Rusiyanın Ukraynaya qarşı başladığı müharibə təkcə iki dövlət arasında silahlı toqquşma deyil. Bu münaqişə post-sovet məkanında yaşayan milyonlarla insanın taleyinə, hüquqi statusuna və gələcəyinə birbaşa təsir göstərən mürəkkəb siyasi və sosial prosesə çevrilib. Artıq dünya da, insanlar da bu müharibəyə öyrəşmiş kimi görünür. Hətta bubu qazanc yerinə çevirənlər də az deyil... Ancaq bu qazancın sonu yoxdur, ölümdür.
Müharibənin gedişində müxtəlif millətlərdən olan şəxslərin Rusiya tərəfində döyüşlərə cəlb edilməsi faktları ortaya çıxıb. Təəssüf ki, bu prosesdən kənarda qalmayan xalqlardan biri də azərbaycanlılardır.
Məsələnin ən narahatedici tərəfi ondan ibarətdir ki, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə iştirak edən azərbaycanlılar yalnız Rusiya vətəndaşları ilə məhdudlaşmır.

Bu siyahıda əmək miqrantları, qeyri-müəyyən hüquqi statusu olan şəxslər və hətta 44 günlük Vətən müharibəsində iştirak etmiş Azərbaycan qazilərinin adlarının hallanması cəmiyyət üçün ciddi siqnal olmalıdır.
Rusiya vətəndaşı olan azərbaycanlıların bu ölkənin ordusunda xidmət etməsi hüquqi baxımdan müəyyən qədər izah oluna bilər. Lakin problem bununla bitmir. Ən təhlükəli və problemli kateqoriya miqrant kimi Rusiyada yaşayan, sosial və iqtisadi baxımdan həssas vəziyyətdə olan azərbaycanlılardır.
Bu şəxslər çox vaxt seçim qarşısında qoyulurlar: ya deportasiya, ya həbs, ya da “könüllü” şəkildə müharibəyə göndərilmək.
Belə hallarda “könüllülük” anlayışı formal xarakter daşıyır və faktiki məcburiyyət mexanizminə çevrilir.

Bu prosesdə Rusiya dövlətinin miqrantların zəif hüquqi mövqeyindən istifadə etməsi açıq şəkildə görünür. Müharibə uzandıqca insan resursuna ehtiyac artıb və bu ehtiyac postsovet ölkələrindən olan miqrantlar hesabına ödənməyə çalışılır. Azərbaycanlı miqrantların bu sistemin tərkib hissəsinə çevrilməsi həm onların şəxsi təhlükəsizliyi, həm də Azərbaycanın milli maraqları baxımından ciddi risk yaradır.
Lakin məsələ bununla da bitmir. Cəmiyyət üçün ən ağır və qəbuledilməz məqam 44 günlük müharibədə iştirak etmiş bəzi Azərbaycan qazilərinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə döyüşlərə qatılmasıdır. Bu fakt təkcə hüquqi deyil, həm də dərin mənəvi və ideoloji problemdir. Azərbaycan qazisi anlayışı Vətən uğrunda mübarizə, torpaq və suverenlik uğrunda fədakarlıq deməkdir. İşğalçı müharibədə iştirak isə bu anlayışın mahiyyətinə ziddir.
Qazilərin bu cür münaqişələrə cəlb olunması və ya qoşulması cəmiyyət tərəfindən birmənalı şəkildə qınanmalıdır. Bu, nə “çətin həyat şəraiti”, nə “maddi problemlər”, nə də “aldadıldım” arqumentləri ilə əsaslandırıla bilər. İşğalçı müharibədə iştirak Qazi adına həqarətdir və bu həqiqət açıq şəkildə deyilməlidir. Əks halda, cəmiyyət səssiz qalarsa, bu, gələcəkdə daha təhlükəli tendensiyaların formalaşmasına yol aça bilər.
Azərbaycan qanunvericiliyi muzdluluq və xarici silahlı münaqişələrdə iştirakla bağlı cinayət məsuliyyəti nəzərdə tutur. Lakin mövcud vəziyyət göstərir ki, bu sahədə həm hüquqi mexanizmlər, həm də tətbiq praktikası sərtləşdirilməlidir. Hüquq-mühafizə orqanları bu məsələyə yalnız fərdi hallar kimi yox, sistemli təhlükə kimi yanaşmalıdır.
Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən şəxslər bilməlidirlər ki, bu, sadəcə “xaricdə döyüşmək” deyil, cinayət məsuliyyəti yaradan əməldir. Xüsusilə də söhbət muzdluluqdan gedirsə, burada heç bir güzəşt və ya anlaşma ola bilməz. Dövlət bu mesajı açıq və birmənalı şəkildə verməlidir.

Bu müharibənin insan talelərində yaratdığı faciələrdən biri də Rusiyanın öz döyüşçülərinə, xüsusilə qeyri-rus mənşəli şəxslərə münasibətində ortaya çıxır. Ukraynaya qarşı döyüşlərdə ağır xəsarətlər alan, qollarını və ya ayaqlarını itirən azərbaycanlılardan birinin uzun müddət Rusiya vətəndaşlığını ala bilməməsi bunun bariz nümunəsidir. Ona barmaq izi götürmək mümkün olmadığı bəhanəsi ilə vətəndaşlıq verilməmiş, yalnız uzun ictimai müzakirələrdən və təzyiqlərdən sonra bu məsələ həllini tapmışdı.
Bu hadisə bir daha göstərdi ki, Rusiya üçün bu müharibədə iştirak edən miqrant və qeyri-rus mənşəli döyüşçülər “istifadə olunan resurs”dan başqa bir şey deyil. Müharibə bitəndən sonra isə onların taleyi çox vaxt ikinci plana keçirilir. Bu reallıq Rusiyada yaşayan azərbaycanlılar üçün ciddi dərs olmalıdır.
Azərbaycanlıların Rusiyanın Ukraynaya qarşı müharibədə iştirakı təkcə fərdi seçim məsələsi deyil. Bu, geniş ictimai, hüquqi və milli təhlükəsizlik kontekstində qiymətləndirilməli olan ciddi problemdir. Cəmiyyət bu hallara biganə qalmamalı, nüfuzlu şəxslər açıq mövqe ortaya qoymalı, dövlət isə hüquqi və institusional tədbirləri gücləndirməlidir.
Azərbaycan qazisinin adı işğalçı müharibələrdə hallanmamalıdır. Azərbaycan vətəndaşı başqa dövlətin maraqları naminə qan tökməməlidir. Bu prinsip həm mənəvi, həm də dövlətçilik baxımından dəyişməz qalmalıdır.
Musavat.com






