Belçika polisi Brüsseldə yerləşən Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) ofisində, eləcə də Brügge şəhərindəki Avropa Kollecində və ölkə üzrə bir neçə şəxsi evdə axtarışlar aparıb.
Musavat.com xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının bu addımı mümkün dələduzluq, korrupsiya, Aİ vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması və maraqlar toqquşması faktları ilə bağlı aparılan istintaq çərçivəsində atılıb. Araşdırmanı Avropa Prokurorluğu (EPPO) aparır.
EEAS, Avropa Kolleci, EPPO (Avropa İttifaqı Prokurorluğu) və polis nümayəndələri jurnalistlərin suallarını ya cavabsız qoyub, ya da şərh verməkdən imtina ediblər.
Axtarış zamanı müxtəlif sənədlər müsadirə olunub, üç nəfər isə dindirmə üçün saxlanılıb. Mənbələr bildirir ki, istintaqın əsas predmeti 2021–2022-ci illərdə Aİ-nin Diplomatik Akademiyasının yaradılması və Brüggedə bina alınması ilə bağlı tenderlərdir. Araşdırma bu layihələrin maliyyələşdirilməsi zamanı qayda pozuntularının olub-olmadığını müəyyənləşdirməyi hədəfləyir.
Hazırda şübhəlilərə rəsmi ittiham irəli sürülməyib və istintaq iştirakçılarının günahkar olmadığı nəticəsinə də gələ bilər.
Musavat.com






