İnsanlara hürriyət, millətlərə istiqlal!

ÇALXALANAN Suriya ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI - “Ciddi addım atılıb”

683 19.01.2026 12:42 Gündəm A A

Suriyada keçid dövrünün prezidenti Əhməd əş-Şaraanın əsasını kürd silahlı birləşmələrinin təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə atəşkəs və qruplaşmanın dövlət institutlarına tam inteqrasiyasını nəzərdə tutan saziş imzalaması bu ölkədəki kürd probleminin həlli istiqamətində ciddi addım kimi qiymətləndirilir.

fda3b7d6b75ba1747d01996bbde4993b.jpg (53 KB)

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, son günlər Suriyada kürdlərlə bağlı baş verən proseslər - xüsusilə Suriya hökuməti ilə kürd-liderli Suriya Demokratik Qüvvələri arasında müharibə zonasından siyasi müqaviləyə doğru keçid - müəyyən dərəcədə “kürd probleminin” həllinə yönəlik önəmli addımlar kimi qiymətləndirilə bilər, amma tam və yekun həll sayılmır:

“Bu, uzun müddət davam edən silahlı qarşıdurmanın müvəqqəti dayandırılması baxımından böyük addımdır və “kürd problemi”nin ilkin siyasi həll istiqamətidir. Razılaşmada SDQ döyüşçülərinin və inzibati strukturlarının Suriya dövlətinin tərkibinə qatılması nəzərdə tutulur. Belə bir inteqrasiya modelinin işləməsi, əgər effektiv olsa, Suriya ərazisində kürdlərə məxsus silahlı strukturun “özünütəyin etmə” xarakterini azalda və onu milli səviyyədə tanınan hüquqi formaya sala bilər. Suriya prezidenti qərar qəbul edərək kürdlərə tam vətəndaşlıq verilməsi, kürd dilinin milli dil kimi tanınması və Novruz bayramının rəsmi bayram elan olunması kimi addımlar atıb ki, bu da uzun illərdir davam edən identik problemlərə birbaşa cavabdır. Lakin kürdlər bu addımların yetərli olmadığını və fərmanlarla yox, daha möhkəm konstitusion təminatlarla təmin edilməsini tələb edir. Ona görə də Suriyada kürd məsələsi həll tam həll olunmuş sayıla bilməz”.

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Suriya ordusunun ölkənin şimal-şərqini nəzarətə götürməsi, şəhər və qəsəbələri arda-arda YPG/SDQ qruplaşmasından azad etməsi böyük regional hadisədir. Bu həm Suriya lideri Əhməd əş-Şaraa, həm də Türkiyənin uğurudur:

“Suriyada vətəndaş müharibəsi başladıqda bundan istifadə edən PKK-ya bağlı terrorçu qruplar Suriyanın şimal-şərqini işğal etmişdi. Bu, Türkiyəni ciddi narahat edirdi. Çünki YPG və PYD Türkiyəyə sərhəd əraziləri də ələ keçirmişdi. Türkiyə məhz sərhəd əraziləri terrorçulardan azad etmək üçün Suriya ərazisində bir neçə hərbi əməliyyat həyata keçirdi. Artıq Suriya ordusu su, elektrik və neft yataqlarını da nəzarətə götürüb. Bununla SDQ gəlir imkanlarını itirdi və maliyyə resursları olmadan Dəməşqdən böyük muxtariyyət tələb edə bilməyəcək. Bundan sonra SDQ ya təslim olmalı, ya da əvvəlki razılaşmaya əsasən Suriya ordusunun tərkibinə qatılmalıdır. Suriyada SDQ amilinin ortadan qaldırılması PKK-nın da təslim olması prosesini sürətləndirməlidir”.

Qeyd edək ki, razılaşmaya əsasən, tərəflər bütün cəbhə və təmas xətlərində atəşi dayandırır; təşkilatın bütün üzvləri Fərat çayının şərqinə çəkilir; Deyr əz-Zor və Rəqqa vilayətlərində inzibati və hərbi nəzarət dərhal Suriya hökumətinə ötürülür; SDF-in nəzarətində olan Həsəkə vilayətindəki bütün mülki qurumlar Suriya dövlət strukturlarına və inzibati idarəetməyə inteqrasiya olunur. SDF-in rəhbəri Mazlum Abdi inteqrasiya ilə bağlı sazişi şərh edərkən bildirib ki, “Suriya Demokratik Qüvvələri” Dəməşqlə razılaşmanı “qan tökülməsini dayandırmaq və bölgəni qorumaq” məqsədilə qəbul edib. O qeyd edib ki, sazişin detalları üzərində işi yekunlaşdırmaq üçün Dəməşqə səfər edəcək.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR