İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya səfər edəcək. Bu haqda “AİA Global” məlumat yayıb. Səfərin bir gün davam edəcəyi bildirilir.
Qeyd edilib ki, Gideon Saar Bakıda bir sıra görüşlər keçirəcək, Azərbaycanın xarici işlər naziri ilə danışıqlar aparacaq. O, bundan sonra Qazaxıstana gedəcək.
Qeyd edək ki, ötən il noyabr ayında İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətində olduğunu açıqlayıb.
Yəhudi nazir Bakıya bir günlük niyə gəlir? İranda hadisələrin gərgin vaxtında ölkəmizə səfəri hansı məqsədi daşıya bilər?
“Səfərin İranla bağlı olduğunu düşünmürəm. Sadəcə, regional bir ziyarətdir. Çünki nazir Qazaxıstana da gedəcək. İsrail baş naziri bölgəyə gələ bilmədiyi üçün xarici işlər naziri səviyyəsində tərəfdaş ölkələrlə danışıqlar aparır”. Bu sözləri Musavat.com-a professor Qabil Hüseynli deyib. Onun sözlərinə görə, yəhudi nazirin Qazaxıstana səfəri isə bu ölkənin İbrahim sazişlərinə qoşulması ilə bağlıdır. Bakıda keçiriləcək görüşdə də eyni mövzunun müzakirə ediləcəyini gözləyirəm. ABŞ Azərbaycanın da bu sazişə qoşulmasını istəyir. Lakin rəsmi Bakı Türkiyə və İran faktorlarını hələlik nəzərə almaqdadır”.

Q.Hüseynli hesab edir ki, yaxın gələcəkdə Azərbaycanın bu sazişə qoşulması istisna deyil: “Benyamin Netanyahu Qazaxıstanın İbrahim Sazişlərinə qoşulmaq qərarına görə Qasım-Jomart Tokayevə dərin minnətdarlığını qeyd edib. Bu barədə telefon danışığında bildirib. Ona görə naziri Qazaxıstana səfəri təəccüblü deyil. Azərbaycandan da gözlənti var. Amma müttəfiq Türkiyənin İsraillə gərginliyini nəzərdən qaçıra bilmərik. Həmçinin İranda hadisələr qaynardır. Belə vaxtda Azərbaycan qərar verməyə tələsmir”.

Xatırladaq ki, ötən il ABŞ-ın 50-dən çox yəhudi ravvini “İbrahim razılaşması”nın genişləndirilməsi və türk dövlətlərinin (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət edib. Eyni zamanda artıq bir müddətdir Azərbaycanın “İbrahim sazişi” çərçivəsinə qoşulacağı müzakirə edilir.
“İbrahim razılaşmaları” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Sənədin adı da ona görə İbrahim seçilib ki, həzrət İbrahim (ə) ərəb və yəhudilərin atası hesab olunur. İslam dininə görə, ərəblər Həzrət İbrahimin oğlu İsmailin, yəhudilər isə İshaqın soyundan gələnlərdir. Yəni İbrahim sazişi ərəb və yəhudiləri barışdırmağa hesablanıb.
Emil Salamoğlu
Musavat.com






