İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb?

560 25.06.2026 14:53 İqtisadiyyat A A

2026-cı ilin ilk 5 ayının yekunlarına dair açıqlanan statistika Azərbaycanın biznes sektorunda kəskin daralmanı ortaya qoyub. Şirkət qeydiyyatının birdən-birə 85%-dən çox azalması ölkə iqtisadiyyatında hansı proseslərin getdiyini və bu bədbin statistikanın real səbəblərinin nədən ibarət olduğunu araşdırmağı zəruri edir.

Müqayisəli statistika göstərir ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 6 236 yeni şirkət qeydiyyata alındığı halda, 2026-cı ilin eyni dövründə bu rəqəm kəskin şəkildə azalaraq, cəmi 910 şirkətə düşüb. Bu isə yeni şirkətlərin yaranma dinamikasında rəsmən 85.4% kəskin azalma deməkdir. Kəskin fərq onu göstərir ki, hər ay orta hesabla 1200-dən çox şirkətin qurulduğu iqtisadi mühitdə indi bu rəqəm ayda cəmi 180-ə düşüb. Bəs hüquqi şəxslərin yaradılmasında fəallığın bu dərəcədə iflic olmasının səbəbləri nələrdir?

Ekspertlərin fikrincə, bu azalmanı bir neçə konseptual amillə izah etmək olar.

Təkcə daxili rəsmi statistika deyil, həm də nüfuzlu beynəlxalq maliyyə qurumlarının və müstəqil biznes assosiasiyalarının hesabatları Azərbaycanda biznesin fəaliyyət imkanlarının daraldığını dolayı yollarla təsdiqləyir.

Dünya Bankının ölkədəki biznes və investisiya mühitinə dair analitik qeydlərində mütəmadi olaraq vurğulanır ki, administrativ (inzibati) maneələr, bazara daxilolma xərclərinin yüksək olması və rəqabət mühitinin şəffaf olmaması xüsusilə yeni yaranan kiçik müəssisələrin ("start-up" və KOB-ların) davamlılığına mənfi təsir göstərir.
Qeyri-neft sektorunun inkişaf tempinin zəifləməsi də əsas amillərdəndir. DSK-nın məlumatına görə ilin 5 ayında qeyri-neft ÜDM cəmi 4 faiz artıb. Dövlətin strateji hədəfi qeyri-neft ÜDM-ni artırmaqdır. Lakin yeni şirkətlərin yaranmaması bu şaxələndirmə siyasətinə ciddi zərbə vurur.

Liberal İqtisadçılar Birliyinin sədri, iqtosadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:"Azərbaycanda yeni şirkətlərin qeydiyyatının 7 dəfədən çox azalması iqtisadi fəallığın zəifləməsi ilə bağlı bir sıra problemlərin göstəricisi kimi qiymətləndirilə bilər. Əsas səbəblərdən biri biznes mühitində mövcud olan inzibati maneələr, bazara daxilolma xərclərinin yüksəkliyi və rəqabət şəraitinin kifayət qədər şəffaf olmamasıdır. Bu amillər xüsusilə kiçik və orta sahibkarların yeni biznes yaratmaq marağını azaldır".

İqtisadçı əlavə edib ki, maliyyə resurslarına çıxışın məhdudluğu, kreditlərin yüksək faizlə verilməsi və investisiya mühitindəki qeyri-müəyyənlik də yeni şirkətlərin yaranmasına mənfi təsir göstərir:" Sahibkarlar gələcək gəlirlərlə bağlı risklərin artdığını gördükdə yeni fəaliyyətə başlamaqdan çəkinirlər.
Qeyri-neft sektorunda artım tempinin zəifləməsi də mühüm rol oynayır. İqtisadiyyatın şaxələndirilməsi üçün yeni müəssisələrin yaranması vacib olsa da, bu sahədə fəallığın azalması biznes təşəbbüslərinin zəiflədiyini göstərir. Eyni zamanda bazarın müəyyən sahələrdə doyması, istehlak tələbinin gözlənilən səviyyədə artmaması və iqtisadi artımın əsasən iri layihələr hesabına təmin olunması kiçik biznes üçün imkanları məhdudlaşdırır. Nəticədə, yeni şirkət qeydiyyatlarının kəskin azalması ölkədə sahibkarlıq mühitinin əvvəlki illərlə müqayisədə daha çətinləşdiyini, investor və sahibkarların isə daha ehtiyatlı davrandığını göstərən siqnal kimi qiymətləndirilir".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR