İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın İttifaq təklifinə Bakı nə deyəcək?

464 04.06.2026 23:38 Ölkə A A

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına yardım göstərməyə hazırdır.

Qaluzinin sözlərinə görə, Rusiya Azərbaycanla iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə lazımi dəstəyi verməyə hazırdır. O qeyd edib ki, Moskva Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verir. Rusiyanın təklif xarakterli bu istəyinə Azərbaycanın cavabı necə ola bilər?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Azərbaycanın rəsmi mövqeyi və indiyədək həyata keçirdiyi xarici-iqtisadi siyasəti nəzərə alınarsa, Moskvanın bu təklifinə cavabın ehtiyatlı, diplomatik və mənfi məzmunlu olacağı gözlənilir:

"Bakı adətən belə məsələlərdə qapıları tam bağlamadan, lakin konkret öhdəlik də götürmədən mövqe ifadə edir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlaması Moskvanın postsovet məkanında inteqrasiya layihələrini genişləndirmək istəyinin növbəti təzahürüdür. Lakin Azərbaycanın hazırkı xarici və iqtisadi siyasəti Avrasiya İqtisadi İttifaqına üzvlük perspektivindən daha çox müstəqil və çoxtərəfli əməkdaşlıq modelinə əsaslanır.

Azərbaycan indiyədək nə Avrasiya İqtisadi İttifaqına, nə də digər inteqrasiya birliklərinə qoşulmağa tələsməyib. Rəsmi Bakı müxtəlif tərəfdaşlarla münasibətləri balanslaşdırmağa və iqtisadi qərarlarını milli maraqlar əsasında qəbul etməyə üstünlük verir. Bu baxımdan Azərbaycanın Aİİ-yə üzvlüyü hazırda gündəmdə görünmür".

Politoloq eyni zamanda qeyd edib ki, Azərbaycanla Rusiya arasında ikitərfli əməkdaşlıq münasibətləri mövcuddur və sənədlərlə tənzimlənir: "2022-ci ilin fevralında iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb və bu sənəd əməkdaşlığın siyasi, iqtisadi və təhlükəsizlik sahələrində inkişafı üçün geniş çərçivə yaradıb. Bakı hesab edir ki, mövcud ikitərəfli mexanizmlər iqtisadi əlaqələrin inkişafı üçün kifayət qədər imkan verir və bunun üçün əlavə inteqrasiya strukturlarına qoşulmağa ehtiyac yoxdur.

Azərbaycanın mümkün cavabı da məhz bu məntiqə söykənə bilər ki, ölkə Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır, lakin bunu ikitərəfli formatda və milli maraqlarına uyğun şəkildə həyata keçirməyə üstünlük verir. Yəni Bakı Moskvanın təklifinə təşəkkür etsə də, Aİİ-yə üzvlük məsələsinin gündəmdə olmadığını nəzakətli formada ifadə edə bilər"

Etibar Seyidağa
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR