İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir qətllə başlayan repressiya - Səfiri vuran sağ qalıb, ona görə yüzlərlə adam edam edilib

1406 23.12.2025 13:31 Yaxın tarix A A

7 iyun 1927-ci il səhəri Varşava dəmiryol stansiyası beynəlxalq qalmaqalın mərkəzinə çevrilib: 20 yaşlı belarus Boris Koverda SSRİ-nin səlahiyyətli nümayəndəsi Pyotr Voykova atəş açıb. Altı güllə yarası alan diplomat hadisə yerində keçinib. Gənc silahlı dərhal saxlanılıb. Sovet mənbələri Koverdanı yorulmadan “ağqvardiyaçı” və ya “ağ mühacir” adlandırıblar. Əslində onun “ağqvardiyaçı” və ya vətəndaş müharibəsi ilə heç bir əlaqəsi olmayıb.

Ehtimal edilir ki, onun qərarlarına ətrafı və ideoloji müəllimləri təsir göstərib: antisovet qəzeti “Belorusskoye slovo”nun redaktoru Arseni Pavlyukeviç və gənc oğlana silah verən Mixail Yakovlev. Bu müəllimlərin də taleyi faciəli olub - hər ikisi nasist düşərgələrində həlak olub. Varşava səhnəsi təsadüfi hal kimi təqdim edilib. Guya Koverda bir neçə gün qatar stansiyasında növbətçi vəzifəsində işləyib və Moskvaya gedəcək səfiri gözləyib. Bu vaxt Voykov başqa bir diplomatla görüşmək yerinə, yolunu dəyişib və nədənsə vağzala gedib.

9e087fab-8459-46fd-8bfc-2fde6d6870a7.jpeg (80 KB)

Odur ki, Koverda platformada yaşıl palto və dəbdəbəli papaqlı diplomatı görən kimi bunu fürsət hesab edib. Saxlanılan gənc oğlan hadisənin səbəbini belə izah edib: “Bu bolşevik Leninlə birlikdə möhürlənmiş qatar vaqonunda səyahət edib, çar ailəsinin qırğınında iştirakçı olub... Mən Rusiyanın qisasını almışam”.
Öz növbəsində sovet diplomatiyası dərhal hadisəyə reaksiya verib. Polşa səfiri Stanislav Patek Xarici İşlər Xalq Komissarlığına çağırılıb və Litvinov ona antisovet təşkilatlarına qarşı tədbirlər görülməsini tələb edən nota verib. 8 iyunda “Pravda” qəzeti sui-qəsd barədə məlumat dərc edib və dərhal Koverdanı “ağqvardiyaçı” adlandırıb.

9 iyunda sovet həbsxanalarında olan 20 mühacir SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsinin əmri ilə məhkəmə və istintaq olmadan edam edilib - bu, Varşavadakı cinayətə görə simvolik qisas aktı olub. Hətta Stalin daha sonra fransız yazıçısı Anri Barbüsə deyib: “İşçilər iyirmi ağqvardiyaçının edamını təsdiqlədilər, baxmayaraq ki, bunun kifayət olmadığını deyirlər”.

5285729a-95ba-4264-b9cd-882b91a719bf.jpeg (143 KB)

Voykovun cənazəsi böyük miqyasda anılıb: o, işçilərin vida etməsi üçün səfirlik binasında təxminən üç gün qalıb. Moskvada matəm möhtəşəm siyasi hadisəyə çevrilib: tabut Tverskaya küçəsi boyunca aparılıb, atəşfəşanlıq olub, ölkə rəhbərlərindən Vyaçeslav Molotov, Mixail Kalinin və xarici işlər komissarının müavini Maksim Litvinov kürsüdə dayanıb və Nikolay Buxarin vida nitqi söyləyib.

Əslində öldürülən diplomat proletariatdan olmayıb, xaricdə təhsil alıb və ziyalı ailədə dünyaya göz açıb. İveçrədə Voykov Cenevrə universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Elə orada da, gənc inqilabçı menşevikə çevrilib. O, mütəmadi olaraq Leninlə söhbət edib və müəyyən məsələlərdə bolşevikləri dəstəkləməyə başlayıb. Voykovun mühacirəti 10 il davam edib və fevral inqilabından sonra başa çatıb. Müvəqqəti hökumətin dövründə o, Əmək Nazirliyinin komissarı vəzifəsində çalışıb və işçilərlə biznes sahibləri arasındakı mübahisələrin həllinə məsul olub. 1917-ci ilin yayında o, əmək təhlükəsizliyi müfəttişi kimi Yekaterinburqa ezam edilib. Burada nəhayət bolşeviklərə qoşulub və oktyabr inqilabı zamanı Yekaterinburq Hərbi İnqilab Komitəsinin üzvü kimi xidmət edib.

b728d01b-a702-44e7-b296-6bb67416c77e.jpeg (57 KB)

Məhz Yekaterinburqdakı yerli hökumət rəhbərlərindən biri kimi Pyotr Voykov guya 1918-ci ilin yayında sonuncu Rusiya imperatoru II Nikolayın ailəsinin taleyinə dair qərar verib. Maraqlıdır ki, Voykovun Romanovların qətlində iştirakı heç vaxt hüquqi cəhətdən sübut olunmayıb - rəsmi sənədlər də yoxdur.
Koverda günahını etiraf edib, lakin onun hərəkətləri diplomatik münaqişə üçün deyil, daxili repressiya dalğası üçün katalizator olub: Mühacirlərə nəzarət gücləndirilib, Birləşmiş Dövlət Siyasi İdarəsi kütləvi həbslər həyata keçirib, məhkəmədənkənar hökmlər hüquqi dəstək alıb və qətlə cavab olaraq edamlar ictimailəşdirilib.

cb35be5d-92ed-44a1-8390-974affcf0b27.jpeg (108 KB)

Beləliklə, Varşavadakı dəmiryol stansiyasında baş verən adi bir qətl faciəvi repressiya zəncirinə çevrilib və qurbanlar cinayətkar kimi təqdim edilib. Təbliğat işçiləri isə öz işlərini yetərincə “yaxşı” görüb.
Polşa məhkəməsi Koverdanı ömürlük həbs cəzasına məhkum edib, lakin Polşa prezidentinə onu əfv etmək hüququ verilib. Əvvəlcə Voykovun qatilinin cəzası ömürlük həbs cəzasından 15 ilə dəyişdirilib və 10 il həbsdən sonra Koverda azadlığa buraxılıb. İkinci dünya müharibəsindən sonra Boris Koverda ABŞ-yə köçüb və orada mühacir qəzeti “Rossiya”da, daha sonra isə “Novoye russkoye slovo”nun mətbəəsində çalışıb. Pyotr Voykovun qatili 1987-ci ilin fevral ayında Vaşinqtonda 79 yaşında ölüb – onun üzündən öldürülənlərdən 60 il sonra.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR