Bir neçə gün sonra dünya 2026-cı ili qarşılayacaq. Artıq bir çox ölkələrdə insanlar indidən bayrama hazırlaşmağa çalışır.
O da məlumdur ki, Yeni il dünyanın hər yerində fərqli rənglər, fərqli inanclar və maraqlı adətlərlə qeyd olunur. Hər xalq bu gecəyə öz dünyagörüşü, tarixi yaddaşı və mədəni kodları prizmasından yanaşır. Bəziləri yeni ilə səs-küylə, bəziləri sükutla, bəziləri isə simvolik rituallarla qədəm qoyur.
Dünyanın müxtəlif ölkələrində Yeni ilin necə qarşılandığına nəzər salaq.
Fransada Yeni il axşamı uşaqların ən böyük sevinci Şaxta baba - Per Noel (Noel ata) ilə bağlıdır. O, gecə saatlarında evlərin balaca sakinlərinin başmaqlarına və ya xüsusi asılmış corablarına hədiyyələr qoyur. Ümumilikdə, Fransada Yeni il bayramının ən maraqlı və gözlənilən tərəfi məhz hədiyyə mübadiləsidir. Lakin fransız cəmiyyətində bu məsələdə olduqca incə etik qaydalar mövcuddur. Məsələn, Yeni il ərəfəsində qadının öz həyat yoldaşından başqa bir kişidən ətir hədiyyə alması xoş qarşılanmır və bu, etik baxımdan uyğun hesab edilmir. Bu da fransızların bayram ənənələrində incəlik, nəzakət və sosial məsafəyə verdiyi önəmi açıq şəkildə göstərir.
Yaponiyada Yeni ilin simvolu Kadomaçu ağacıdır. Küknar və bambukun calağından yaranan bu ağac Yeni ili salamlayan rəmz hesab olunur. Yeni il daxil olarkən məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, hər zəng insandakı bir mənfi xüsusiyyəti yox edir. Evlərin qapılarına bambuk, küknar və şam budaqları bağlanır. Yeni ildə ən çox verilən hədiyyələrdən biri avardır. Onlar inanırlar ki, avar evlərə xoşbəxtlik gətirir. Digər maraqlı adət isə arzu edilən peşənin şəklini çəkib balıncın altına qoymaqdır.
İsveçrədə Yeni il daha sakit, ailəvi və simvolik şəkildə qeyd olunur. Burada insanlar bir-birinə şam hədiyyə edirlər. Şam işığı dostluğun, istiliyin və sevincin rəmzi sayılır. Yeni il axşamı ailə başçısı - ata guya zibil atmaq bəhanəsi ilə evdən çıxır və bir qədər sonra Yul Tomten, yəni, İsveçrə Şaxta babası obrazında geri qayıdır. O, uşaqlara hədiyyələr paylayır və bu, ailə daxilində xüsusi sevinc və həyəcan yaradır.
Almanlar Yeni il gələn anda ovuclarında metal pul sıxaraq birlikdə tullanırlar. Onlar inanırlar ki, bu ritual yeni ildə bolluq və maddi bərəkət gətirəcək.
İtaliyada Yeni il səs-küysüz təsəvvür edilmir. Bu ölkədə uşaqların Şaxta babası deyil, Şaxta nənəsi - Befana var. İtalyanlar Yeni ili bərkdən qışqıraraq, səs-küylə, emosiyalarını gizlətmədən qarşılayırlar. Ümumiyyətlə, ucadan danışmaq italyanlar üçün adi haldır, lakin Yeni il gecəsi onlar öz səslərinə tam mənada “azadlıq” verirlər. Bununla da köhnə illə vidalaşdıqlarına inanırlar. İtaliyada ən maraqlı adətlərdən biri isə köhnə əşyaların pəncərədən çölə atılmasıdır. Yeni il ərəfəsində insanlar artıq istifadəsiz qalan, köhnəlmiş əşyalarını evdən uzaqlaşdırırlar. İnanılır ki, Yeni ilə yalnız yüngülləşmiş ruh və təmiz düşüncə ilə girmək lazımdır.
İspaniyada Yeni il gecəsi insanlar şəhərin mərkəzi meydanlarına toplaşaraq saatın zərbələri altında üzüm yeyirlər. Adətə görə, hər kəs müəyyən vaxt ərzində 12 üzüm dənəsi yeməlidir. Hər üzüm yeni ilin bir ayını simvolizə edir və bu ritual uğur gətirməlidir.
Böyük Britaniyada Yeni il gecəsi evdə ideal təmizlik və qayda-qanun hökm sürməlidir. Gecə yarısı ailə başçısı evin bütün qapılarını geniş açaraq köhnə ilin çıxmasına və yeni ilin daxil olmasına şərait yaradır. Daha sonra qapılar bağlanır və evə ilk daxil olacaq qonaq həyəcanla gözlənilir. İnanca görə, ilin necə keçəcəyi məhz həmin qonağın görkəmindən və xüsusiyyətlərindən asılıdır. Qadınlar, sarışınlar və əsmərlər arzuolunan qonaqlar sayılmır. Ən uğurlu qonaq isə kürən kişi hesab olunur. Əgər qapıdan çatmaqaş biri daxil olarsa, dərhal ehtiyat tədbirləri görülür: ocağa duz atılır, qapıdan xaç asılır. Qonaq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, ailə ocağı yeni ildə daha gur yansın.
Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta babası - Youlupukkıdir. O, uşaqların sevimli obrazıdır və Yeni il gecəsinin əsas simvoluna çevrilib.
Argentinada Yeni il günü evlərdəki bütün lazımsız kağızlar – qəzetlər, jurnallar, köhnə təqvimlər və sənədlər pəncərədən çölə atılır. Bu adət təkcə köhnə ildən qurtuluş deyil, həm də stressdən azad olmağın simvolu sayılır.
Soyuq Skandinaviya xalqı olan isveçlilər isə Yeni il gecəsi qonşularının qapısı ağzında qab-qacaq sındırırlar. Bu, dostluğun və xoş niyyətin göstəricisi hesab olunur.
Ekvadorda yerli sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayır və onları məhəllələrdə yandırırlar. Bu kuklalar köhnə ili, pis xatirələri və uğursuzluqları təmsil edir. Yandırılma mərasimi ilə insanlar yeni ilə təmiz ruhla daxil olduqlarına inanırlar.
Kubada Yeni il gecəsi hər kəs evdəki qab-qacağı su ilə doldurur. Saat 12-də həmin sular pəncərələrdən çölə axıdılır. İnanılır ki, bununla yeni il su kimi axar və aydın olacaq. Paralel olaraq, kubalılar da 12 üzüm dənəsi yeyir, daha sonra fişəng və məşəllərlə küçələrdə rəqs edirlər.
Xalidə Gəray
Musavat.com






