Cəbhədə baş verən son proseslər Ukraynanın taktikasında mühüm dəyişiklik olduğunu göstərir.
Musavat.com xəbər verir ki, ukraynalı hərbi ekspert Yuri Kovalenko Starlink sisteminin deaktiv edilməsinin rus qoşunlarının rabitə imkanlarına ciddi zərbə vurduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu hazırda bu problemi aradan qaldırmaq üçün uyğunlaşmağa çalışır. Ekspert qeyd edir ki, Ukrayna Zaporoje istiqamətində əks-hücum əməliyyatları həyata keçirərək müəyyən irəliləyişlər əldə edib. Lakin bu əməliyyat genişmiqyaslı hücum deyil, çünki Kiyevin hazırda belə addım üçün kifayət qədər resursu yoxdur.
Kovalenko vurğulayıb ki, Rusiya qüvvələrinin ehtiyatları və manevr imkanları qalmaqdadır. Buna baxmayaraq, Ukraynanın əsas məqsədi müdafiə üçün vaxt qazanmaq, imkan yarandıqca lokal hücumlar etmək və ən başlıcası Moskvanın hücum tempini zəiflətməkdir.
Məhz bu istiqamətdə Ukrayna ciddi nəticə əldə edib və rus hücumlarının sürəti artıq aşağı salınır. Hazırkı mərhələdə bu, Kiyev üçün ən vacib uğur sayılır.
Musavat.com






