İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını iflic edən VELOSIPED zolaqları – NARAZILIQ artır

804 28.01.2026 18:06 Ölkə A A

Bakıda son illərdə salınan velosiped və skuter zolaqları sürücülər arasında ciddi narazılıq doğurur. Xüsusilə avtomobil yollarının daraldılması fonunda tıxacların artması paytaxtda nəqliyyat problemini daha da kəskinləşdirib.

Sürücülər bildirirlər ki, əvvəllər nisbətən rahat hərəkət edilən bir sıra küçə və prospektlərdə yolun bir hissəsinin velosiped və skuter zolaqlarına ayrılması nəqliyyat axınını zəiflədib. Pik saatlarda isə vəziyyət daha da ağırlaşır. Bəzi ərazilərdə bu zolaqların avtomobil yollarına həddindən artıq yaxın salınması dönmə zamanı görünüşü məhdudlaşdırır və əlavə risk yaradır.

Məsələ ilə bağlı deputat Hikmət Babaoğlu da narahatlığını ifadə edib. O, qeyd edib ki, Parlament prospektindən Milli Məclis istiqamətində yol daraldılaraq velosiped və skuter zolaqları yaradılıb: “Bunlar yaxşı təşəbbüsdür, etiraz etmirəm. Amma gəlin baxaq, əgər üç gün ərzində həmin yoldan bir nəfər belə velosiped sürmürsə, yolun daraldılmasının məntiqi nədir?”.

Doğrudanmı bir neçə velosipedə görə paytaxtın əsas yollarında nəqliyyatın hərəkəti iflic olur?

Nasaz olan yük maşını idarəetməni itirib evin hasarına çırpıldı - VİDEO

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev məsələ ilə bağlı Musavat.com-a danışıb: ”Bizim millət vəkilləri yaxşı olardı ki, stereotipləri dağıdıb, mikromobillik vasitələrindən istifadə edənlərdən biri olardılar və digər insanları da buna təşviq edərdilər. Məsələnin digər tərəfi isə odur ki, mikromobillik zolaqlar şəbəkəsi ciddi təhlillər əsasında yaradılır. Dünyanın iri şəhərlərində ən bahalı resurs torpaqdır. Bizim o qədər pulumuz yoxdur ki, hər yeri söküb, yolları genişləndirək və əlavə zolaq yaradaq. Onsuz da avtomobil yolu üçün genişləndirilən zolaqlar öz effektini vermədi. Genişləndirmə daha çox avtomobilləşməyə və tıxaca səbəb oldu.

Velosiped və skuter zolaqları şəhərimiz üçün yenilikdir. Millət vəkili müəyyən küçədə və müəyyən saatda istifadəçi görməyibsə, bu, o demək deyil ki, bütün günü o zolaqlarda hərəkət yoxdur. Statistika əsasında müəyyən etmək olar ki, insanlar velosiped və skuterlərlə daha çox hansı istiqamətlərdə səfər edir . Şəhər mərkəzində mikromobillik vasitələri ilə hərəkət edənlər 12 faiz artıb. Bu, dəyişən prosesdir və müqavimət də gözləniləndir”.

Ekspert piyada səkilərinin yola qatılmasından da danışıb: “Son 20 ildə biz yalnız avtomobillər üçün yollarda şərait yaratmışıq və bəzən çox yanlış qərarlar verməklə səkiləri kəsib, parkinq etmişik və ya yola əlavə etmişik. Nəticədə çoxfunksional küçə anlayışını təkmilləşdirmək əvəzinə, piyadaların da yolunu kəsmişik. Beləcə, xaotik vəziyyət üçün zəmin yaranıb. Ona görə də piyadalar artıq haradan gəldi keçirlər. Çünki onların keçdiyi səkinin ortasına köşk, soyuducu qoyulur. Mikromobillik zolaqlarında hərəkət edənlər isə piyadaların onların yoluna çıxmasından şikayət edirlər.

Problem ondadır ki, Bakı şəhərində axınlar qarışıb. Piyadanın səkisi azad və rəvan olmalıdır. Mikromobillik və avtobus zolaqlarında da eyni qayda hökm sürməlidir. Bunların bir-birinə qarışmaması üçün zebralı keçidlər və işıqforlarla nizamlanan imkanlar yaradılmalıdır. Milli Məclisdə də piyada infrastrukturu və piyada səkisinin zəbti ilə bağlı təxirə salınmadan məsələ qaldırılmalıdır. Bir piyadanın yolunda məhdudiyyət varsa, o, avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalacaq”.

Şahanə RƏHİMLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR