Xəbər verildiyi kimi, məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir.
Musavat.com xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.
Bu məsələ ilə bağlı bir sual da ortaya çıxıb. Sumqayıta özü kirayədə yaşayan və evində məcburi köçkün məskunlaşan bir mənzil sahibi Musavat.com-a şikayətində bildirib ki, ümidi Qarabağa köçün intensivləşməsində idi. O hesab edirmiş ki, nəhayət, onun evində yaşayanlar öz yurdlarına köçəcək və o da öz mənzilini əldə edəcək. Ancaq o, hələ də öz arzusuna çata bilməyib.
Qeyd edək ki, son illər məcburi köçkünlərin məskunlaşdığı bəzi mənzillərlə bağlı ev sahibləri və köçkünlər arasında yaranan mübahisələr gündəmə gəlib. Məsələ məhkəmə müstəvisinə çıxıb, bəzi ev sahiblərinin əlində məhkəmə qətnamələri və icra sənədləri olsa da, problemlər hələ də tam həllini tapmayıb.
Müsavat.com-a müraciət edən Səbinə Əliyeva adlı Sumqayıt sakininin sözlərinə görə, onlara Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərə Bakı və ətraf ərazilərdə alternativ yaşayış yerlərinin təklif edilməsinin mümkün olmayacağı bildirilib. Səbəb kimi isə yeni yanaşmadan sonra köçkünlərin öz doğma yurdlarına qayıdaraq yalnız həmin ərazilərdə yaşayış sahələri ilə təmin olunmasının nəzərdə tutulduğu göstərilir.
Vətəndaşı narahat edən məsələ isə həmin məcburi köçkünlərin nə zaman öz yurdlarına köçməsi ilə bağlı məsələdir. Çünki işğaldan azad olunan torpaqlarda tikinti-bərpa işləri qeyri-müəyyən vaxtadək davam etdirilir. Bu illərlə davam edə bilər.
Vətəndaş sual edir ki, yeni dəyişikliklər fonunda məhkəmə qətnamələrinin taleyi necə olacaq, onların mülkiyyət hüquqlarının bərpası hansı qaydada təmin ediləcək?
Məsələ ilə bağlı vəkil Ramil Süleymanov Müsavat.com-a fikrini bölüşüb: "Mənzil şəraiti ilə bağlı qeyd etmək istəyirəm ki, məcburi köçkünlər hansı rayondan və ya kənddən köçkün düşüblərsə, dövlət tərəfindən onların öz ata-baba torpaqlarına qayıtması üçün mənzillər və ya fərdi yaşayış evləri təklif olunmalıdır.
Əlbəttə ki, Azərbaycan Respublikasının Konstitusiyasında hərəkət azadlığı təsbit olunub. Hər kəs yaşayış yerini seçməkdə, eləcə də ölkənin bir bölgəsindən digərinə köçməkdə sərbəstdir. Necə ki, ölkənin şimal-qərb rayonlarından – məsələn, Balakən, Zaqatala və ya Tovuzdan olan insanlar Bakıda yaşayırlar, yaxud İmişlidən gedib Qubada yaşamaq istəyən şəxslərə heç kim mane olmur, eyni qayda Qarabağ regionundan olan məcburi köçkünlərə də şamil edilməlidir. Onların dövlət tərəfindən təklif olunan fərdi yaşayış evlərini qəbul etmək və ya bundan imtina etmək hüquqları vardır. Həmçinin öz ata-baba torpaqlarına köçmək və ya köçməkdən imtina etmək hüquqları da mövcuddur. Hesab edirəm ki, bu, normal qarşılanmalıdır".
Vəkil evində məcburi köçkünlər məskunlaşan vətəndaşlarla bağlı suala belə cavab verib: “Bəli, bir sıra şəxslərin bu günə qədər mülkiyyət hüquqları pozulmaqdadır. Bununla bağlı ölkədaxili məhkəmə instansiyalarında kifayət qədər qərarlar mövcuddur. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Azərbaycan dövlətinə qarşı həm ədalətli məhkəmə araşdırması hüququnun, həm də mülkiyyət hüququnun pozulmasının tanınması ilə bağlı qərarlar qəbul olunub.
Bu səbəbdən hesab edirəm ki, məcburi köçkünlərin təklif olunan fərdi yaşayış evlərinə getmək istəməməsi onların müavinətlərinin avtomatik dayandırılmasına, bununla yanaşı, uzun illərdir məcburi köçkünlərin məskunlaşdığı vətəndaşların evlərinə, idarə və təşkilatlara məxsus yataqxanalar və digər obyektlərin boşaldılması labüd olmalıdır. Bu qərarların icrasını təmin etməyən şəxslər intizam və ya inzibati məsuliyyətə cəlb olunmalıdırlar. Hətta daha sərt tədbirlərin görülməsi də qaçılmaz ola bilər. Çünki burada vətəndaşın mülkiyyət hüququ pozulur və həmin şəxs öz əmlakından istifadə etmək imkanından məhrum olur.
Lakin məcburi köçkünün həmin əmlakda yaşamasının və ya vətəndaşa məxsus özəl mülkdən çıxarılmamasının səbəbkarı da, hesab edirəm ki, dövlət qurumlarıdır. Bu baxımdan, vətəndaşın dövlət qurumlarına qarşı vurulmuş zərərlə bağlı məhkəməyə müraciət etməsi, mütənasib qaydada aylıq icarə haqqının hesablanmasını tələb etməsi mümkündür. Hətta Qarabağın azad olunmasından sonrakı dövr də nəzərə alınmaqla, son illərin kirayə haqqının hesablanaraq ödənilməsi tələbi ilə çıxış edə bilər".
Afaq Mirayiq,
Musavat.com






