İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın WUF13 pavilyonunda bu layihələr nümayiş olunur FOTO

491 18.05.2026 12:32 Gündəm A A

“Azərbaycanın WUF13 çərçivəsində təqdim olunan milli pavilyonu Heydər Əliyev Mərkəzinin memarlığından ilhamlanaraq hazırlanıb. Pavilyonun giriş hissəsində yerləşdirilən çinar ağacı inkişafın, həyatın və Azərbaycanın rəmzlərindən biri kimi təqdim edilir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov deyib.

“Pavilyonda Azərbaycanın keçmişdən gələcəyə doğru şəhərsalma, memarlıq irsi və inkişaf layihələri barədə məlumat almaq olar. Burada həmçinin, Azərbaycanın təbii zənginliyi barədə məlumat verilir. Ümumdünya Şəhərsalma Forumunun əsas mövzularından biri olan mənzil siyasəti də ayrıca bölmədə əksini tapıb. Burada Bakının hansı mərhələlərdən keçdiyi, şəhərin necə inkişaf etdiyi, mövcud çağırışlar və gələcək layihələr barədə də məlumat verilir. Bütün stendlərdə artıq reallaşdırılmış, nəzərdə tutulan layihələri görmək olar. Qarabağ və Şərqi Zəngəzurda 43 yaşayış məntəqəsinə köç başlayıb və bölgəyə qayıdan, işləyən, təhsil alan insanların sayı 90 minə yaxınlaşır. Bu layihələri böyük qürurla təqdim edirik. Onlarla yaşayış məntəqəsində tikinti-quruculuq işləri davam edir”, - o qeyd edib.

Komitə rəsmisi vurğulayıb ki, pavilyonda layihələrin memarlıq yanaşmaları, əsas göstəriciləri, komponentləri diqqətə çatdırılır:

“Pavilyonda Gəncə də daxil olmaqla, digər Azərbaycan şəhərlərinin şəhərsalma layihələri də nümayiş olunur. Bundan başqa, turizm sektoruna həsr olunmuş xüsusi zonada Azərbaycanın müxtəlif bölgələrinə virtual səyahət imkanı yaradılıb. Ümid edirik ki, bu virtual ziyarətlər gələcəkdə real ziyarətlərə çevriləcək”.

Ramil Cahangirov qeyd edib ki, pavilyonda 20-dən çox tədbir və panel müzakirəsi keçiriləcək.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR