İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı həbsxanasında olan separatçı "general"ın bacısı VƏFAT ETDİ

1738 02.01.2026 16:54 Region A A

Bakı həbsxanasında saxlanılan qondarma “artsax ordusunun sabiq müdafiə naziri” Levon Mnatsakanyanın bacısı Larisa Mnatsakanyan 56 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Bildirilir ki, Larisa Mnatsakanyan qardaşının həbsi və onun ətrafında gedən prosesləri ağır keçirib, bu vəziyyət uzun müddət onun psixoloji durumuna və səhhətinə mənfi təsir göstərib.

Açıq erməni mənbələrində Levon Mnatsakanyan Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı kimi təqdim olunur.

Bioqrafik məlumatlara əsasən, o 1990–1992-ci illərdə Xankəndidə yaradılmış silahlı dəstələrin tərkibində döyüşçü kimi fəaliyyət göstərib.

1992–1993-cü illərdə Qarabağda qondarma “mərkəzi müdafiə zonası”nda yerləşən 61-ci motoatıcı taborun komandan müavini olub, 1993–1994-cü illərdə isə artilleriya divizionunun komandiri, daha sonra artilleriya üzrə rəhbər vəzifələrdə xidmət edib.

Bu faktlar onun Qarabağ müharibəsinin ən aktiv və gərgin mərhələlərində işğal altında saxlanılan Azərbaycan ərazilərində fəaliyyət göstərən hərbi strukturların tərkibində yer aldığını göstərir.

Müharibədən sonra Mnatsakanyan separatçı rejimin hərbi iyerarxiyasında yüksəlib. O, müxtəlif illərdə Qarabağda yerləşdirilmiş erməni silahlı qüvvələrində yüksək vəzifələr tutub, 2015–2018-ci illərdə isə qondarma rejimin “müdafiə naziri” elan edilib. Bu dövrdə o, beynəlxalq hüquq baxımından Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələrin rəhbərlərindən biri sayılıb.

44 günlük Vətən müharibəsindən sonra vəziyyət dəyişib. Levon Mnatsakanyan sonradan Azərbaycan tərəfindən saxlanılaraq Bakı həbsxanasına gətirilən separatçı hərbi-siyasi fiqurlar sırasında yer alıb. Hazırda o, işğal dövründə Qarabağda tutduğu vəzifələr və fəaliyyəti ilə bağlı istintaq qarşısındadır.

Bir vaxtlar Qarabağda hakim mövqedə olan Levon Mnatsakanyan bu gün Bakı həbsxanasında saxlanılan, keçmişinə görə cavab verən qondarma general statusundadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR