Yanvarın 28-dən 29-a keçən gecə Avropanın ən möhtəşəm stadionlarından biri olan “Enfild” bu dəfə Azərbaycan futbolu üçün ağır, amma eyni zamanda reallıqları açıq şəkildə göstərən bir oyuna şahidlik etdi. Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin futbol nəhəngi “Liverpul”la qarşılaşan “Qarabağ” bütün cəhdlərinə baxmayaraq meydanı 0:6 hesablı məğlubiyyətlə tərk etdi. Hesab tabloya yazılsa da, bu nəticə sadəcə bir oyunun yox, iki fərqli futbol dünyasının üz-üzə gəldiyini göstərdi.
İlk dəqiqələrdən etibarən “Liverpul”un yüksək tempi, pressinqi və hücum xəttindəki sürəti “Qarabağ”ın müdafiə xəttini ciddi təzyiq altında saxladı. İngilis klubu topa nəzarəti tam ələ aldı, ardıcıl hücumlarla Ağdam təmsilçisinin müdafiəsində boşluqlar yaratdı və bunu qollara çevirməkdə çətinlik çəkmədi. “Qarabağ” isə əsasən müdafiədə dayanmağa, sürətli əks-hücumlarla cavab verməyə çalışsa da, “Liverpul”un oyun sürəti və fərdi ustalığı bu planın işləməsinə imkan vermədi.
Qarşılaşma boyu “Liverpul”un həm fiziki, həm taktiki, həm də psixoloji üstünlüyü açıq şəkildə hiss olunurdu. “Qarabağ” üçün bu oyun Avropa futbolunun ən yüksək səviyyəsində səhvin bağışlanmadığını, hər xırda boşluğun dərhal cəzalandırıldığını bir daha göstərdi. 0:6 hesablı məğlubiyyət ağırdır, lakin bu, eyni zamanda “Qarabağ”ın gələcək Avropa oyunları üçün ciddi dərslər çıxarmalı olduğu bir sınaq kimi də tarixə düşdü.
“Enfild”də yaşanan bu gecə Azərbaycan futbolu üçün acı nəticə ilə bitsə də, “Qarabağ”ın Avropa səhnəsində mübarizə aparmaq iradəsi və qazandığı təcrübə uzunmüddətli perspektivdə hələ öz sözünü deyə bilər. Zatən deyəcək də...

Belə ki, “Köhlən atlar”ın savaşı davam edir. Acı məğlubiyyət belə Qurban Qurbanovun kollektivinin yolunu kəsə bilmədi. “Qarabağ” 36 klub arasında ilk 24-lükdədir. Rəqibimiz yanvarın 30-u saat 15:00-da atılacaq püşklə müəyyənləşəcək. Rəqib ya son Çempionlar Liqasının qalibi “PSJ”, yaxud da növbəti ingilis nəhənglərindən sayılan “Nyukasl” olacaq. Hansı gəlsin?
Futbol mütəxəssisi Kənan Məstəliyev dedi ki, böyük hesablı məğlubiyyət üzücüdür: “Rəqib bütün komponentlərdə - sürət, texnika, atletik və psixoloji hazırlıq bizdən üstün idilər. Bu da normaldır. "Liverpul" dünya nəhəngidir, tarixi, əzəmətli klubdur. "Enfild"də öz azarkeşləri qarşısında oynayırdılar. Bu səbəbdən də qalib gəlmələri gözlənilən oldu. Ancaq bu qədər fərqi gözləmirdim. "Qarabağ" buralara qədər təsadüfi gəlməyib və bunu dəfələrlə sübut edib. Əsas odur ki, komanda matçda baş verənlərdən nəticə çıxarsın. "Liverpul"a yenilmək faciə deyil. 2017-ci ildə də "Çelsi"yə eyni hesabla uduzmuşduq. 8 il sonra həmin "Çelsi" ilə Bakıda bərabərə qaldıq.
İnanıram ki, yenə də belə olacaq. Qurban Qurbanov və yetirmələri səhvlərindən nəticə çıxarıb, daha uğurlu olacaqlar. Məğlubiyyət üzücüdür, ancaq komandamız tarix yazıb. İlk dəfə təmsilçimiz “pley-off”a vəsiqə qazanıb. Bu, böyük nəticədir və yeni bir zirvədir. Çox aşağı səviyyədə olan Azərbaycan futbolunun təmsilçisinin ÇL-də olmasının özü belə uğur idi. "Qarabağ" flaqmanımız, böyük klubumuzdur. Onun rəhbərliyinə, məşqçi və futbolçularına ancaq təşəkkür etmək olar. Böyük tarix yazaraq bizi qürurlandırıblar”.
Cavanşir ABBASLI
Musavat.com






