İnsanlara hürriyət, millətlərə istiqlal!

Bunun ciddi siyasi nəticələri olacaq! SƏRT REAKSİYA

1049 09.12.2025 17:05 Siyasət A A

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Ermənistan arasında dekabrın 2-də Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclası nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədini şərh edib.

Nazirliyin rəsmi bəyanatında qeyd edilib ki, sənəd post-münaqişə dövründəki reallıqları təhrif edən və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan məsələləri prioritetləşdirir. SİTAT: “Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir”.

Xüsusilə, Qarabağ ermənilərinin “statusu”, Azərbaycana qarşı irəli sürülmüş məhkəmə iddiaları, TRIPP layihəsinə istinad olunmaması, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyəti və hərbi məsələlər Azərbaycan üçün qəbuledilməzdir. Rəsmi Bakı bu müddəaların sülh prosesinə zidd olduğuna diqqət çəkir və Aİ ilə Ermənistanın zəruri addımlar atmasını gözləyir.

MİRZEBEY.jpeg (77 KB)

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a şərhində Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində qeyd olunan iddiaları bölgədə sülh prosesinin pozulmasına yönəlmiş təxribat kimi dəyərləndirib.

Deputatın fikrincə, bu prosesin içində təkcə Aİ-nin deyil, paralel olaraq, Ermənistan hakimiyyətinin riyakarlığı, simasızlığı dayanır:

“Ermənistan Vaşinqtonda üzərinə öhdəliklər götürüb. İndiki şəraitdə Aİ-nin çox güman ki, rəsmi İrəvanın istəyi ilə Azərbaycana qarşı iddialar irəli sürməsini qəbul etməsi, belə bir sənədə imza atması Ermənistan tərəfinin Vaşinqton prosesinin əleyhinə çıxış etməsi kimi qiymətləndirilməlidir. Ermənistan bu dəfə də, ənənəvi qaydada bu günə qədər nümayiş etdirdiyi davranışlara uyğun olaraq, ABŞ-nin sülhyaradıcı yanaşmasını faktiki olaraq, Aİ-nin iddialarına satdı. Təbii ki, bunun nəticələri olacaq və nəticələr təkcə, Azərbaycan tərəfindən qiymətləndirilməyəcək. İndiki şəraitdə xüsusilə, Donald Trampın sülh prosesi ilə bağlı həm Azərbaycana, həm də Ermənistana ünvanlandığı məktubdan sonra Ermənistanın xəyanət xarakterli addımının fərqli formada dəyərləndirilməsinə ehtiyac yoxdur.

Eyni zamanda sənəddə TRIPP yolunun deyil, Ermənistanın uydurma iddiaları ilə ortaya çıxan və reallığı əks etdirməyən, Azərbaycanın kommunikasiyalarından asılı olan “sülh kəsişməsi” adlı cəfəng layihənin dəstəklənməsi istiqamətində məqamların yer alması Vaşinqtonun sülhyaratma missiyasına, həmçinin, kommunikasiyaların açılması istiqamətində sərgilədiyi mövqeyə qarşı Ermənistan və Aİ tərəfindən nümayiş etdirilən davranışdır”.

E.Mirzəbəyli hesab edir ki, bunun ciddi siyasi nəticələri olacaq:

“Azərbaycan regionun açaq dövlətidir. Bölgədə iqtisadi fəallıq, mövcud olan kommunikasiyalar, gələcəkdə yeni kommunikasiyaların açılması, Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında kommunikasiyaların qurulması, Orta Dəhliz, onun ayrı-ayrı marşrutlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində atılan və atılacaq addımlar qənaətimə görə, Azərbaycanın regionun güclü və əvəzolunmaz oyunçusu olduğunu sübuta yetirir. Bu proses Aİ-nin iddialarının Avrasiya məkanında önəmli bölgədə küncə sıxılmasına zəmin yaradacaq. Bu qəbildən olan davranışlar sülhə, əməkdaşlığa, əmin-amanlığa xidmət etmir, təxribat xarakterlidir. Bu ritorika ilə nə Aİ, nə də onunla eyni mövqeyi bölüşənlər Cənubi Qafqazda heç nə əldə edə bilməyəcəklər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR