İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan sanatoriyalarının real vəziyyəti, şərait var, amma... - ARAŞDIRMA

1381 19.02.2026 13:54 Ölkə A A

2025-ci il ərzində 38 mindən çox yollayış verilib; Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizminin imkanları genişdir

Azərbaycan zəngin təbii müalicə resurslarına malik ölkədir. Naftalan nefti, mineral-termal bulaqlar, müalicəvi palçıqlar və unikal mikroiqlim zonaları ölkəyə sağlamlıq turizmi baxımından böyük üstünlüklər verir. Rəsmi statistikaya görə, sanatoriya və kurort mərkəzlərinə maraq artmaqdadır. Bəs real vəziyyət necədir? Mövcud imkanlar xidmət keyfiyyəti, infrastruktur və beynəlxalq rəqabət baxımından gözləntiləri qarşılayırmı?

Musavat.com bu suallara cavab tapmaq üçün araşdırma aparıb.

Dövlət Statistika Komitəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə ölkədə 39 sanatoriya-kurort müəssisələri fəaliyyət göstərib. Sorğumuza cavabda o da qeyd olunub ki, həmin müəssisələrdə xidmət göstərilənlərin sayı 76 min 521 nəfər olub.

Musavat.com mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da (AHİK) sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin əvvəlinə dair rəsmi statistik göstəricilərə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində 9 sağlamlıq mərkəzi və 2 ümumi sağlamlıq proqramlarını əhatə edən müəssisə fəaliyyət göstərir. “Kurort” QSC üzrə günlük çarpayı fondu 1300-ə bərabərdir.

Sağlamlıq mərkəzlərinin böyük hissəsi təbii müalicə resursları olan ərazilərdə yerləşir:

1517335117_5.jpg (118 KB)

Naftalan - neft vannaları ilə müalicə üzrə əsas kurort zonası;
Naxçıvan Muxtar Respublikası (Duzdağ) - speleoterapiya (duz terapiyası);
Abşeron və Bakı ətrafı - reabilitasiya, dəniz-iqlim terapiyası, mineral vannalar və palçıq terapiyası.
Sanatoriyalar isə əsasən bir neçə kateqoriyaya aid istiqamətlər üzrə ixtisaslaşıb.
Təbii resurslar üzrə: balneoloji müalicə; mineral sular; Naftalan nefti; müalicəvi palçıq; speleoterapiya (duz terapiyası);
Tibbi xidmətlər üzrə: reabilitasiya və fizioterapiya proqramları - travma və əməliyyatdan sonrakı bərpa; dayaq-hərəkət sistemi xəstəlikləri üzrə müalicə; tənəffüs sistemi xəstəlikləri üzrə müalicə;
Wellness və SPA xidmətləri - stressin azaldılması, ümumi sağlamlıq proqramları.

Bu istiqamətlər həm tibbi müalicə, həm də istirahət məqsədli xidmətləri əhatə edir və sağlamlıq turizminin əsas seqmentlərindən sayılır.
Oxucularımız üçün sağlamlıq mərkəzləri haqqında detallı məlumat da əldə etmişik.

“Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzinin xidmətlərinə yod-brom vannaları, naftalan və parafin terapiyası, həmçinin təbii palçıqla müalicə prosedurları daxildir. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif ixtisaslı tibbi kabinetlərdən ibarətdir.

“Bilgəh” sağlamlıq mərkəzi mülayim iqlim şəraitinə malik ərazidə yerləşdiyi üçün ürək-damar xəstəliklərinin müalicəsi üçün son dərəcə əlverişli hesab olunur. Burada xəstələr təbii və müalicəvi xüsusiyyətlərə malik yod-brom tərkibli mineral su ilə müalicə olunur. Mərkəzin ərazisində müalicə və yataq korpusları, bir və iki mərtəbəli kotteclər, yeməkxana, klub, idman meydançası, tennis kortu və digər yardımçı infrastruktur obyektləri yerləşir.

“Şıx” sağlamlıq mərkəzi dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən mərkəzdir. Unikal iqlimi, yod və duzla zəngin dəniz havası, qızılı kvars qumları və hidrogen-sulfidli termal suları ilə sağlamlıq üçün əlverişli şərait yaradır. Mərkəzdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş müalicə otaqları, fizioterapiya, balneoterapiya və reabilitasiya xidmətləri göstərilir.
“Buzovna” fizioterapiya mərkəzində müalicə və müayinə kabinetləri, masaj otaqları mövcuddur.

“Günəşli” sağlamlıq mərkəzi sinir sistemi xəstəlikləri olanlar üçün əlverişlidir. Xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur. Mərkəzdə 2 yataq korpusu, inzibati bina, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançaları mövcuddur.

whatsapp-image-2025-12-10-at-110.jpg (531 KB)

“Kurort Naftalan” sağlamlıq mərkəzi müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə tanınan Naftalan şəhərində yerləşir. Sağlamlıq mərkəzində həkim otaqları, masaj və vanna bölmələri, fizioterapiya kabinetləri, yeməkxana, eləcə də idman zalı fəaliyyət göstərir. Müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə korpusunda müayinə, masaj, fizioterapiya, parafin və karbon terapiyası otaqları, inqalyasiya bölməsi və müxtəlif profilli tibbi kabinetlər mövcuddur. “Kurort Naftalan”ın müalicə bazası əsasən dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsinə yönəlib. Burada 4-cü nəsil müasir tibbi avadanlıqlarla həyata keçirilən fizioterapiya xidmətləri, eləcə də müalicəvi naftalan nefti əsasında vanna prosedurları təqdim olunur. Mərkəzin müalicə xidmətlərinə naftalan vannaları, kombinə edilmiş naftalan prosedurları, manual terapiya, parafin terapiyası, hidroterapiya (su-fizioterapiya), inqalyasiya və digər müalicəvi prosedurlar daxildir.

“Şəfa” sağlamlıq mərkəzi isə Mərkəz Qax rayonunda meşəlik ərazidə yerləşir. Mərkəzdə ürək-damar, sümük-oynaq və əzələ sistemləri, böyrək, mədə-bağırsaq, periferik sinir sistemi və maddələr mübadiləsi pozuntuları kimi bir sıra xəstəliklərin profilaktik müalicəsi üçün şərait mövcuddur. Qonaqlar gündə 3 dəfə yeməklərlə təmin olunurlar. Menyuda həm diyetik qidalar, həm də milli mətbəxin zəngin nümunələri nəzərə alınır. AHİK-in üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının “Duzdağ” hoteli isə 100 standart, 35 kiçik suit, 8 suit, 1 kral dairəsi olmaqla 144 otaq və 7 villadan ibarətdir. Ərazidə aqua park, sürüş zolağı, oyun zalı, Duzdağ Hotel Spa Mərkəzi, minifutbol meydançası mövcuddur.

AHİK-in üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının “Darıdağ" arsenli su müalicə mərkəzi isə Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşir. “Darıdağ” suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur, lakin suyun tərkibindəki mineral duzların mütənasibliyinə görə “Darıdağ” suyu onlardan üstündür. “Darıdağ” suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərinin, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Hazırda burada arsenli su vannası vasitəsilə revmatik, dəri, əzələ və sinir sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır.

“Miras” istirahət mərkəzində hovuz, türk hamamı və saunalar fəaliyyət göstərir. İstirahət mərkəzində avadanlıqlarla təchiz olunmuş idman otağı mövcuddur: qaçış lenti, velotrek, pilləkən, tennis stolu və çöldə 6 müxtəlif idman trenajoru quraşdırılıb. Qonaqların rahatlığı üçün müasir dizaynla 24 otaq mövcuddur. Səməd Vurğun adına sağlamlıq və istirahət mərkəzi isə Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşir. Burada “suite” və “standart” tipli olmaqla, ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkündür. Yaradıcılıq evində kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərərir. Eyni zamanda futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına verilib.

1762243247362-DSC0053710-11-AM_r.jpg (1.70 MB)

O ki qaldı yerli və əcnəbi turistlərin tələbatlarına, AHİK-dən sorğumuzuna cavabda qeyd olunub ki, sağlamlıq mərkəzlərinin xidmətlərinə tələbat əsasən yerli vətəndaşlar tərəfindən formalaşır. Dövlət və həmkarlar ittifaqları tərəfindən sosial paketlər və subsidiyalı yollayışlar təqdim olunur ki, bu da daxili tələbi artırır. Əcnəbilər də xüsusilə balneoloji və tibbi turizm məqsədilə mərkəzlərə müraciət edirlər. Onlar daha çox balneoloji müalicə ilə tanınan kurortlara üstünlük verirlər: “Kurort Naftalan” sağlamlıq mərkəzi; “Şıx” sağlamlıq mərkəzi; “Bilgəh” sağlamlıq mərkəzi...

Lakin ümumi turist axınında müalicə məqsədli səfərlərin payı yerli turistlərlə müqayisədə daha aşağıdır.

2025-ci ildə sağlamlıq mərkəzlərinə yollayışların sayına gəlincə, qurumdan bildirilib ki, AHİK tərəfindən 2025-ci il ərzində 38 mindən çox yollayış verilib ki, onun da 20 mindən çox müalicə təyinatlı olub. Bu göstərici əvvəlki illərlə müqayisədə artım tendensiyası nümayiş etdirir. Müalicə təyinatlı yollayış alanların 98 faizdən çoxu faktiki olaraq sanatoriya xidmətlərindən istifadə edib.

Mövzunu Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevlə də müzakirə etdik. R. Quliyev vurğulayıb ki, Azərbaycanda sağlamlıq turizmi ənənələri hər zaman mövcud olub: “Hələ müstəqillikdən əvvəlki illərdə Naftalan, Qalaaltı kurortları məşhur olub. Azərbaycanda sanator-kurort sistemi əsasən təbii müalicə üzərində qurulub. Sağlamlıq mərkəzləri balneoterapiya, klimoterapiya, palçıqla müalicə, duzla müalicə və s. üzrə fəaliyyət göstərir. Xəstəliklərə gəlincə, bu mərkəzlərdə tənəffüs yolları, bronxial astma, allergiya, psoriaz, ekzema, sümük-əzələ sistemləri problemləri ilə bağlı müalicələr aparılır”.

Ayrı-ayrı bölgələrin sağlamlıq turizmi imkanları ilə bağlı danışan ekspert qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizminin imkanları genişdir: “Kəlbəcərdə Turşsu, Zəngilanda Qotursuyu qeyd edə bilərik. Kəlbəcərdə mədə-bağırsaq, qaraciyər, böyrək, maddələr mübadiləsi xəstəlikləri müalicə olunur. Digər bölgələrə gəlincə, Şəki, Zaqatala, Quba, Qusar, Lənkəranda ürək-damar, sinir sistemləri ilə bağlı, eləcə də ümumi sağlamlıq, istirahət üçün paketlər hazırlanır. Təbii ki, əsas hədəfimiz dünya sağlamlıq turizmi bazarına rəqabətqabiliyyətli məhsulların çıxarılmasıdır. Azərbaycanın sağlamlıq turizminin imkanları genişdir, lakin bu, kifayət etmir. Qiymətlərin uyğun olması, xidmətin keyfiyyəti, tibbi prosedurların effektivliyi, peşəkar kadr heyəti, beynəlxalq platformalarda sertifikatların verilməsi, qeydiyyatdan keçmə, komfortlu şərait, personalın dil bilgisi, müasir tibbi avadanlıqların mövcudluğu və s. də önəmli faktorlardır. Sağlamlıq turizminin digər turizm növlərindən fərqi odur ki, mövsümi xarakterli deyil, ilboyu tələbat var”

R.Quliyevin fikrincə, əsas məsələlərdən biri marketinq və reklam strategiyasının sistemli şəkildə həyata keçirilməsidir: “Sanator-kurort mərkəzləri daim öz üzərində işləyib, yeniliklərə açıq olmalıdırlar. Münbit şərait var və əsas hədəflərdən biri Azərbaycanı sağlamlıq turizmi mərkəzlərindən birinə çevirməkdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR