlə, beynəlxalq praktikada xarici müşahidəçilərin seçkilərdə iştirakı üçün əsas şərt ev sahibi ölkənin rəsmi dəvəti və müvafiq akkreditasiya prosedurlarından keçməkdir. Ermənistan qanunvericiliyi də seçki müşahidəsini nəzərdə tutur və müxtəlif formatlarda – beynəlxalq təşkilatlar, parlament nümayəndə heyətləri, ekspert qrupları və vətəndaş cəmiyyəti institutları vasitəsilə bu proses həyata keçirilə bilər. Bu baxımdan, nəzəri olaraq Azərbaycan QHT-lərinin də belə bir prosesə cəlb olunması mümkündür. Lakin məsələnin praktik tərəfi daha fərqli mənzərə ortaya qoyur. Burada həlledici amil hüquqi çərçivədən çox, siyasi reallıq və qarşılıqlı etimad səviyyəsidir. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin izləri hələ də tam aradan qalxmayıb. Bu səbəbdən xüsusilə milli QHT-lərin birbaşa seçki müşahidəsində iştirakı hər iki tərəfdə həssaslıqla qarşılanan məsələ olaraq qalır. Ermənistanın Azərbaycan QHT-lərinə belə bir imkan yaratması üçün yalnız hüquqi deyil, həm də siyasi iradə və müəyyən etimad mühiti formalaşmalıdır.

Mövcud şəraitdə daha real görünən variant Azərbaycan nümayəndələrinin beynəlxalq platformalar çərçivəsində seçki proseslərini izləməsidir. Məsələn, ATƏT kimi qurumların missiyaları vasitəsilə müxtəlif ölkələrdən olan müşahidəçilər, o cümlədən azərbaycanlı ekspertlər də prosesə cəlb oluna bilərlər. Bu, həm siyasi riskləri minimuma endirir, həm də obyektiv müşahidə üçün daha geniş imkanlar yaradır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Azərbaycan sülh gündəliyini yaradan ölkədir və sülhə, əməkdaşlığa stimul vermək potensialı olan platformalardan istifdaə edilməsinin tərəfdarı kimi çıxış edir:
“Bilirsiniz ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı səfərlər realldırılmaqla təmaslar var. Yəni əslində bir proses artıq başlayıb və davam etdirilir. Hər iki tərəf bunu müsbət, effektli hesab edir. Məsələyə bu istiqamətdən yanaşsaq hesab edirəm ki, Ermənistanda keçiriləcək seçkiləri müşahidə etmək üçün də seçki müşahdiçiliyi təcrübəsi olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin Ermənistana səfər etməsi mümkün ola bilər. Ermənistanın müvafiq rəsmi qurumlarından dəvət olsa və təhlükəsizlik təminatı verilsə məncə Azərbaycan sülh və əməkdaşlıq, etimad formalaşdırılması naminə dəvəti qəbul edir. Bu mənim şəxsi mövqeyimdir. Dövlətin rəsmi mövqeyinin necə olduğunu isə yəqin ki, məsələ real gündəmə gələrsə dəqiq biləcəyik”.
Etibar Seyidağa,
Musavat.com






