İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu hökm onlara dərs olsun" – Bakıdan xəbərdarlıq

640 06.02.2026 17:20 Siyasət A A

Bakı Hərbi Məhkəməsinin Qarabağ separatçılarının liderlərinə ömürlük azadlıqdan məhrum etmə və müxtəlif uzun müddətlərə həbs cəzası hökmü verməsi Ermənistanda Daşnaksütyun Partiyası və Ermənistandakı revanşist Qarabağ klanı Azərbaycanı hədələyirlər.

Onlar Bakı Hərbi Məhkəməsinin Qarabağ separatçılarının bir qrup liderlərinə ömürlük azadlıqdan məhrum etmə və müxtəlif uzun müddətlərə həbs cəzası hökmü verməsini həm ağlaşma, vay-şivənlə, həm də hədə-qorxu gəlməklə qarşılayıblar. Ermənistan mediasında yaydıqları bəyanatlarda daşnaklar Bakı ilə yanaşı Paşinyan hakimiyyətini də ittiham ediblər. 

Picture background

Azərbaycan Milli Məclisinin üzvü Aydın Hüseynov isə Musavat.com-a açıqlamasında bildirib ki, daşnakların və revanşist Qarabağ klanının hay-küyünün heç bir mənası və təsiri ola bilməz. Azərbaycanda keçirilən məhkəmə prosesi açıq, şəffaf keçib və məhkum olunan ermənilərin törətdikləri cinayətlər faktlarla sübuta yetirilib:

“Bakı Hərbi Məhkəməsinin həmin canilərə çıxardığı hökm tamamilə ədalətli, Azərbaycan qanunlarına və beynəlxalq qanunlara uyğundur. Məhkəmənin hökmü hüquqi qərar olmaqla yanaşı, həm də tarixi, siyasi və mənəvi baxımdan ədalətin növbəti təntənəsidir. Separatçı rejimin liderləri onilliklər boyu beynəlxalq hüququn bütün norma və prinsiplərini tapdalayıb, Azərbaycan Respublikasının suverenliyinə qarşı silahlı qiyam həyata keçirib, mülki əhaliyə qarşı ağır cinayətlər törədiblər. Minlərlə insanın həyatına son qoyan, yüz minlərlə vətəndaşı doğma yurd-yuvasından didərgin salan bu şəxslər illərdir özlərini “siyasi fiqur” kimi təqdim etməyə çalışsalar da, əslində beynəlxalq hüquq baxımından cinayətkar olaraq qalırdılar. Onlar nəhayət yol verdikləri insanlıq əleyhinə cinayətlərin hüquqi cəzasını aldılar. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra başlayan hüquqi proseslər göstərdi ki, dövlət yalnız hərbi sahədə deyil, hüquq müstəvisində də prinsipial və qətiyyətlidir. Məhkəmə prosesi açıq, şəffaf və hüquqi prosedurlara uyğun aparıldı. Bu da separatçı liderlərin və onların havadarlarının “qisas”, “siyasi sifariş” kimi iddialarını tam şəkildə puça çıxardı”.

Deputatın sözlərinə görə, ömürlük həbs hökmü bir daha sübut etdi ki, ağır hərbi cinayətlər, insanlığa qarşı əməllər və dövlətə qarşı silahlı üsyan cəzasız qalmır:

“Bu qərar eyni zamanda gələcək üçün ciddi mesajdır: Azərbaycan Respublikasına qarşı istənilən separatçı cəhd hüquqi müstəvidə qaçılmaz şəkildə cavablandırılacaq. Eyni zamanda Azərbaycanın qətiyyəti və qatillərə törətdikləri əməllərə görə hökmün çıxarılması hazırda Ermənistanda azadlıqda gəzən Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi əli Azərbaycan xalqının qanına bulaşmış müharibə cinayətkarlarına, eləcə də bütün revanşizm hissi ilə yaşayanlara, daşnaklara dərs olmalıdır. Onlar bilsinlər ki, Azərbaycan onlara gec-tez törətdikləri cinayətlərin cəzasını kəsəcək. 5 fevralda Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm bunun bariz sübutudur”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR