Milli Məclis ötən gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Bu dəyişiklik dövlət başçısı tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək.
Dəyişikliyin mahiyyəti layihə açıqlanan gündən müzakirə olunmaqdadır: investisiyaların dövlət tərəfindən geri alınmasına imkan verən halların genişləndirilməsi hansı zərurətdən irəli gəlib? Bu dəyişikliyin ölkənin investisiya aclığı keçirdiyi indiki məqamda edilməsi nə vəd edir iqtisadiyyat üçün?
Xatırladaq ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla – dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
Qəbul olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasını müəyyən edir. Bu, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
Rəsmi statistikaya əsasən, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına 21 milyard 226,1 milyon manat investisiya yatırılıb ki, bu da 2024-cü illə müqayisədə 5,6 faiz azalma deməkdir. Ümumi investisiyaların 17 milyard 23 milyon manatı daxili, 4 milyard 203 milyon manatı isə xarici investisiyaların payına düşüb. Neft-qaz sektoruna yatırımlar 5 milyard 340 milyon manat (10,3 faiz azalma), qeyri-neft sektoruna yatırımlar isə 15 milyard 886 milyon manat (3,9 faiz azalma) təşkil edib.
Statistika Komitəsinin açıqladığı hesabatdan aydın olur ki, 2025-ci ildə investisiya qoyuluşunun ən böyük azalması emal sənayesində qeydə alınıb – iki dəfədən çox. Ötən il bu sahəyə cəmi 636,7 milyon manat investisiya yatırılıb. Halbuki, 2024-cü ildə emal sənayesinə əvvəlki ilə müqayisədə 45,7 faiz çox olmaqla 1 milyard 347,9 milyon manat yatırım edilmişdi. Nəzərə alsaq ki, Azərbaycan neft hasilatı və ixracının azalması dövrünü keçirir, dövlətin investisiya imkanları getdikcə daralır, onda bu cür dəyişikliyin investorlar üçün əlavə çəkindirici amilə çevrilməsi ehtimalının yüksək olduğunu söyləmək olar.

İqtisadçı Eldəniz Əmirovun fikrincə, dəyişiklik müəyyən zərurətdən irəli gəlir və strateji sahələrdə dövlətin maraqlarının qorunması baxımından başa düşüləndir: “Belə ki, qanun layihəsinə əsasən, dövlət strateji əhəmiyyətə malik investisiyaları investordan əldə edə bilər və bu yalnız Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər verən və ya milli maraqlara zidd olan müstəsna hallarda tətbiq ediləcək. Lakin burada çox vacib bir məqam var. Bu dəyişikliklər investisiya mühitinə mənfi təsir göstərməməlidir. İnvestor üçün əsas məsələ proqnozlaşdırıla bilən və aydın hüquqi çərçivənin olmasıdır”.
İqtisadçıya görə, qanunda istifadə olunan “strateji əhəmiyyət”, “xalqın mənafeyi”, “milli maraqlar” kimi ümumi ifadələrin konkret izahına ehtiyac var: “Çünki ölkəmiz üçün təxminən 10-dan çox strateji istiqamət, 100-ə yaxın xalqın mənafeyi ilə bağlı istiqamətlər, 50-dən çox istiqamətdə milli maraqlar mövcuddur. Bu isə yüzlərlə konkret fəaliyyət və qərar sahəsi deməkdir. Əminliklə demək olar ki, qeyd olunan bu geniş istiqamətlərin hamısı qanunun birbaşa tətbiq obyektini təşkil etməyəcək. Buna görə də yüksək səviyyəli institusional müzakirələr nəticəsində risk baxımından daha həssas hesab edilən konkret 5-10 istiqamətin ayrıca olaraq qanunvericilikdə dəqiq göstərilməsi daha məqsədəuyğun olardı. Çünki bu anlayışların sərhədləri aydın müəyyən edilmədikdə geniş şərh və interpretasiya riski yaranır.
Məhz buna görə də yeni dəyişikliklərdə bu anlayışların konkret istiqamətlər üzrə açıqlanması vacibdir. Qanunvericilik praktikasında belə yanaşmanın nümunələri mövcuddur və tətbiqi hüquqi müəyyənliyi gücləndirər, investor etimadını qoruyar. Çünki aydınlıq və şəffaflıq güclü investisiya mühitinin əsas şərtidir”.

Hüquqşünas Əkrəm Həsənovun Musavat.com-a dediyinə görə, dünyada strateji sahələrdə dövlət maraqlarına zidd olan investorların investisiyalarının geri qaytarılması halları çoxdur: “Belə tələblər ABŞ, Avropa dövlətləri kimi inkişaf etmiş ölkələrin qanunvericiliyində də var və tətbiq də olunur. Xatırlayırsınızsa, Donald Tramp administrasiyasının tələbi ilə Çin şirkəti TikTok-un ABŞ bölməsinin sahibliyindən çəkildi. Azərbaycanda qanunvericiliyə belə təcrübənin daxil edilməsi prinsip etibarilə normal yanaşmadır – hər bir dövlət öz maraqlarını qorumalıdır.
Qeyd etdiyim ABŞ təcrübəsində Ağ Ev əvvəlcə Çini qorxutdu, sonra istəyinə nail oldu və proses tam qanunlar çərçivəsində həyata keçirildi. Bu gün Azərbaycanda dəyişikliklə bağlı hansısa məmurdan nəsə soruşsan, deyəcək ki, ABŞ-da da bu var. Amma ABŞ-da müstəqil məhkəmə hakimiyyəti də var axı. Elə bu günlərdə ABŞ Ali Məhkəməsi Trampın 1 ildir tətbiq etdiyi rüsumların 90 faizdən çoxunun qanunsuz olduğuna dair qərar qəbul etdi. Yəni, bu ölkədə qanun olduğu kimi tətbiq olunur, olunmursa, bunun qarşısını alacaq məhkəmələr var. Eləcə də Avropada. Gəlin görək Azərbaycanda məhkəmə hakimiyyətinin belə müstəqilliyi varmı? Bizim məhkəmələrdə hətta orta ranqlı məmurun, adi tikinti şirkətinin şəxsi maraqları naminə qanunun tələbləri kənara qoyulur. Belə şəraitdə hansı məhkəmə investorun hüququnu qorumaq üçün qanunun tələblərinə əməl edəcək? Və kimi inandırmaq olar ki, məhkəmə hakimiyyətinin indiki vəziyyətində qanunun tələblərinə dəqiq əməl olunacaq, sui-istifadəyə yol verilməyəcək? Hansı investor əmin ola bilər ki, dövlət maraqları adı altında hansısa məmurun biznes maraqlarına görə onun əziyyət çəkib qurduğu iş əlindən alınmayacaq”?
Hüquqşünas hesab edir ki, Azərbaycanda investisiyalarla bağlı ən böyük problem məhkəmələrin müstəqilliyi məsələsidir: “Bizdə nəinki investisiyalara, vətəndaşların əzəli hüququ olan mülkiyyət hüququna belə zəmanət yoxdur. Müxtəlif şəxslərin maraqları naminə bəzən onlarla, yüzlərlə şəxsin mülkiyyət hüququ tapdanır. Yaxud hətta məhkəmə qərarı əldə edildikdə belə, onun icrasına təminat yoxdur. Əlində qərarı ola-ola, illərlə əmlakına, biznesinə yaxın buraxılmayan yüzlərlə iş adamı, minlərlə adi vətəndaş var. Buna görə də ölkəyə investor cəlb etmək istəyiriksə, ilk növbədə məhkəmələrdən, qanununun aliliyinin təmin olunmasından başlamalıyıq”.
DÜNYA,
Musavat.com






