2025-ci il Azərbaycan–Ermənistan sülh prosesi üçün həqiqət anına çevrildi. Sülh artıq diplomatik formula olmaqdan çıxdı və tam şəkildə yayınmaq mümkün olmayan siyasi seçimə çevrildi.
Bu seçim asimmetrik, sərt və narahatedici oldu — ilk növbədə illərlə münaqişə, xarici zəmanətlər və özünüaldatma hesabına mövcud olanlar üçün. İlin əsas nəticəsi sadədir: sülh illüziyaların bitdiyi və reallığın qəbul edildiyi yerdə başlayır.
Azərbaycan 2025-ci ildə məhz bu anlayışdan çıxış edərək hərəkət etdi. Bərpa olunmuş ərazi bütövlüyü müzakirə predmeti kimi deyil, beynəlxalq hüququn faktı kimi təsbit olundu. Sülh güzəştlər müqabilində deyil, kommunikasiyalar, iqtisadiyyat və təhlükəsizlik üzərindən yeni regional model kimi təklif edildi. Bu, reallıqla alver etməyən və strategiyanı ritorika ilə əvəz etməyən qalibin siyasəti idi.

Ermənistan isə sülhə doğru hərəkətə daxili inamla deyil, alternativlərin olmaması səbəbindən başladı. Revanshizm öz dağıdıcı mahiyyətini qəti şəkildə nümayiş etdirdi. Lakin müharibədən imtina keçmişlə tam qopma ilə müşayiət olunmadı. İkili siqnallar, qərarların uzadılması və zəif mövqenin diplomatik manevr qabiliyyəti ilə kompensasiya olunmasına cəhdlər yeni şəraitdə köhnə taktikanın davamına çevrildi. Bu destruktivliyin səbəbləri həm daxili parçalanmada və diaspor təzyiqində, həm də Rusiyadan obyektiv asılılıqda və siyasi məsuliyyətdən qorxuda yatır.
Zəngəzur dəhlizi bütün iştirakçıların səmimiyyətinin lakmus kağızına çevrildi. Azərbaycan üçün bu, suverenlik və regional inteqrasiya məntiqidir. Ermənistan üçün — izolyasiyadan çıxmaq üçün real şansdır. Lakin Rusiya və İran üçün — nəzarətin itirilməsi təhlükəsidir. Məhz buna görə onların 2025-ci ildəki mövqeyi obyektiv olaraq sülhə deyil, idarə olunan qeyri-sabitliyin qorunmasına xidmət etdi.

Bu prosesdə Avropa İttifaqı xüsusi yer tutdu. Sülhə dəstəyi bəyan edən Brüssel fəaliyyətini ikili standartlar prizmasından davam etdirdi. Aİ ilə Ermənistan arasında imzalanmış genişhəcmli sənəd Bakıda siyasi siqnal kimi qəbul olundu: Ermənistan nəticəsiz prosesə görə təşviq edilir, Azərbaycan isə beynəlxalq hüquq və münaqişənin real nəticələri nəzərə alınmadan öyrədilməyə davam olunur. Bu cür seçici əxlaq sülhü yaxınlaşdırmadı, lakin Aİ-yə vasitəçi kimi etimadı ciddi şəkildə sarsıtdı.
Bu fonda ABŞ ən praqmatik xarici oyunçu kimi göründü. Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Prezident Tramp arasında keçirilən görüş göstərdi ki, Vaşinqton Cənubi Qafqazda sülhü nə humanitar jest, nə də narrativlərin rəqabəti kimi deyil, aydınlıq və real güc balansının qəbulunu tələb edən strateji aktiv kimi dəyərləndirir.

2026-cı il həlledici olacaq. Risklər qalır — Ermənistanda daxili siyasi qeyri-sabitlikdən tutmuş xarici sabotaja qədər. Lakin keçmişə dönüş artıq yoxdur. Sülh sərt, asimmetrik və narahat olacaq. Və məhz buna görə — dayanıqlı. Sülhün reallığı ondan ibarətdir ki, o artıq emosiyalar, illüziyalar və seçici əxlaq üzərində qurula bilməz. O, yalnız rasional seçim kimi mümkündür — dövlətlər, elitalar və vasitəçilər üçün. Henri Kissincerin dediyi kimi: “Tərəflər bir-birinin reallığını tanımaqdan imtina etdikləri yerdə sülh mümkün deyil”.

Ramiz Yunus,
politologiya üzrə professor
“Xəzər” Beynəlxalq Universiteti






