“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin həm hüquqi, həm də siyasi-iqtisadi əsaslarını formalaşdırmağı bacaran, dövlətin funksionallığını təmin edən, dövlət quruculuğu üçün lazım olan ideoloji komponentləri müəyyələşdirən böyük ideoloq, dövlət qurucusu və tarixi şəxsiyyətdir. 90-cı illərin əvvəllərində Azərbaycanda müstəqillik elan edilsə də, dövlətin funksional institut kimi formalaşdırılması problem olaraq qalırdı. Bunlar isə dövlətin qurulmasını təmin edən sosial bazanı sarsıdırdı. Beləliklə, müxtəlif cəbhələrdən ölkəmizə yad ideologiyalar daxil olurdu”.
Bunu Musavat.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu ideologiyaların bir qismi etnik separatçılığa əsaslanırdı. Başqa bir ideologiya isə dini-məzhəbi əsaslara istiqamətlənmişdi, bütün bunlar milli və mənəvi birliyi kökündən sarsıdırdı:
“Bütün bu komponentlərin hamısı dövlətin mövcudluğunu təhlükə altına atırdı. Sosiologiya izah edir ki, hər bir dövlətin ərazisində yaşayan cəmiyyət üzvlərinin ortaq milli ideologiyası olmalıdır və bu, dövlətçiliyə əsaslanmalıdır. Cəmiyyətdə hər kəsin bölüşdüyü ortaq dəyərlər olmalıdır. 90-cı illərin əvvəllərində Azərbaycan bunlardan məhrum edilmişdi. Ona görə də ərazimiz işğala məruz qaldı. Xalqın enerjisi milli dövləti qoruyan milli immunitetə çevrilmirdi. Belə bir mərhələdə Heydər Əliyevin hakimiyyətə gəlməsi milli dövlət quruculuğu prosesinin başlanğıcı oldu. Bundan sonra ölkədə konstitusiya yarandı və dövlətimizin hüquqi, siyasi, iqtisadi əsasları formalaşdı. Milli dövlətçiliyimizin təməlləri qoyuldu. Ancaq təəssüf ki, həmin dövrdə AXC-Müsavat cütlüyü siyasi sistemi eqoistcəsinə inhisara alaraq bütün milli siyasi sistemi özlərinin siyasi hakimiyyətini təmin edən vasitəyə çevirməyə çalışırdılar. Onlar Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin qarşısını almaq üçün bütün vasitələrə əl atırdılar, eyni zamanda bununla da xalq və lider arasında bütün körpüləri yandırmağa çalışırdılar. Ancaq bu baş tutmadı. Xalqın iradəsi qarşısında heç kim tab gətirə bilməz”.

Millət vəkili qeyd edib ki, dövlətin idarə edilməsində ən vacib məqamlardan biri də kadr siyasətidir:
“AXC-Müsavat dövründə təsadüfi adamlar çox mühüm strateji vəzifələrə təyin olunurdular. Məsələn, riyaziyyat müəlliminin müdafiə naziri təyin olunması Şuşanın işğalı ilə nəticələndi. Adi bir mühəndis olan Surət Hüseynovun prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin edilməsi, ona Milli Qəhrəman adı verilməsi Qarabağın işğalı ilə nəticələndi. Bu da öz növbəsində 30 illik məşəqqəti yaşatdı bizə.
Heydər Əliyev isə Qarabağın geri qaytarılması ilə bağlı beynəlxalq təşkilatlarda hüquqi əsasları möhkəmləndirməyi bacardı. Bunlardan biri də Lissabon sammiti idi. Avropa ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməyə çalışırdılar. Heydər Əliyev isə Lissabon sammitinin yekun qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirməyi bacardı. Onun təməlini qoyduğu bu siyasət zaman keçdikcə və beynəlxalq münasibətlərdə yeni keyfiyyət dəyişikliyi baş verdikcə Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirildi. Yeni tarixi mərhələdə hərbi sənaye və iqtisadi imkanlar artdı. Güclü ordu yaradıldı və bütün bunların hamısının imtahanı 44 günlük müharibədə oldu.

Biz gördük ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasət nə qədər doğru imiş. Prezident İlham Əliyevin fəaliyyəti nə qədər məqsədyönlü və əsaslı imiş ki, ölkəmizə köçürülmüş ermənilərin könüllü şəkildə çıxıb getməsinə şahidlik etdik. Bu, möcüzə idi. 44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatından sonra Azərbaycan xalqının siyasi şüuru yeni mərhələyə transformasiya oldu. Xalqı və dövləti böyük qələbələr, böyük faciələr birləşdirir. Biz faciə dövrümüzdə Heydər Əliyevin ətrafında birləşdik, qələbə dövrümüzdə isə Ali Baş Komandanın ətrafında birliyimiz möhkəmləndi”.
Şahanə Rəhimli
Musavat.com






