Kreml rəsmisi Dmitri Peskov bildirib ki, Cenevrə danışıqları Əbu-Dabidəki əvvəlki görüşlərdən həm əhatə dairəsi, həm də nümayəndə heyətinin tərkibi ilə kəskin fərqlənəcək. Ən mühüm məqam isə budur ki, artıq sadəcə təhlükəsizlik deyil, "ərazi məsələləri" də rəsmən gündəliyə daxil edilib.
Rusiyanın Cenevrə "desantı": Kimlər gəlir?
Moskva danışıqların səviyyəsini artıraraq heyəti genişləndirib. Nümayəndə heyətindəki əsas fiqurlar bunlardır:
Vladimir Medinski: Rusiya heyətinin başçısı statusunu qoruyur. Onun qayıdışı danışıqların sırf hərbi-təhlükəsizlik müstəvisindən siyasi-hüquqi müstəviyə keçdiyini göstərir.
Mixail Qaluzin: Xarici işlər nazirinin müavini, postsovet məkanı üzrə mütəxəssis.
İqor Kostyukov: Baş Qərargahın Baş İdarəsinin (QRU) rəhbəri – cəbhədəki real vəziyyət və hərbi balansın təminatçısıdır.
Kirill Dmitriyev: Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri. O, ABŞ ilə iqtisadi əməkdaşlıq üzrə işçi qrupu çərçivəsində iqtisadi-maliyyə təmasları üçün Cenevrəyə uçur.
Putin tərəfindən verilən "Gizli Təlimatlar"
Peskov vurğulayıb ki, nümayəndə heyəti yola düşməzdən əvvəl şəxsən prezident Vladimir Putindən detallı təlimatlar alır. Bu, Moskvanın danışıqlarda konkret və qəti mövqe nümayiş etdirəcəyindən xəbər verir. Xatırladaq ki, Ukrayna tərəfi və Qərb bu danışıqların "ərazi güzəşti" fonunda keçməməsi üçün təzyiqləri davam etdirir.
Musavat.com






