İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Paşinyana cavab: "Bu, mümkün deyil..."

2637 11.12.2025 12:30 Siyasət A A

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə birgə yol xəritəsi hazırlanmasını, paralel olaraq təkcə “Qarabağ məsələsi”ni deyil, həm də Qərbi Azərbaycan məsələsini həll etməyi təklif edib.

“Gəlin, bu məsələnin necə aradan qaldırılacağını anlamaq üçün yol xəritəsi hazırlayaq. Bu məsələnin aradan qaldırılması uzunmüddətli perspektivdə hər hansı münaqişə vəziyyətinin aradan qaldırılması deməkdir”,- deyə Paşinyan Almaniyada jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlamasını şərh edərkən bildirib.

Xatırladaq ki, Rəsmi Bakı “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədindən narazılığını ifadə edən bəyanat yayıb, sənədin sülh prosesinə zidd olduğunu, “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsindən istifadəni, eləcə də İrəvan və Brüssel arasında tərəfdaşlıqda bu məsələyə üstünlük verilməsini “qəbuledilməz” hesab edir.

Paşinyanın sözlərinə görə, bu, həssas mövzudur. Eyni zamanda o, “Qərbi Azərbaycan” narrativini rədd edir.

“Əgər bir-birimizin ərazi bütövlüyünü tanıyırıqsa, onda biz bunu tam şəkildə həyata keçirməliyik. Mən yolu belə görürəm”, - deyə Ermənistanın baş naziri bildirib.

Paşinyan həmçinin Ermənistandakı müxalifət qüvvələrinin Qarabağ məsələsinin hələ də bağlanmadığını və Dağlıq Qarabağ ermənilərinin geri qayıtmaq hüququna malik olduğunu iddia edən ritorikasını da tənqid edib.

“Mən həmçinin Qarabağdan gələn vətəndaşlarımıza onların geri qayıtmasının qeyri-real olduğunu dedim. Əgər biz geri qayıtma gündəliyini davam etdirsək, bu, Qarabağ hərəkatını yenidən başlatmaq demək olacaq. Bu arada mən artıq Qarabağ hərəkatını davam etdirməməli olduğumuzu bildirmişəm. Qarabağ hərəkatı bitib və onu dirçəltmək cəhdləri faydasız olacaq. Digər tərəfdən, Ermənistanda da Bakının daim anlaşılmaz “Qərbi Azərbaycan” terminini işlətdiyini eşidirlər”, - deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, əgər Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bəyan edirsə, bu isə yeni müharibə deməkdir. “Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni məhrumiyyətlər, gözlənilməz nəticələri olan yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər mahiyyət etibarilə, Ermənistanın yeni müharibə başlatmalı olduğunu bəyan edirlər”, - deyə Ermənistan hökumətinin başçısı bildirib.

Aydın Mirzəzadə: “Kimsə Azərbaycan daxilinə hansısa digər ölkənin  problemlər toplusunu yerləşdirməyə cəhd etməsin, xalqımız məsələləri həll  edə bilir” Pravda.az

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a deyib ki, məsələyə bənd-bənd baxmaq lazımdır. Deputat vurğulayıb ki, Qərbi Azərbaycan termini tarix məsələsidir, buna görə bu mövzunu bağlamaq olmaz: “Həm hakimiyyət, həm də müxalifət yaddan çıxarmamalıdır ki, indiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bunu unutmaq, gündəlikdən çıxarmaq mümkün deyil. Azərbaycan dövləti Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyır, Ermənistandan da analoji yanaşmanı tələb edir. Hazırda tələbimiz Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid olan iddianın çıxarılmasıdır. Ermənistan bunu edəndə sülh müqaviləsi imzalana bilər. Qərbi Azərbaycan ifadəsini işlətməklə biz Ermənistan ərazisinə hüquqi iddia irəli sürmürük. Biz əslən Qərbi Azərbaycanlı olan, zaman-zaman məcburən, bəzən silah gücü ilə, insanların öldürülməsi fonunda çıxarılan azərbaycanlıların öz tarixi torpaqlarına qaytarılması məsələsini gündəliyə qoyuruq. Dəfələrlə həm Azərbaycan tərəfi, həm də Qərbi Azərbaycan İcması Ermənistan tərəfinə bu barədə müraciətlər ünvanlayıb. Əgər Ermənistan bu məsələni müzakirə etmək istəyirsə, Azərbaycan tərəfi buna hazırdır. Yox əgər, Ermənistan diplomatik manevrlərlə Azərbaycan ictimai fikrindən Qərbi Azərbaycan ifadəsini çıxarmağa cəhd edirsə, bu, əbəs cəhddir. Hesab edirəm ki, Ermənistan məsələyə real və ədalət gözü ilə baxmağı özü üçün norma kimi qəbul etməlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR