İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitməyən Hörmüz böhranı - Neft bahalaşır, ölkələr çıxış yolu axtarır...

225 04.06.2026 15:40 Region A A

ABŞ və İran arasında birbaşa genişmiqyaslı hərbi toqquşmalar səngisə də, qarşılıqlı gərginlik və hərbi təzyiqlər davam edir. Məlum olduğu kimi, ABŞ zaman-zaman İranın dəniz limanlarına və hərbi katerlərinə zərbələr endirir, Tehran isə buna cavab olaraq Vaşinqtonun bölgədəki müttəfiqlərini hədəfə alır. Bu vəziyyət nə qədər davam edəcək?

"ABŞ ilə İran arasında elan olunmuş atəşkəs daha çox nisbi xarakter daşıyır".

Bu sözləri Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə İranın Küveytin hava limanına endirdiyi zərbələr iki ölkə arasında münasibətləri gərginləşdirib: "Tehranın həmişəki ittihamı bundan ibarətdir ki, ABŞ İrana hücumlarında Körfəz ölkələrindən, o cümlədən Kuveyt ərazisindən istifadə etməkdədir. Hörmüz boğazıyla bağlı mürəkkəb vəziyyət də dəyişməz olaraq qalır. Bu vəziyyət beynəlxalq aləmdə enerji qiymətlərinin artımına səbəb olmaqla yanaşı, müxtəlif ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir. Məsələn, “Bloomberg” agentliyinin məlumatına görə, Hörmüz boğazındakı vəziyyətlə əlqaədar olaraq 2026-cı ilin may ayında Pakistanda istehlak qiymətləri 11,7 faiz artıb. Bu dinamikanın əsas səbəblərindən biri enerji qiymətlərinin artmasıdır. Bu fonda Pakistan Mərkəzi Bankı aprel ayında təxminən üç ildən sonra ilk dəfə olaraq əsas faiz dərəcəsini qaldırmaq məcburiyyətində qalıb".

Elxan Şahinoğluya görə, boğazın bağlanmasının başqa qurbanları da var: "Müharibədən əvvəl Yaxın Şərq enerji axınlarının əhəmiyyətli bir hissəsi Asiya-Sakit Okean bölgəsinə yönəldilirdi. İdxalın kəskin azalması yalnız Pakistanda deyil, Sinqapur, Filippin, Şri-Lanka, Hindistan, Yaponiya və bir sıra digər ölkələrdə yanacaq qiymətlərinin sürətlə artmasına səbəb olub. Hindistan Hörmüz boğazındakı böhran fonunda Rusiyadan daha çox neft almağa başlayıb və bu həcmi artırmağı planlaşdırır. Hindistan enerji ehtiyacının 70-80 faizini idxal hesabına ödəyir. Hörmüz boğazında bir çox dövlətin, o cümlədən Hindistana aid tankerlər var. Tehran ara-sıra dost və tərəfdaş saydığı ölkələrin tankerlərinin keçidinə icazə versə də, bu enerji qıtlığını aradan qaldırmağa şərait yaratmır. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların davamında israrlı olsa da, yanacağa olan tələbat Asiya ölkələrini Rusiyadan neft almağa sövq edir".

Politoloq həmçinin qeyd edib ki, Hörmüz boğazının mühasirəsi Hindistana mayeləşdirilmiş təbii qaz tədarükünə ciddi təsir edib: "Rusiya neftinin əvəzlənməsi əvvəllər Hindistan üçün təhlükəli hesab olunurdu. Çünki ABŞ Hindistana təzyiq edirdi ki, bu dövlət Rusiyadann neft alışını azaltsın. Ancaq Vaşinqton Hörmüz boğazıyla bağlı mürəkkəb vəziyəti nəzərə alaraq hazırda Hindistanın və digər dövlətlərin Rusiyadan neft alışına mane olmur".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR