İnsanlara hürriyət, millətlərə istiqlal!

BRİCS sammiti öncəsi KRİTİK toplantı - Çin, Hindistan və Rusiyanın hədəfi NƏ?

809 25.06.2026 16:00 Dünya A A

BRİCS təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuraları rəhbərlərinin iyunun 24-də Hindistanın paytaxtı Yeni Dehlidə görüşü keçirilib. Bu görüş həm də sentyabr ayında təşkilatın sammmitinə hazırlıq məqsədi daşıyıb.

Politoloqlar qeyd edir ki, BRİCS təşkilatı qlobal proseslərdə rolunu artırmağa çalışır. Qərbin dominant olduğu beynəlxalq siyasi və iqtisadi sistemə alternativ platforma kimi təqdim olunan bu qurum artıq təkcə iqtisadi əməkdaşlıq formatı deyil, həm də təhlükəsizlik, texnologiya və geosiyasi məsələlərin müzakirə edildiyi mühüm mərkəzə çevrilmək iddiasındadır. Məhz belə bir şəraitdə BRİCS-ə üzv dövlətlərin təhlükəsizlik şuraları rəhbərlərinin Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən görüşü xüsusi diqqət çəkib.

Bəs ABŞ, Çin, Hindistan və Rusiya arasında geosiyasi düyündə BRİCS nəyi hədəfləyir? Sentyabr sammiti nələri dəyişə bilər?

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb: "Hindistanın baş naziri Narendra Modi toplantıda çıxış edərək terrorizm, kibertəhlükəsizlik və inkişaf etməkdə olan texnologiyalar kimi məsələlərdə BRICS üzvləri arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. Modi geosiyasi və texnoloji çətinliklərin inkişaf etməyə davam etdiyi bir vaxtda BRICS-in əsas təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını söyləyib. O həmçinin Hindistanın qruplaşmaya qarşıdakı sədrliyi üçün prioritetləri açıqlayıb və Yeni Dehlinin üzv dövlətlər arasında praktik əməkdaşlığın inkişaf etdirilməsinə və Qlobal Cənubun maraqlarının təşviqinə diqqət yetirəcəyini bildirib.

Narendra Modidən sonra çıxış edən Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval BRİCS təşkilatının sülh və inkişaf tərəfdarı olduğunu bildirib. “BRİCS sülh və inkişafa inanan dövlətlərin birliyidir” – deyən hindli rəsmi təşkilatın gündən-günə gücləndiyini bildirib. Ajit Doval təşkilatın qlobal Cənubun rolunun güclənməsində əhəmiyyətli rol oynadığını sözlərinə əlavə edib".

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə BRICS ölkələrində fövqəladə hallar üçün cavab mexanizmlərinin və ehtiyatların yaradılmasının vacibliyini bildirib. Şoyqu beynəlxalq vəziyyətin pisləşdiyini bildirərək BRİCS üzvlərinin birgə resurs ehtiyatlarının formalaşdırılması vacibliyini səsləndirib. Politoloqun fikrincə, Şoyqu “birgə resurs ehtiyatlarının formalaşdırılması” dedikdə üzv dövlətlərin bu sahədə inteqrasiyasının sürətləndirməsini nəzərdə tutub: "Ancaq bunun reallaşması çətindir. Çünki Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya ilə bu dövlətə tərəfdaş olanlar belə Moskva ilə “birgə resurs ehtiyatlarının formalaşdırılmasına” razı olmazlar. Buna baxmayaraq, Sergey Şoyqu Çinin xarici işlər naziri Van İ ilə görüşündə irəli sürülən təşəbbüslərin praktik məzmunla zənginləşdirmək üçün çalışacaqlarını vurğulayıb. Şoyqu “bu məsələlərdə çinli dostlarımızın dəstəyinə güvənirik” ifadəsini işlətməyi də unutmayıb. Şoyqunun Çinə ümidləri özünü doğrultmayacaq. Çin Rusiyanın strateji tərəfdaşı sayılsa da, Pekin yüksək texnologiyalarını tərəfdaşıyla paylaşmağı düşünmür".

Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, toplantı çərçivəsində Çinin xarici işlər naziri Van İnin Ajit Dovalla görüşü də diqqəti çəkib: "Çin və Hindistan münasibətlərini normallaşdırmağa çalışırlar. Bu iki dövlət arasında mübahisələrin həlli hər iki dövlətin maraqlarına xidmət edir. Çinlə Hindistan arasında geosiyasi rəqabət davam etsə də, Pekin və Yeni Dehli bunun gərginliyə səbəb olmaması gərəkliyi fikrindədirlər. Əks halda artan gərginlik BRİCS-in fəaliyyətinə də mənfi təsir edəcək. Kreml hesab edir ki, ABŞ Çinlə Hindistan arasında gərginliyin mövcud olmasında maraqlıdır. Rusiyalı rəsmilərin və ekspertlərin fikrincə, Vaşinqton Yeni Dehlini Çinin əleyhinə formalaşan bloklarda görmək istəyir. Reallıq fərqlidir. Donald Trampın Prezidentliyi dönəmində Hindistanla münasibətlərdə suallar əmələ gəlib. ABŞ müharibə naziri Pit Heqset mayın sonunda Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışında ölkəsinə protektoratlar deyil, tərəfdaşlar lazım olduğunu söyləmişdi. Heqset alyansların yalnız qarşılıqlı məsuliyyət əsasında işləyə biləcəyini vurğulamışdı: “Müttəfiqliklər yalnız həqiqi tərəfdaşlıq olduqda işləyir. Bu, ikitərəfli hərəkət küçəsidir. Hər kəs özünü riskə atmadan güclü alyans ola bilməz. Burada havayı sərnişinlərə yer yoxdur”.

Pit Heqset Amerikanın Hind-Sakit Okeandan geri çəkilmədiyini, ancaq ölkəsinin artıq bölgənin təhlükəsizlik yükünü təkbaşına daşımayacağını söyləmişdi. Vaşinqtonun mesajı budur ki, sabit güc balansı və etibarlı çəkindirmə istəyən ölkələr bu balansın maddi təməllərini qurmağa kömək etməlidirlər və bunlara gəmilər, radarlar, dronlar, təhlükəsiz rabitə, birgə təlim və müdafiə hazırlığı daxildir. Odur ki, Vaşinqtonun planlarında Hindistanla Çin arasında gərginliyin artması kimi bənd yoxdur".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR