Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Prezident diqqətə çatdırıb ki, son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanıb. “Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir”,deyə ölkə başçısı vurğulaıyb.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, rəqəmsal arxitekturanın mahiyyəti sadəcə texnoloji yenilənmə deyil, dövlət və vətəndaş arasındakı münasibətlərin fundamental şəkildə yenidən qurulmasıdır: “Bu yanaşma, dövləti vətəndaşın qarşısında dayanan bir "nəzarətçi" strukturundan, onun həyatını arxa fonda asanlaşdıran bir "xidmət ekosisteminə" çevirməyi hədəfləyir. Keçid prosesinin mərkəzində dayanan əsas prinsip dövlət xidmətlərinin "görünməzliyi"dir, yəni vətəndaş bürokratik maneələrlə qarşılaşmamalı, sistem onun ehtiyaclarını öncədən müəyyən edərək xidməti proaktiv şəkildə təqdim etməlidir. Bu model, idarəetmədə insan amilindən qaynaqlanan subyektivliyi minimuma endirərək, şəffaflıq və bərabərlik prinsiplərini sistemin öz mütləq obyektivliyi ilə təmin etmək məqsədi daşıyır”.
Ekspertin sözlərinə görə, vahid platforma modelinin beynəlxalq təcrübədə ortaya qoyduğu əsas dilemma "mütləq səmərəlilik" ilə "fərdi məxfilik" arasındakı həssas balansı qorumaqdır: “Üstünlük ondan ibarətdir ki, dövlət artıq pərakəndə qurumlar şəklində deyil, vahid bir intellektual mərkəz kimi fəaliyyət göstərir və resurslarını daha doğru şəkildə bölüşdürür. Bu tip arxitekturanın uğuru yalnız sistemin sürəti ilə deyil, həm də vətəndaşın öz rəqəmsal kimliyi üzərindəki hüquqlarının nə dərəcədə toxunulmaz qalması ilə ölçülür”.
Nigar Həsənli,
Musavat.com






