Birləşmiş Ərəb Əmirliklərində hava limanlarında baş vermiş insidentlər nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
Musavat.com “Sky News”a istinadla xəbər verir ki, hadisələrin İranın gecə saatlarında həyata keçirdiyi ehtimal olunan raket hücumu fonunda baş verdiyi güman edilir. Əbu-Dabidə yerləşən Zayed Beynəlxalq Hava Limanının “X” sosial şəbəkəsində yaydığı açıqlamaya görə, insident nəticəsində bir Asiya vətəndaşı həyatını itirib, yeddi nəfər yaralanıb. Rəsmi qurum hadisənin səbəbi barədə məlumat verməyib və ictimaiyyəti təsdiqlənməmiş xəbərləri yaymamağa çağırıb.
Dubay Beynəlxalq Hava Limanında isə terminalın keçid hissəsində cüzi zərər qeydə alınıb. Şəhərin media ofisinin məlumatına əsasən, dörd əməkdaş xəsarət alıb.
ABŞ-ın İrana qarşı raket zərbələrindən və regiondakı Amerika bazalarına yönəlmiş cavab hücumlarından sonra Yaxın Şərqdə bir sıra uçuşlar ləğv edilib. BƏƏ, Qətər, İsrail və Bəhreyn istiqamətlərinə uçuşlarda fasilələr yaranıb.
Təhlükəsizlik məqsədilə şənbə günü hər iki hava limanında reyslər müvəqqəti dayandırılıb. Uçuşların bu gün də pozulacağı gözlənilir.
Musavat.com






