İnsanlara hürriyət, millətlərə istiqlal!

İlahiyyatçıdan qalmaqallı mövzuda ŞƏRH: "Məhərrəm ayında toy etmək haram deyil"

481 05.06.2026 00:40 Ölkə A A

Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Hicri-qəməri təqvimin ilk ayı olan Məhərrəmlik İslam dünyasında xüsusi əhəmiyyətə malik dövrlərdən biri hesab edilir. Xüsusilə də Kərbəla hadisələri və Həzrət İmam Hüseynin (ə) şəhadəti ilə əlaqədar olaraq bu ay müsəlmanlar tərəfindən hüzn və anım ayı kimi qeyd olunur. Məhərrəm ayının ən mühüm günü sayılan Aşura isə bu il iyunun 25-nə təsadüf edir.

Azərbaycanda da Məhərrəm ayı ilə bağlı müxtəlif dini mərasimlər, ənənələr və ictimai davranış qaydaları formalaşıb. Bununla yanaşı, cəmiyyətdə bu ayda toy etməmək, nişan və digər şənliklərdən çəkinmək kimi yanaşmalar da geniş yayılıb. Bəs Məhərrəm ayının İslam dinindəki yeri və əhəmiyyəti nədən ibarətdir? Bu ayla bağlı mövcud ənənələrin hansı hissəsi dini mənbələrə əsaslanır, hansı hissəsi isə sonradan formalaşmış adətlərdir? Bəzi bölgələrdə toy, nişan mərasimlərinin keçirilməsi birmənalı qarşılanmır. Məhərrəm ayında toy və digər şənliklərin keçirilməsinə din necə yanaşır?

İlahyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Məhərrəm ayı İslam təqviminin ilk ayıdır və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Qurani-Kərimdə qeyd olunan dörd haram aydan biri məhz Məhərrəm ayıdır. Bu ay tarix boyu müqəddəs sayılmış, müharibə və qan tökülməsinin qadağan edildiyi aylardan biri kimi qəbul edilib.

Lakin Məhərrəm ayının müsəlmanların yaddaşında ən böyük mənəvi çəkisi 680-ci ildə (hicri 61-ci) baş vermiş Kərbəla hadisəsi ilə bağlıdır. İmam Hüseynin (ə) və onun səhabələrinin haqq, ədalət, insan ləyaqəti və dini dəyərlər uğrunda göstərdikləri misilsiz fədakarlıq bu ayı İslam tarixində xüsusi bir məktəbə çevirmişdir.

Məhərrəmi digər aylardan fərqləndirən əsas xüsusiyyət onun yalnız tarixi bir hadisə kimi yox, həm də vicdanın, azadlığın, zülmə qarşı müqavimətin və mənəvi dirənişin simvoluna çevrilməsidir. Bu ay insanları öz həyatına nəzər salmağa, əxlaqi dəyərlər üzərində düşünməyə və cəmiyyət qarşısındakı məsuliyyətini yenidən dərk etməyə çağırır”.

İlahiyyatçı əlavə edib ki, Azərbaycanda Məhərrəm ayı ilə bağlı bəzi dini ənənələr və inanclar mövcuddur: “Azərbaycanda Məhərrəm ayı əsrlər boyu xalqın dini-mədəni yaddaşının bir hissəsinə çevrilib. Bu ayda keçirilən mərasimlərin bir qismi dini mənbələrə, digər qismi isə xalq arasında formalaşmış adət və ənənələrə söykənir.

Dini mənbələrə əsaslanan məsələlər sırasında Kərbəla şəhidlərinin yad edilməsi, İmam Hüseynin (ə) hədəflərinin təbliği, Quran tilavəti, dua və moizələr vasitəsilə hadisədən ibrət götürmək dayanır. Bunlar İslam alimləri tərəfindən əsrlər boyu təşviq edilmiş dini-mənəvi fəaliyyətlərdir.

Bununla yanaşı, bəzi bölgələrdə müşahidə olunan müəyyən inancların və davranış formalarının birbaşa dini hökm kimi təqdim edilməsi düzgün deyil. Məsələn, müəyyən günlərdə konkret işlərin uğursuz sayılması, bəzi məişət fəaliyyətlərinin qəti qadağan edilməsi və ya dinlə əlaqəsi olmayan müxtəlif xurafat xarakterli yanaşmalar adətlərə əsaslanır.

O ki qaldı Məhərrəm ayında toy etməmək məsələsinə, nişan və digər şənliklərdən çəkinmək kimi yanaşmalara, bu məsələ ilə bağlı da cəmiyyətdə müxtəlif yanaşmalar mövcuddur. İlk növbədə qeyd etmək lazımdır ki, İslam hüququ baxımından Məhərrəm ayında nikah bağlamaq, ailə qurmaq və ya toy etmək haram hesab edilmir.

Lakin Kərbəla faciəsinin müsəlmanların qəlbində tutduğu xüsusi yerə görə bir çox insanlar bu ayda geniş şənliklər keçirməməyi mənəvi ehtiramın ifadəsi kimi qəbul edirlər. Bu, daha çox dini-mədəni ənənə və mənəvi həssaslıq məsələsidir.

Burada vacib olan məqam odur ki, heç kəs bu ənənəni dini hökm səviyyəsinə qaldırmamalıdır. Toy etməyənlərə hörmət göstərildiyi kimi, şəriət çərçivəsində nikah bağlayan və ailə quran insanlara qarşı da mənfi münasibət sərgilənməməlidir. Çünki dinin hökmü ilə cəmiyyətin formalaşdırdığı adəti bir-birindən fərqləndirmək lazımdır.

Məhərrəm ayının ruhu ilk növbədə Kərbəla məktəbinin dəyərlərini yaşatmaq, ədalətə, mərhəmətə, fədakarlığa və mənəvi kamilliyə diqqət yönəltməkdir. Əgər insan bu dəyərləri öz həyatında yaşada bilirsə, Məhərrəmin əsas mesajını da doğru şəkildə dərk etmiş olur”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR