İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı ilə İrəvan arasındakı əlaqələrlə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI - Bu il...

965 21.01.2026 12:33 Gündəm A A

Ermənistanın Xarici Kəşfiyyat Xidməti hesab edir ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri 2026-cı ildə dəyişməyəcək. Qeyd olunub ki, Ermənistanın KTMT-də üzvlüyünün dondurulmasının ləğvi, böyük ehtimalla, baş verməyəcək.

Bundan əlavə, Xarici Kəşfiyyat Xidməti Azərbaycanla münasibətləri də qiymətləndirib. Qiymətləndirməyə görə, ötən ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar nəticəsində Ermənistan və Azərbaycan arasında 2026-cı ildə hərbi eskalasiya ehtimalı aşağı hesab olunur, sülhün institusionallaşması ehtimalı isə artıb. Bildirilib ki, 2026-cı ildə Bakı və İrəvan arasında münasibətlərdə ən çox ehtimal olunan irəliləyiş sərhəd demarkasiyası məsələlərində, ikitərəfli ticari-iqtisadi təşəbbüslərdə, cəmiyyətlər arasında dialoqda, humanitar və digər məsələlərdə qeydə alınacaq.

kenan.jpg (34 KB)

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib:

“Bu məlumatda diqqət çəkən bir neçə məqam var. Bunlardan birincisi rəsmi İrəvanın KTMT ilə bağlı siyasətidir. Məlum olduğu kimi, Ermənistanla Rusiya arasında münasibətlər ziddiyyətlidir. Bu ziddiyyətli münasibətlər rəsmi İrəvanın üzvü olduğu KTMT ilə münasibətlərə də təsir edir. Ermənistan zaman-zaman KTMT-ni boykot edib, onun iclaslarında iştirakdan imtina edib.

Ermənistanın KTMT ilə bağlı bu siyasəti isə onun Rusiya və Qərb arasında qalması, belə demək mümkünsə, “iki stulda oturması” ilə bağlıdır. Ermənistanın KTMT-dən çıxmaması isə o deməkdir ki, bu dövlət Rusiya ilə “körpüləri” hələ tam yandırmaq istəmir. İkinci diqqət çəkən məqam Azərbaycanla münasibətlərlə bağlıdır. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin paraflanması nəticəsində regional dinamikada qarşısıalınmaz və geridönməz mərhələ başlanıb.

İndi əsas məsələ Ermənistanın konstitusiyasını dəyişməsi və Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. Çox güman, parlament seçkilərindən sonra Ermənistan iqtidarı bu istiqamətdə ciddi addımlar atacaq. O zamana qədər seçkilərdə qalib gəlməyə çalışan baş nazir Nikol Paşinyan seçkilərdən sonra münasibətlərin normallaşması ilə bağlı daha radikal addımlara gedə bilər. Bu isə yekun sülh sazişini tamamilə real ehtimala çevirir. Bu mənada cari ildə regional gərginlik ehtimalı minimal səviyyədədir.

Böyük ehtimalla bu il Bakı ilə İrəvan arasında əlaqələr genişlənəcək. Bu isə ikitərəfli münasibətlə yanaşı, həm də regional mənzərədə yeni dinamika ilə xarakterizə olunacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR