Almaniyanın avtomobil nəhəngi BMW istehsalat sahələrində süni intellektlə təchiz olunmuş humanoid robotların tətbiqinə başlayır.
Musavat.com xəbər verir ki, şirkət bu təşəbbüslə əmək xərclərini azaltmağı və məhsuldarlığı artırmağı hədəfləyir.
Məlumata görə, insanabənzər robotlar ilkin mərhələdə məhdud sayda zavodda sınaqdan keçiriləcək. Onlar əsasən təkrarlanan, fiziki baxımdan ağır və yüksək dəqiqlik tələb edən proseslərdə istifadə olunacaq. BMW rəhbərliyi bildirir ki, məqsəd işçiləri tam əvəz etmək deyil, istehsalın sürətini və təhlükəsizliyini artırmaqdır.
Bununla belə, ekspertlər hesab edirlər ki, uzunmüddətli perspektivdə humanoid robotların geniş tətbiqi zavodlarda işçi sayının azalmasına səbəb ola bilər.
Xüsusilə aşağı ixtisas tələb edən və standart əməliyyatları yerinə yetirən sahələr risk altındadır.
Avtomobil sənayesində artıq sənaye robotları geniş istifadə olunur. Lakin insanabənzər robotların konveyer xəttinə daxil olması yeni mərhələ sayılır. Bu texnologiya çeviklik və süni intellekt əsaslı qərarvermə imkanları ilə fərqlənir.
Musavat.com






